\
29 Mart 2024 - Cümə

Bakıdakı liseydə qəbuldan şikayət var? - Valideyn etirazı

Bakıdakı liseydə qəbuldan şikayət var? - Valideyn etirazı
2411baxış
Ölkəmizdə təhsil sahəsində fəaliyyət göstərən xarici dövlətlərin liseylərinin ölkə daxilində və xaricində müvəffəqiyyətləri danılmazdır. Həmin liseylər hər il müxtəlif yaşlarda şagird qruplarını xüsusi imtahanlar vasitəsi ilə seçir və onların beynəlxalq səviyyədə daha yaxşı təhsil almalarına şərait yaradır. Belə liseylərdən biri də Türkiyə Cumhuriyyəti Dəyanət Vəqfinin Bakı Türk Liseyidir.
Artıq neçə illərdir ki, istər fənn olimpiadalarında, istər universitetə qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər məhz bu liseyin məzunlarıdır. Yeni tətbiq edilməyə başlayan attestat imtahanlarında bu ilki tam bal toplayan iki şagırd də Dəyanət liseyinin yetirmələridir. Liseydəki təhsil səviyyəsindən, müəllimlərin şagirdlərə qayğısından, ordakı əxlaq qaydalarından bütün valideynlər razıdırlar.
Mediapress.az xəbər verir ki, bunlardan xəbərdar olan və övladlarının yaşı liseyə qəbul olmaq üçün uyğun olan bütün digər valideynlər də ciddi səy göstərirlər ki, övladları bu məktəbə qəbul olunsun. Bunun üçün ciddi məbləğlərdə vəsait xərcləyərək özəl kurslarda iştirak edir, fərdi şəkildə repetitor yanında hazırlıq məşğələlərinə gedirlər. Bu qədər böyük ölçüdə tələbi görən lisey rəhbərliyi liseyə qəbul üçün bu ildən “Hünər” kursları adı ilə hazırlıq kursu da təşkil edib. Minlərlə şagird bu kursa liseyə qəbul ola bilmək üçün tədris ilinin əvvəlindən davam edir. İmtahana artıq sayılı günlər qalıb. Şagirdlər isə son dərəcə həyəcanlıdır. Çünki üç mindən artıq şagird imtahanda iştirak edəcək ancaq onlardan sadəcə 140 nəfər liseydə tədris almağa haqq qazanacaq. Qeyd edək ki, liseyə qəbul 5-ci sinifi bitirən və 6-cı sinifə başlayan şagirdlər üçündür. Ancaq imtahana günlər qalmış valideynləri çox ciddi bir məsələ narahat edir. Bəzi fərdi araşdırmalar nəticəsində ortaya çıxıb ki, keçən tədris ilində imtahanda nəticə əldə edə bilməyən şagirdlərdən bəziləri 6-cı sinifdə oxumaqlarına baxmayaraq yenidən imtahanda iştirak etmək istəyirlər. Bu düşüncəyə əsas isə hazırlıq kurslarına, fərdi repetitor yanına gələn və sınaqlarda iştirak edən əhəmiyyətli sayda 6-cı sinif şagirdinin olmasıdır. Bundan əlavə adının hallanmasını istəməyən bəzi müəllimlər belə halların olduğundan şübhəli olduqlarını dilə gətirirlər. Maraqlısı odur ki, valideynlərin bu suallarına lisey rəhbərliyi heç bir açıqlama vermir, hətta liseyin sosial şəbəkələrdəki səhifələrinə yazılan şərhlər bayram günləri olmağına baxmayaraq dərhal silinir. Lisey direktoruna fərdi qaydada müraciət edilmiş, ancaq hər kəsin səmimiliyi və gülərüzlüyü ilə tanıdığı rəhbərlik imtahandan əvvəl heç bir addım atmayacağını, onunla görüşməyə gəlmək istəyən valideyn qrupu üçünsə “gələcəkləri varsa görəcəkləri də var” deyərək kobudcasına cavab vermişdir. Həmin səs qeydi artıq whatsapp mesajlaşma şəbəkəsində əksər valideynlər tərəfindən dinlənmişdir. Valideynlər rəhbərliyin bu tutumunu başa düşməkdə çətinlik çəkirlər. Axı neçə ildir hazırlaşan şagirdlərin haqqını tapdalamağa necə göz yummaq olar?! Belə bir fikir formalaşır ki, lisey rəhbərliyi nəticələrin hər zaman yüksək olması üçüm daha yuxarı yaşda olan şagirdlərə üstünlük verir. Onlara imtahanda iştirak etməyə haqqı olan şagirdlər yox, məhz liseyin nailiyyətlərini qarantiya altına alacaq şagirdlər maraqlıdır. Təbii ki, bunlar fərziyyədir, ancaq valideynlərin ciddi narahatçılığına səbəb olan faktlar da ortaya çıxır. Bütün valideynlər lisey rəhbərliyindən bu yöndə addım atmağını və onlara tez bir zamanda qane edici açıqlamalar verilməsini gözləyir.
 
P.S. Məsələ ilə bağlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindən KİV-ə bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.