\
28 Fevral 2021 - Bazar günü

Kəmaləddin Heydərovun oğlu intiharlardan yazdı - Yaşanan stresslərin yığılıb partladığı an...

Kəmaləddin Heydərovun oğlu intiharlardan yazdı - Yaşanan stresslərin yığılıb partladığı an...
571baxış

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov son günlər cəmiyyəti narahat edən initharlar mövzusuna toxunub.

 
Mediapress.az onun intiharlarla bağlı qeydlərini təqdim edir:
 
"Çox təəssüf ki, son zamanlar ölkəmizdə intiharlar haqda xəbərlər almaqdayıq. Hər kəs öz fikrinə görə mülahizələr yürütməkdədir. İntiharların əsas səbəbi isə depressiya ola bilər.
 
Bu həyatda yaşanan stresslərin yığılıb partladığı an baş verən və bəzən nəticədə beyində kimyəvi balansın müvəqqəti pozulmasından irəli gələ bilən bir haldır. Müalicəsi mümkündür və adətən psixoloji terapiya və ya müəyyən anti-depressantlar vasitəsi ilə müalicə olunur. İntihar edən və ya buna cəhd edən şəxslərin əksəriyyəti müalicənin mümkünlüyünün olmasından ya xəbərsiz, ya kömək istəmək üçün çəkinən, ya da ki müalicə almağa həvəsi olmayacaq qədər depresiyyada olanlardır.
 
Digər tərəfdən, qəfil qorxu yaşayan, müəyyən ailəvi və ya cəmiyyət basqısı yaşamaq qorxusuna girən şəxslərin ani qərarıdır. Bu çıxılmaz görünən vəziyyətdən yeganə çıxış yolu kimi istifadə edilən qorxunc və ağla-sığmaz bir hərəkətdir. Onlara vaxtında müdaxilə olunsa, və ya özləri iradə istifadə edib peşəkar kömək istəsə bu qorxunc fikirdən yayına bilərlər. Adətən müalicə aldıqdan sonra intihar fikrini ağlından keçirənlər bunun daha sonra nə qədər yalnış bir fikir olduğuna və intiharı həyata keçirmədikləri üçün sevinən biridirlər.
 
Təqribən 3 il əvvəl bu halların qarşısını almaq köməyi məqsədi ilə məhşur yazıçı, özü də intihar cəhdi edən Mett Heyqin “Sağ Qalmaq Üçün Səbəblər” adlı kitabını azərbaycan dilinə TEAS Press olaraq tərcümə edib çap etdik. Bugün müxtəlif kitab mağazalarından əldə etmək olar. Kitabı oxuyan bir çox şəxslərin intihar fikrindən daşınmaqlarında böyük rol oynayıb. Bu haldan əziyyət çəkən şəxslərə çox məsləhət görərdim. (Bu kitabı Libraff-dan pulsuz əldə edə bilərsiniz).
 
Digər tərəfdən hesab edirəm ki, bu intiharlarda mediamızın da mənfi rolu (bəlkə də özləri bilmədən) ola bilər. Elmə məlum olan “copycat suicides” ( tərcümədə “təqlid intiharları”) deyə bir hal vardır. Kimsə intihar edir, bundan xəbər tutan intihar fikirli adamlar buna cəhd edir. Bunun qarşısını almaq üçün müxtəlif ölkələrdə intiharlarla bağlı medianın işıqlandırması üçün müəyyən şərtlər və qaydalar var. Bəzi ölkələrdə bu sərt (müəyyən istisnalar olmaqla, intihar və intihar cəhdləri haqda xəbərlərinin tirajlanmasının qadağası), bəzilərində isə daha yumuşaqdır (müəyyən intihar və intihar cəhdləri detallarına diqqətin azaldılması).
 
Məsələn, Britaniya mətbuatını izləyən biri kimi çox nadir hallarda intihar haqda xəbərlərə rast gəlirəm, halbuki statistik olaraq orada intiharlar bizdən qat-qat daha çox baş verməkdədir. Təklif edərdim ki bu məsələyə ciddi baxılsın. Heç birimiz bilməyərək, belə halların çoxalmasında rol oynamaq istəmərik. Qanunların isə yazılıb yazılmamasından asılı olmayaraq medianın belə xəbərləri tirajlamasından uzaq durmasını çox istərdim. Bu xəbərlərin populyar tirajlanması cəmiyyətimiz üçün heç bir xeyir gətirmir.
 
İntihar fikri yaşayanlara isə səbrli olmaq, ümidsizliyə qapılmamaq və dərhal peşəkar psixoloqlara müraciət etmələrini tövsiyyə edərdim.
 
Qeyd edək ki, Tale Heydər Avropa təhsilli gənc fəallardan biridir.
 
Gununsesi.info