\
19 Aprel 2024 - Cümə

Kəşfiyyat tapşırığını yerinə yetirərkən sol ayağını itirən qazimiz - Xəyal Qurbanov - VİDEO - FOTOLAR

Kəşfiyyat tapşırığını yerinə yetirərkən sol ayağını itirən qazimiz - Xəyal Qurbanov - VİDEO - FOTOLAR
1713baxış

44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu bütün dünyaya açıq-aşkar bəyan etdi.

II Qarabağ müharibəsinin fatehlərindən biri olan baş leytenant Xəyal Qurbanov da öz ordusu, öz xalqı, öz milli mənliyi uğrunda qəhrəmancasına vuruşub qazi mərtəbəsinə yüksəlib. O, Talış, Suqovuşan, Tonaşen və Murovətrafı ərazilərdə döyüşüb.

Çox mühüm bir tapşırığı yerinə yetirən zaman baş leytenant ağır yaralanır, lakin ayıq-sayıqlığını itirmir, düzgün qərarlar verir. Sürünərək minalı ərazidən çıxır və hospitala aparılır.
 

Xəyal Qurbanovun sözlrinə görə, Vətən müharibəsinin ən xoş xatirələrindən biri də o idi ki, Azərbaycan əsgəri xəstəxanalarda qalmaq istəmirdi,yerinin döyüş meydanı olduğunu düşünürdü.

"Düşmən isə ötən müddət ərzində işğal etdiyi torpaqlarda ancaq istehkamlar qurmaqla məşğul olub ki, Azərbaycan Ordusunun qarşısını ala bilsin. Ancaq bir şeyi unudub ki, indi Azərbaycan əsgəri və hərbi potensialı qarşısıalınmaz gücə sahibdir", - deyə qazi vurğulayır.

Əlavə edək ki, Xəyal Qurbanov Vətən Müharibəsində qəhrəmancasına döyüşdüyü üçün Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Onun bir sıra medal və fəxri fərmanlarının olması Azərbaycan zabiti kimi xidmətlərinin zənginliyini nümayiş etdirir.


Qəhrəman bir ataya sahib olmaq, hər kəsin haqqında ürəkdolusu danışdığı bir valideynin övladları olmaq isə Çingiz və Mədinə üçün ancaq fəxr duyulası bir məqamdır. Onlar ataları ilə qürur duyurlar. Bəli,biz məhz bu igidlərin sayəsində adımızı qızıl hərflərlə tarixə yazmış olduq. Ona görə də qazilərimizi tanımaq və tanıtmaq hər birimizin borcudur.

Mediapress.az