\
19 Mart 2024 - Çərşənbə axşamı

Akademik Musiqili Teatrın solisti Belarusiya və Ukraynada alqışlarla qarşılanıb - FOTOLAR

Akademik Musiqili Teatrın solisti Belarusiya və Ukraynada alqışlarla qarşılanıb - FOTOLAR
1443baxış

Mediapress.az xəbər verir ki, mayın 1-də Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusiya Respublikasının Xalq artisti Natalya Qaydanın 80 illiyi təntənəli yubiley mərasimi ilə qeyd olunub.

Mərasimə dəvət edilən azsaylı qonaqlar arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Respublika və Beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Nərgiz Kərimova da vardı. İstedadlı aktrisa eyni zamanda, may ayının 3-də Ukraynanın İvan-Frankovski şəhərində keçirilən, dünyanın 43-dən çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq "Карпатский простор" festivalında da ölkəmizi layiqincə təmsil edib. "Arşın mal alan" (Ü.Hacıbəyli) və "Silva" (İ.Kalman) operettalarından, həmçinin, "Sindibadın qayıdışı" rok-operesından (R.Sadirxanov) müxtəlif ariyalar ifa edən Əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb."İstər Minskdə, istərsə də İvanko-Frankovski şəhərlərində təşkil olunan tədbirlərdə ifa etdiyim opera partiyaları, xüsusi ilə də ana dilimizdə səsləndirdiyim Gülçöhrənin ariyası çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb və tamaşaçılar sürəkli alqışlarla xoş hisslərini bildirdilər. Hətta Minskdəki konsert zamanı məni müşayiət edən orkestrin üzvləri də etiraf etdilər ki, Belarusiya Akademik Musiqili Teatrının repertuarında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası var və uğurla nümayiş olunur, lakin indiyə qədər heç vaxt belə həzin, şirin və məlahətli ifanın şahidi olmamışıq. Sizin ana dilinizdə bu daha da gözəl, qəlbəyatımlı və fərqli səslənir... Ölkəmizi belə mötəbər tədbirlərdə uğurla təmsil etdiyim üçün çox məmnunam və mənə bu şəraiti yaradan doğma teatrımızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm", - deyə Nərgiz Kərimova xoş təəssüratlarını media nümayəndələri ilə bölüşüb