\
28 Mart 2024 - Cümə axşamı

“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkarlayacaq - VİDEO

“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkarlayacaq - VİDEO
1372baxış
“Azərişıq” ASC Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib.
 
Mediapress.az quruma istinadən xəbər verir ki, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.
 
"Azərişığ”ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.
 
Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.
 
Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada, əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.
 
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.