\
29 Mart 2024 - Cümə

Yeni qlobal sistemdə Medianın mövqeyi: Türkiyə mediasının dezinformasiya ilə sınağı

Yeni qlobal sistemdə Medianın mövqeyi: Türkiyə mediasının dezinformasiya ilə sınağı
1737baxış
Gerçək Həyat” jurnalında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun məqaləsi yayımlanıb.


“Rəqəmsallaşmanın və yeni kommunikasiya texnologiyalarının yüksəlişi ilə internetin sürətlə yayılması qlobal səviyyədə köklü dəyişikliklərə yol açdı. Mobil tətbiqlərin həyatımızı əhatə etdiyi bu prosesdə istifadəçi mərkəzli ünsiyyət forması yeni rəqəmsal dövrün başlanmasına səbəb olub. Rəqəmsala inteqrasiya səyləri və sosial mediadan istifadə qlobal miqyasda media kartellərinin gücünü qırıb. Sosial medianın artan təsir və gücü səbəbilə siyasət və cəmiyyət sosial şəbəkələrin gündəmindən daha çox təsirlənib. Ona görə də siyasət və cəmiyyətin gündəmi sosial media gündəmi ilə iç-içədir və sosial media gündəmi artıq ictimaiyyətin gündəmdən təcrid edilə bilməz.

21-ci əsrdə qlobal kapitalist sistem 2008-ci ilin iqtisadi böhranı da başda olmaqla, bir çox sınaqlarla üzləşib. 2020-ci ildə bütün dünyanı təsiri altına alan Covid-19 epidemiyası rəqəmsal transformasiyanı sürətləndirdi, gündəlik həyatımızı və mediadan istifadə vərdişlərimizi dəyişdi.

Rəqəmsallaşma innovativ iqtisadi nizam və özünə xas mədəni ekosistem qurub. Rəqəmsallaşmanın əsas aktyoru olan sosial şəbəkələr zaman və məkandan asılı olmayaraq sosial əlaqələr qurmaq və məzmun istehsal etmək imkanlarını bütün dünyaya yaymaqdadır. Bu görüntüdə həm ənənəvi, həm də yeni media müsbət irəliləyişlərlə yanaşı böyük bir etimad problemi məsələsini də gündəmə gətirib.

İnternet xəbər mediasının ictimaiyyəti məlumatlandırmaq əvəzinə “tıklanma” yönümlü jurnalistika yanaşması nümayiş etdirməsi həqiqətin saxta görünüşlərinin ortaya çıxmasına səbəb olub. Əvvəllər əsas mediada məzmunun dəyəri reytinq və tirajla müəyyən edilirdi. Bu səbəb-nəticə əlaqəsi populyar mədəniyyətin kütlə mədəniyyətini əhatə etməsinə və hətta məhv etməsinə imkan yaradıb.

Bu günkü dövrdə isə sosial media jurnalistikası ilə yanaşı, internetdə məruz qalınan informasiya bombardmanı da ironik şəkildə həqiqəti əldə etməyi çətinləşdirib. Sosial media jurnalistikasında məzmunun dəyərini, hətta həqiqəti paylaşımların izlənmə sayı müəyyən edir. Bu vəziyyət istifadəçilərin yeni mediadan aldıqları məlumatların həqiqiliyi ilə bağlı narahatlığına səbəb olub. Dezinformasiyanın demək olar ki, bütün media vasitələrini mühasirəyə alması mediada yaşanan inam böhranının əsas səbəbidir.

Təəssüflər olsun ki, ölkəmizdə bəzi KİV-lər Türkiyənin iqtisadiyyatdan tutmuş xarici siyasətə, təhsildən terrorla mübarizəyə qədər bütün sahələrdə əldə etdiyi irəliləyişləri və uğurları görməzdən gələn, hətta bundan narahat olan bir xətdə fəaliyyət göstərir.

Türkiyənin artan qüdrətini və nüfuzunu dəyərsizləşdirməyə çalışan müxalifətin qolu olan media orqanları Türkiyəni qaralamaq məqsədi ilə dezinformasiya və qara piar siyasəti aparır.

Bu siyasətin kütləviləşdirilməsi üçün xaricdən xeyli miqdarda maliyyə vəsaitinin alındığı da məlum olub. Ona görə də qrantlarla faəliyyət göstərən media dezinformasiya yönümlü xəbərləri ilə ölkədə və beynəlxalq aləmdə qeyri-milli mövqe nümayiş etdirərək Türkiyəyə qarşı mənfi fikir və imic yaratma əməliyyatları həyata keçirir. Buna cavab olaraq Türkiyə mediası müsbət gündəm yaradaraq yerli ictimaiyyəti və beynəlxalq aləmi dəqiq, sürətli və şəffaf şəkildə məlumatlandırmalıdır. Digər tərəfdən, rəqəmsal platformalar vasitəsilə ictimaiyyətə müraciət edilərək internet xəbər mediasının tutumunun artırılması vacib ikən, sosial medianın avantajlarından faydalanaraq sosial şəbəkələr üzərindən edilən manipulyasiyalara heç vaxt güzəşt edilməməlidir.

Günümüzdə siyasət, cəmiyyət və ünsiyyət mühiti “post-həqiqət” dövrü kimi təsvir edilir.

Yaşadığımız dövrdə cəmiyyətlərin həqiqətdən uzaqlaşdığı və ya tamamilə qopduğu vurğulanır. Post-həqiqət dövründə yalan, saxta və uydurma xəbərlərlə yanaşı dezinformasiya və manipulyasiya yolu ilə əslində siyasi, mədəni və sosioloji baxımdan qarşıdurmalar və münaqişələr yaradılır. Bu prosesdə ən kritik dinamik media orqanlarıdır. Peşəkar, sosial və əxlaqi məsuliyyət şüuru ilə fəaliyyət göstərən media qurumları mühüm vəzifəni yerinə yetirir. Ancaq təəssüflər olsun ki, bəzi media qurumları məsuliyyətli media anlayışını, jurnalistin peşə və əxlaq prinsiplərini bir kənara qoyub, saxta xəbərlər və saxta məzmunlarla ictimaiyyəti çaşdırmaq, populyarlıq qazanmaq, siyasi qazanc əldə etmək məqsədilə fəaliyyət göstərirlər. Nəticə etibarilə bəzi media orqanları öz məqsəd və hədəflərinə çatmaq üçün həqiqətdən qoparaq öz hədəf auditoriyasını simulyasiya kainatına çəkir.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın “Daha Ədalətli Dünya Mümkündür” yanaşması kommunikasiya və media sahələrində də əsas prinsipimiz olmalıdır. Biz yalan və dezinformasiya zəminində yüksələn, yalnız Qərb dəyərlərinə əsaslanan media sistemini qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik. Cənab Prezidentimizin “dünya beşdən böyükdür” doktrinasında irəli sürdüyü siyasi perspektivə uyğun olaraq, media qurumlarımız yerli və milli kommunikasiya səfərbərliyinə öncülük etməlidir. 21-ci əsrin siyasi paradiqmasında dövlətlərin müstəqilliyi artıq “rəqəmsal müstəqillik”dən də keçir. Ona görə də rəqəmsal media sahəsində gələcəyə hazırlaşaraq “müəyyən edilən deyil, müəyyən edən ölkə Türkiyə” şüarını bütün media rıçaqları ilə həyata keçirməliyik. Əks halda bəzi KİV-lərin təsirinə düşən kütlələr dezinformasiya arxasınca getməyə davam edəcəklər.

Qərb mediasının bilərəkdən hazırladığı və kütləvi informasiya vasitələri ilə dünyaya yaymağa çalışdığı “İslam terroru” kimi əsassız konseptuallaşdırmalara heç vaxt fürsət verilməməlidir. Mediamız islamafobiya ilə hərtərəfli mübarizə aparmalı və bütün yanlış fikirlərə qarşı həqiqəti təmsil etməlidir. Bu mövqe həm də bütün ölkələrin media qurumlarına da nümunə olmalıdır.

Dezinformasiya yönümlü media məzmunlarında məlumat və xəbərlər təsdiqlənməyə ehtiyac duyur. Sosial media jurnalistikasında nəzarət və kontrol mexanizminin olmaması sosial şəbəkələrin asanlıqla beynəlxalq təşkilatlar, rəqib dövlətlər və terrorçu qruplar tərəfindən sui-istifadə edilməsinə şərait yaradıb. Türkiyənin bütün terror təşkilatlarına qarşı mübarizə apardığı bir vaxtda istər daxildə, istərsə də xaricdə bəzi KİV-lər Türkiyənin özünümüdafiə hüququndan istifadə etməsinə məhəl qoymayaraq dezinformasiyaya davam edir. Eləcə də ötən ilin avqust ayında yaşadığımız meşə yanğınları ilə bağlı həm daxildə, həm də xaricdə sosial media vasitəsilə ölkəmizə qarşı mütəşəkkil dezinformasiya kampaniyası aparıldı.

Beynəlxalq mediada dövlətimizə və millətimizə qarşı aparıla biləcək psixoloji müharibəyə, asimmetrik savaşa qarşı media qurumlarımız hər zaman beynəlxalq xəbər kanalları, internet xəbər saytları, ənənəvi media vasitələri, sosial media hesabları və rəqəmsal kanallarla hazır olmalıdır.

Beynəlxalq siyasətdə davam edən “ünsiyyət savaşları”nda Türkiyə mediası müdafiə xəttindən hücum sahəsinə keçməli, Türkiyənin haqlı tezislərini ölkə daxilində və xaricində bezmədən və dayanmadan texnologiyanın təqdim etdiyi bütün imkanlardan sonuna qədər istifadə edərək çatdırmağa davam etməlidir.”



Fahrettin Altun