\
28 Noyabr 2021 - Bazar günü

Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi barədə təklifinə aydınlıq gətirib

Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi barədə təklifinə aydınlıq gətirib
1148baxış

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi təklifi ilə bağlı açıqlama yayıb.

APA-nın məlumatına görə, komitə sədri bildirib ki, bu təklifi etməkdə məqsədi qadın əməyinə daha yüksək dəyər verilməli olduğunu çatdırmaq olub.

Deputat qeyd edib ki, müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi onu sevindirir: “Əlbəttə, "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidir" deməklə nitqimdəki arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcək. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiymət isə qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər”.

M. Quliyev onu da vurğulayıb ki, kişilərin etirazına, narahatlığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaq: “Mən o çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı. Mən təklif etmişdim ki, şəhid anası ordeni təsis edilsin, pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə (onların çoxu qadındır) dövlətin müxtəlif mükafatları verilsin, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.

İstənilən halda bu məsələlərin gündəmə gətirilməsini və müzakirə edilməsini müsbət hadisə hesab edirəm”.