\
28 Mart 2024 - Cümə axşamı

Prezident İlham Əliyev BƏƏ Prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ Prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib
1358baxış

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı verib.

Başsağlığında deyilir:

“Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Xalqının lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna xidmətləri olmuşdur.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlət başçısı Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana da başsağlığı verib.

Başsağlığında deyilir:

“Qardaşınız – böyük şəxsiyyət, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan öz xalqının sevgisini və rəğbətini qazanmışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafında onun böyük xidmətləri olmuşdur. Onun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.