\
21 Oktyabr 2019 - Bazar ertəsi

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb
582baxış

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsini təmin etsin;

2.3. bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən adlı təqaüdün verilməsi qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".