\
29 Mart 2024 - Cümə

Rusiyanın maliyyə naziri neftin qiymətinin 40 dollardan aşağı düşəcəyini istisna etməyib

Rusiyanın maliyyə naziri neftin qiymətinin 40 dollardan aşağı düşəcəyini istisna etməyib
1336baxış

"Yayda nəyin necə olacağını bilmirik. Hər şey OPEC-in hasilatın məhdudlaşdırılması üzrə razılıq əldə edib-etməyəcəyindən asılı olacaq".

"Mediapress.az" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov deyib.

Rusiya Dövlət Dumasının Büdcə və Vergi Komitəsində çıxış edən nazir hasilatın azaldılması üzrə sazişin müddətinin artırılmayacağı təqdirdə neftin qiymətinin 40 dollar/bareldən də aşağı, təxminən 30 dollar/barelə düşə biləcəyini söyləyib.

Qeyd edək ki, OPEC ölkələri və təşkilata daxil olmayan bir sıra başqa ölkələr (OPEC+) 2016-cı ilin sonunda neft hasilatının 2016-cı ilin oktyabr ayının göstəricisindən gündəlik 1,8 milyon barel azaldılmasına razı olublar. Daha sonra 2018-ci ilin iyun ayında - ABŞ-ın İrana qarşı sərt sanksiyalarının gözlənildiyi anda qiymətlərin qəfil yüksəlməsi ilə əlaqədar hasilatın gündəlik 1 milyon barel artırılması qərara alınıb. Lakin ABŞ-ın İran neftinin alıcıları üçün gözlənilməz geniş istisnalarından sonra alyans hasilatın azaldılması sazişinə geri dönüb - 2019-cu ilin birinci yarısı üçün bu, 2018-ci ilin oktyabr ayının səviyyəsindən 1,2 milyon barel az olaraq nəzərdə tutulub. Bir sıra ölkələr üçün tətbiq edilən istisna halı mayın 2-də başa çatıb.