\
6 Dekabr 2019 - Cümə

Nizami rayon sakinləri ağac qətliamının baş verəcəyindən narahatdırlar! - ARAŞDIRMA - EKSKLÜZİV - FOTOLAR

Nizami rayon sakinləri ağac qətliamının baş verəcəyindən narahatdırlar! - ARAŞDIRMA - EKSKLÜZİV - FOTOLAR
1583baxış

ŞİKAYƏT

Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb. Yaxınlıqda yaşayan sakinlərdən biri olan Aybəniz Rəfiyevanın Mediapress.az-a verdiyi məlumata görə, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parkinq tikiləcək. "Heyf, uşaqlığımızın bir xatirəsi idi..."

Bu azmış kimi üstəlik yaxınlıqdakı ağaclardan ibarət sahə də hasara alınıb. Bu da əlbəttə ki, yerli sakinlərin haqlı iradlarına, narahatçılıqlarına səbəb olan məsələdir. 

- Bizim Tofiq Abbasov 10 küçəsində tut, şam ağacları çoxdur. Artıq hasara alınıb həmin ərazi. Kəsiləcəklərindən narahatçılıq keçiririk. Küçənin sakinləri adından Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edirik! İşçilərini göndərsinlər, gəlib ağacları siyahıya alsınlar! Əks təqdirdə, Xətaidə baş verən qətliam bizim ağacların da başına gətiriləcək

ARAŞDIRMA

Aybəniz Rəfiyevanın redaksiyamıza müraciətindən sonra sakinləri narahat edən məsələ ilə bağlı araşdırmalara başladıq.

Əlbəttə ki, ilk öncə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə xanımla əlaqə saxladıq. Amma İradə xanımın başı daha önəmli məsələyə qarışmışdı (Xətai rayonunda bir gecədə, işıqları söndürüb 130 ədəd ağac qətliamı ilə bağlı məsələyə - K.A.). Şöbədə çalışan xanım bildirdi ki, 15-20 dəqiqədən sonra əlaqə saxlayaq. 

1. Bu müddət ərzində Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İlk öncə təsərrüfat şöbəsinin baş məsləhətçisi Vilayət Sadıxova vəziyyətlə bağlı açıqlama verdik. "Ağaclar hara alınır-alınsın, hasara da alınsa, ETSN-nin rəyi olmadan heç bir ağaca toxunula bilməz. Qayda belədir. İkincisi, əgər elədirsə, müraciət etsinlər, biz də nazirliyə yazaq ki, götürün nəzarətə. Üçüncü, orda elə bir hasar yoxdur axı, o xanım haranı nəzərdə tutur? Mən məsul işçi deyiləm, siz ya müavinlə əlaqə saxlayın, ya da şöbə müdiri ilə."

2. Nizami rayon icra başçısının birinci müavini Qərib Məmmədova zəng vurduq. Katibə xanım bildirdi ki, Qərib müəllim yerində yoxdur.

3. Başçının digər müavini İldırım Mehdiyevlə əlaqə saxladıq: "Sakinlər müraciət etsinlər. Amma bu mənim sahəm deyil. Mən iqtisadi məsələlər üzrə müavinəm. Siz təsərrüfat şöbəsi ilə danışın. 422-10-30. Qərib müəllimlə danışın.

4. 422-10-30-a yığdıq və məlum oldu ki, bura gözəllik salonunun nömrəsidir.

5. Nizami rayon İcra Hakimiyyətinin informasiya təminatı və təlim sektorunun müdiri Qafarov Cavidlə danışdıq və hal-hekayəti ona da anlatdıq. Müəllim diqqətlə dinlədikdən sonra, "Vətəndaşlar ərizə ilə bağlı müraciət etsinlər. Bəlkə də təhlükəsizlik baxımından əraziyə alınıb. O işlə bağlı Yaşıllaşdırma Təsərrüfatı departamentinə müraciət etsinlər. Siz həmin qurumun Nizami rayon üzrə sahə aqronomu ilə danışın".

6. Yaşıllaşdırma Təsərrüfatı departamentinin Nizami rayon üzrə aqronomu Vəliyev Kərəm: "Biz həmin ərazidəki ağacları siyahıya aldıq. Hardasa 5 gün öncə. Amma hasarı aşa bilmədik, eşikdən saydıq bir-bir. Çünki qıfıl var idi və oranı sındırıb içəri keçmə səlahiyyətimiz yoxdur. Bağlı ərazidir. Biz müraciət etmişik. İcra Hakimiyyətinə demişik. Tanımadığım bir yoldaş dedi ki, araşdırıb sizə deyəcəyik. Deyəsən, remont etmək istəyirlər. Ali təhsillisiniz yəqin ki var. Heç kəs özbaşına oranı "aqrajat" edə bilməz. Yaşıllaşdırma təsərrüfatı ağacların qulluğu ilə məşğuldur. Onlara baxır, suvarır. İndi onlarla (icra hakimiyyətini nəzərdə tutur- K.A.) əlaqə saxlayıb, sizə deyərəm. Öz idarəmizlə də danışım, sonra. Oranı kim "aqrajat" edib bilmirik, səmimi deyirik. Polis idarəsi ilə əlaqə saxlayın, Araşdırıb o adamı çıxartsınlar ortaya".

7. Nizami rayon polis idarəsi ilə də danışdıq. Ətraflı məlumat verdikdən sonra məlum oldu ki, polis təhlükəsizlik işlərinə baxır. Həmçinin, hansısa cinayət törədilibsə, yalnız o zaman müdaxilə edə bilər. Ağackəsmə anları da daxil olmaqla. 

8. Çox keçmədi ki, Nizami Rİ-nin sektor müdiri Cavid müəllim yenidən bizimlə əlaqə saxlayıb, Ekologiya nazirliyinin Nizami rayon üzrə kuratoru olan Şakir müəllimlə danışmağımızı məsləhət gördü.  Hətta nömrə də verdi. Amma Şakir müəllimin mobil nömrəsi işləmirdi. 

P.S. Artıq yarım saat keşmişdi və ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə xanımla yenidən telefon bağlantısı qurmağın vaxtı gəlib çatmışdı. İradə xanım Mediapress.az-a bildirdi ki, artıq nazirliyin əməkdaşları Nizami rayonu, Tofiq Abbasov 10 ünvanının hasara alınmış ağac problemini nəzarətə götürüb. Tezliklə ağaclar siyahıya alınacaq!

Ağaclar həyat xilas edə bilər, sizi xoşbəxt və mənəvi cəhətdən güclü edə bilərlər. Çalışın ağacların kəsilməsinə göz yummayın. 

Ulu Öndər Heydər Əliyev əbəs yerə deməyib ki, "Hərəyə bir ağac əkək"...

Hazırladı: Könül AYPARA