\
28 Sentyabr 2021 - Çərşənbə axşamı

Ya Şeyx, getmək vaxtıdır!

Ya Şeyx, getmək vaxtıdır!
1245baxış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin “Ayətullah Xameneinin fətvası bizi qələbəyə çatdırdı” fikri ətrafında müzakirələr davam edərkən Şeyx yeni açıqlamalar verərək qaş düzəltmək əvəzinə göz çıxarıb. O, bir daha Türkiyə və İranı eyni eyni tərəziyə qoyub.

Paşazadə hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri M.Mücahit Küçükyılmazın “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş. Amma Xameneinin fətvası Xameneinin silahına qalib gəlib” fikrinə “gununsesi.info” saytı ilə cavab verərək Küçükyılmazı məhkəməylə hədələyib...

Şeyx ya doğrudan da Türkiyə-Azərbaycan münasibətlərinin hansı səviyyədə olmasından xəbərsizdir, ya da içindəki qərəzi qətiyyən boğa bilmir. İkinci variant daha ağlabatandır. Çünki qardaş qardaşı məhkəməyə verməz!

Ümumiyyətlə hər şey QMİ sədrinin Şuşaya səfəri zamanı özüylə birgə İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatı aparması və Şuşada Ocaqnejatın Şuşada ən başda namaz qılması ilə başladı. Sonradan QMİ açıqlama verdi ki, guya hər kəs fərdi olaraq namaz qılırmış, Ocaqnejat da orda (yəni başda) ibadət edirmiş.

Ocaqnejatın Azərbaycan xalqı üçün əziz şəhərdə - Şuşada dindarlarımızın önündə durub namaz qılması təbii olaraq cəmiyyətdə qıcıq doğurdu. Birincisi, belə “təsadüf” inandırıcı deyil. Əgər bu, təsadüfdirsə, Ocaqnejat gedib ən arxada ibadət edərdi (axı İslam sadəliyi təbliğ edir). İkincisi, bu yay Şuşada başda oturan, daha doğrusu oturdulan Ocaqnejat ağa axırıncı payızda (Vətən müharibəsi vaxtı) harda idi? Niyə təmsil etdiyi dövlətə “Ermənistana bir az az silah göndərin, həmin silalarla azərbaycanlı müsəlmanları öldürürlər” demirdi?!

Allahşükür Paşazadənin nəinki Türkiyə ilə İranı bir tərəziyə qoyması səhvdir, hətta bu iki ölkənin adını eyni cümlədə işlətməsi də günahdır. Türkiyə Prezidentindən, bütün dövlət qurumları və ictimai təşkilatlarından tutmuş yığdığı pulları Azərbaycan Ordusuna göndərən uşağa qədər hər kəs bizi dəstəklədi müharibə vaxtı. Bəs həmin vaxt hardaydı İran? Niyə səsini qaldırmırdı ki, çıxın işğal olunmuş ərazilərdən? Bəlkə iranlı jurnalistin Azərbaycan Prezidentinə təxribatçı sual verməsi idi dəstək? Bəlkə İran şirkətlərinin Qarabağda qanunsuz fəaliyyəti idi dəstək?

Türkiyə bizə Vətən müharibəsində (elə ondan əvvəl də) ən müasir silahlarını göndərmişdi. Təkcə “Bayraktar” PUA-larının adını çəkmək kifayətdir. Azərbaycan bu və digər silahlarla tarix yazdı. Özü də tariximiz fətvayla yox, oğullarımızın qanı ilə yazıldı.

Allahşükür Paşazadə ifadələrində guya Azərbaycandakı müsəlmanlar adından danışır, “ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam” deyir. Lakin müsəlman cameəsinin etimadını doğrultmur, hətta əksinə gedir. Bəlkə də özünün dediyi kimi “vicdanın nə olduğunu bilməməsi” ilə əladədardır. Ya Şeyx, ya otur nəzirini yığ, Türkiyəyə, ordumuza, milli maraqlarımıza dəymə, ya da QMİ sədrliyindən get! Qoy orda Azərbaycan dövlətini və xalqını sevən bir şəxs otursun!