\
24 Aprel 2024 - Çərşənbə

Mistik işıqla məşhur olan yeddinci möcüzə – AYA SOFİYA - “Müqəddəs ağıl” - FOTOLAR

Mistik işıqla məşhur olan yeddinci möcüzə – AYA SOFİYA - “Müqəddəs ağıl” - FOTOLAR
1738baxış

Türkiyədə muzeylər də, məscidlər də türk memarlığının iftixarıdır. Bu müqəddəslik incilərini Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir-bir ziyarət etdik. Başdan - başa tarix xəzinəsi, sənət zirvəsidir İstanbul. Burada gözəl baxımlı məscidlər o qədərdir ki... Onların böyük qardaşı hesab olan Aya Sofiya İstanbulun həm gündüzünə, həm də gecəsinə xüsusi bir gözəllik bəxş edir desək, yanılmarıq...

... Və gəlin etiraf edək ki, Türkiyəyə səfər zamanı Aya Sofiyanın yanından düz ötmək ən böyük səhvlərdən biri hesab oluna bilər. Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi də bunu nəzərə alıb, bir qrup azərbaycanlı jurnalistləri 86 il sonra yenidən ibadətə açılan Aya Sofya Məscidinə dəvət etdi.

Bax beləcə, içəri daxil olduqda dünyanın yeddinci möcüzəsinin varlığını dərk etdik!

AYA SOFİYA HAQQINDA:

Yunanca “Hagia Sophia”, türkcə “Aya Sofiya”, latınca “Sancta Sophia” adlandırılan bu məbəd eramızın 6-cı əsrində Konstontinopolda (indiki İstanbul)  Bizans imperatoru  I Yustinian tərəfindən tikilmişdi. “Hagia” yunan dilindən tərcümədə müqəddəs, “Sophia” isə ağıl deməkdir, məbədin adı “müqəddəs ağıl” mənasını verir.

Əvvəllər xristian patriarxal kilsəsi, daha sonra məscid, sonralar bir müddət muzey, indi isə yenidən məscid kimi fəaliyyət göstərməyə başladı. 1453-1931-ci illər ərzində məscid kimi istifadə edilən bina sonradan dünyəviləşdirildi və 1 fevral 1935-ci ildə bir muzey olaraq ictimaiyyətə açıldı. Əslində Aya Sofiya yerləşən ərazidə o zaman daha iki kilsə də tikilibmiş, lakin üsyanlar zamanı onlar dağıdılıb. Böyük günbəzi ilə məşhur olan bina Bizans arxitekturasının zirvəsi sayılır. 1520-ci ildə “Seville” kilsəsi tikilənədək, min il boyunca Aya Sofiya dünyanın ən böyük kilsəsi olub.

İçərisində müxtəlif imperatorların portretləri, ailə şəkilləri vardır. Yustiniandan sonra gələn müxtəlif imperatorlar hamısı orada divar mozaikalarına və naxışlara əlavələr etdiriblər.

Məscidə çevrilərkən onun divarlarında bəzi şəkillərin, mozaikaların üzəri suvanıb, kilsə zəngləri çıxarılıb. Binaya çöldən hündürlüyü 60 metr olan 4 minarə əlavə edilib. Muzey olduğu müddətdə isə orada həm İslam, həm xristianlığı əks etdirən xüsusiyyətlər olub.

Aya Sofiyanın tikilməsi 6 ilə başa gəlib. 989-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı Aya Sofiyanın günbəzi dağılsa da, sonradan Bizans memarları onu bərpa ediblər.

Aya Sofiyanın ən möhkəm və dərindən bərpası Sultan Əbdülməcid tərəfindən həyata keçirilib. 1847-1849-cu illərdə sultan onun təmirinə 800 işçi cəlb edib. Onun günbəz və sütunlarının yenidən tikintisini İsveçrə-İtaliya əsilli memar qardaşlar Qaspare və Qiuseppe Fossati həyata keçiriblər. Bəzi insanlar Ayasofiyanın xüsusi müalicəvi güclərə sahib olduğuna inanırlar. Məsələn, bəziləri hesab edirlər ki, üç şənbə günü binanın əsas salonundakı quyudan bir stəkan su içsəniz, xəstəlikdən qurtulacaqsınız.

Bundan başqa, Aya Sofiya ətrafında əks olunan mistik işıqla da məşhurdur.

Əlavə edək i, Aya Sofiya ibadətə açıldıqdan sonra giriş üçün pul ödənilməsi aradan qaldırılıb. Bununla da ziyarətçilərin sayı daha da artıb.

 

TÜRKİYƏ TARİXİNİN BAŞ TACI, İSTANBULUN ŞAH ƏSƏRİ – AYA SOFİYA

Bəli, Aya Sofiya Türkiyə tarixinin baş tacı, İstanbulun isə şah əsəridir. Təsadüfi deyil ki, İstanbula səfər edən turistlərin görməyə can atdığı abidələrdən biri də məhz elə buradır.

Bizlərin - azərbaycanlı jurnalistlərin səfəri ərəfəsində İstanbula qar yağsa da, yollarımızı buz bağlasa da belə, yenə də Aya Sofiyanın qapısından içəri daxil olma fürsətini əldən buraxmadıq. Avropanın bir çox ölkələrindən – İtaliya, İspanya, Hollandiya, Danimarka, Fransa və s., həmçinin Amerika və Latın Amrikasından, bir sözlə, dünyanın dörd bir tərəfindən bu əzəmətli məscidi görməyə gələnlər həsrətlə daş-divarlara baxıb doymurdular. Məhz elə onda anladıq ki, bizlər həqiqətən də dünyanın yeddi möcüzəsindən birində olduğumuz üçün şanslıyıq...

Hazırladı: Könül Aypara

Bakı-İstanbul

Mediapress.az