\
19 Aprel 2024 - Cümə

AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu

AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu
1810baxış

"Formula 1" üzrə Azərbaycan Qran-prisininin təşkilatçıları yarışın tarixini Türkiyə Qran-prisi ilə dəyişməkdən imtina edib.

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib. O, Azərbaycan Qran-prisindən sonra Bakıda futbol üzrə Avropa çempionatının keçiriləcəyini səbəb göstərib.

"Söhbətlər var idi, lakin hazırkı vəziyyətdə yarış uik-endinin tarixi həqiqətən də fiksə edilib. O, paytaxtdakı bütün digər tədbirlər arasında sıxılıb. Çünki Azərbaycan Qran-prisindən bir həftə sonra - iyunun 12-də Bakıda ilk oyun keçiriləcək. Ona görə də qrafik bu il çox sıxdır. Başqa illərin hansısa birində və təqvimdə yeganə idman hadisəsi olsaydı, belə varianta baxa bilərdik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya hökuməti Türkiyəni koronavirus infeksiyası üzündən "qırmızı zona"ya salıb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar. Türkiyə Qran-prisi 11 - 13 iyunda keçirilməli və təqvimdə Kanada mərhələsini əvəzləməlidir. Məhdudiyyətlər Böyük Britaniyada yerləşən yeddi komandanın əməkdaşlarına təsir edəcək.