\
20 Aprel 2024 - Şənbə

Aviaqəzaya düşməsəydi, daha bir Con Kennedi ABŞ prezidenti olacaqdı - FOTOLAR

Aviaqəzaya düşməsəydi, daha bir Con Kennedi ABŞ prezidenti olacaqdı - FOTOLAR
1417baxış

Dünən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin eyni ad-soyadlı oğlunun aviaqəzada ölümünün 20-ci ildönümü idi. O da prezident atası, nazir əmisi kimi gənc yaşda həyatdan gedib, qəza qurbanı olub.

Yəqin ki, nəinki ABŞ-da, eləcə də bütün dünyada Kennedilər ailəsi qədər faciəvi həyat yaşayan məşhur ailəyə nadir rast gəlinər.
1960-cı ildə, atasının prezident seçilməsindən 16 gün sonra dünyaya gələn bala Con 3 yaşı tamam olanda Dallasda sui-qəsd nəticəsində öldürülən atasını itirib.
 
Bu şəkildə o, ciddi sifətlə, böyüklərə qoşularaq hərbi salam verərkən atasını – ABŞ prezidenti Con Kennedini son mənzilə yola salır. Bu şəkil 1963-cü ilin 25 noyabrında çəkilib. Həmin gün onun 3 yaşı tamam olurdu. 3 yaşlı körpənin bu jesti milyonlarla insanı ağladıb.

Картинки по запросу john john kennedy funeral

Onun həyatının ilk üç ili Ağ Evdə, bütün ölkənin və dünyanın gözü qabağında keçib. O vaxt jurnalistlər onu “Amerika oğlu” adlandırırmışlar.

Atasını hərbi salamla son mənzilə yola salan kiçik Con Kennedi həmin gündən ta aviaqəzada həlak olduğu günə qədər bütün ABŞ xalqının sevimlisi olub. Anası Jaklin Kennedi onu sital jurnalistlərdən nə qədər qorusa da, hər halda ölkədə mərhum prezident Con Kennedinin eyni adlı kiçik oğlunun həyatına maraq böyük olub.

Daha sonra yeddi yaşı olanda o, sabiq ədliyyə naziri və baş prokuror olan, prezidentliyə iddialı əmisi Robert Kennedini itirib. 14 yaşı olanda isə onun atalığı, yunan əsilli maqnat-biznesmen Aristotel Onassis ölüb.

Bununla belə, kiçik Con Kennedinin gözündə qorxu olmayıb. O, idmanı, xüsusilə də onun ekstrim növlərini çox sevib. Con dağ xizəyi ilə məşğul olub, deltaplan idarə edib, dağ çaylarının iti axınında qayıq sürüb. Bir dəfə o, Alyaskada xizək sürməyə gedib və bir neçə gün yoxa çıxıb. Ancaq sonra heç nə olmamış kimi qayıdıb gəlib. Tək-tənha səyahətlər, hətta insandan çox ayıların olduğu yerlərə səfərlər onu qorxutmayıb.

Elitar Filipps akademiyasını bitirdikdən sonra bala Con ailə ənənəsini pozaraq Harvard universitetinə yox, Broun universitetinə daxil olub.

Prezident oğlu da siyasətdən kənarda qala bilməyib. Təkcə Kennedilər klanı yox, ABŞ-da bir çoxları kiçik Kennedinin atasının izi ilə gedəcəyini və bir zaman Ağ Evin sahibi olmasını arzulayıb.

1988-ci ildə o, Demokrat partiyasının ümummilli qurultayında çıxış edib. Sonra gənc Kennedi bir neçə il Manhetten dairə prokurorunun köməkçisi vəzifəsində çalışıb, 1990-cı illərdə isə ictimai-siyasi jurnal nəşr etməyə başlayıb. Beləcə, o, böyük siyasətdə karyera qazanmaq üçün əsaslar yaradıb.

Prezidentliyə potensial namizədə gələcək birinci ledi lazım olduğundan o, bu statusa çoxsaylı layiqli namizədlər arasından seçim edəsi olub. Onun qadın pərəstişkarları çox olub, ancaq 36 yaşlı Con, nəhayət, 1996-cı ilin payızında 30 yaşlı Kerolin Bessettlə ailə qurub.

Похожее изображение

Kerolin erkən gəncliyində model olmağa çalışan, amma uğur qazana bilməyən, sonda dəb dünyasında öz yerini tutan və Mahhettenin ən iri mağazasının marketinq üzrə direktoru olan bir qız idi.

Bu cütlük jurnalistlərin çox xoşuna gəlirdi, ancaq ailənin xarici harmoniyası daxili məzmununa uyğun gəlmirdi. Con üzdə olmağı, diqqət mərkəzinə düşməyi sevən biriydisə və bundan çox da “əziyyət” çəkmirdisə, Kerolin üçün bu həyat tərzi sıxıntı yaradırdı.

Qadın bir siyasət adamın həyat yoldaşı olaraq öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirdi, ancaq bu mühitə çətinliklə dözürdü.

1999-cu ildə cütlük hətta ailə psixoloquna müraciət edib yardım almışdı. Con dostlarına və bacısına uşaq atası olmaq istədiyini, ancaq Kerolinin buna qətiyyətlə qarşı olduğunu etiraf etmişdi. Kerolin hesab edirmiş ki, Conun içində olduğu mühit uşaq tərbiyə etməyə müsaid deyil.

Con isə başa düşürdü ki, onun ailəsindəki problemlər siyasətdəki perspektivinə maneədir. O, müsahibələrinin birində 2000-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini istisna etmədiyini vurğulamışdı.

Jaklin Kennedi oğlunun idmanın təhlükəli növlərinə meylindən heç də razı olmayıb, ancaq 1980-ci illərdə gənc Conun pilotluq təhsili aldığını biləndə dəhşətə gəlib və onu bu yoldan çəkindirməyə çalışıb. Con nəhayət anasının xətrinə aviasiyadan üz döndərib, ancaq 1994-cü ildə Jaklin Kennedi-Onassis vəfat edəndən sonra təyyarə sürməyə olan həvəsi yenidən güclənib.

1997-ci ildə o, Floridada həvəskar pilotluq təlimi keçib. 1999-cu ilin yayına qədər kiçik Con Kennedinin ümumi uçuşları 310 saat təşkil edib, bunun 55 saatını o, təyyarəni gecə vaxtı idarə edib.

1999-cu ilin mayında Kennedi “Piper Saratoga II” markalı təyyarə əldə edib və o, bu təyyarədə 36 saat uçmağa macal tapıb.
Həmin ilin 16 iyulunda Con arvadı və baldızı Lorenlə birlikdə Kolduell şəhərindəki Esseks aerportuna gəlib. Qrup buradan Martas-Vinyard adasına, Conun əmisi qızı Rori Kennedinin toyuna uçmağı planlaşdırıb.

Təyyarə uçuşa hazırlanarkən ətrafdakılar fikir verib ki, Con qoltuq ağaclarına dirənərək yeriyir. Heç demə, o, bir müddət əvvəl zədələnibmiş. Saat 20:39-da Kennedi təyyarəni havaya qaldırıb.

O, bu marşrutu yaxşı tanıyırmış. Çünki Martas-Vinyarda 17 dəfə təkbaşına uçubmuş və bunun beşində uçuşu gecə vaxtı həyata keçiribmiş.

Ancaq həmin gün təyyarə mənzil başına gəlib çıxmayıb.

Ertəsi gün ABŞ-ın informasiya məkanındakı xəbərlər buraxılışlarında kiçik Con Kennedinin yoxa çıxdığı barədə məlumatlar yayılıb.
Onun axtarışına çoxsaylı qüvvələr cəlb edilib, bununla belə, artıq çoxları xoş xəbər gözləmirmiş. Son dəfə onun təyyarəsi radar ekranlarında 21:40-da görünüb, bu zaman o, saniyədə 24 metr sürətlə aşağı enirmiş.

Təyyarənin qalıqları iyulun 20-də, sonuncu radilokasiya təması olduğu nöqtədən 3-4 yüz metr aralıda tapılıb.

Hər şey bəsit bir şəkildə baş verib. Conun gecə uçuşu təcrübəsi olsa da, həmin gecə hava buludlu olub və o, istiqaməti itirib.

Картинки по запросу мартас винъярд

Con Martas-Vinyard adasına qədər uça bilib, ancaq praktiki olaraq adanı görə bilməyib.

Nəqliyyatda təhlükəsizlik üzrə milli şuranın hesabatında bildirilib ki, pilot enişə keçməzdən əvvəl havada qövs cızarkən onun vestibulyar aparatında müvəqqəti pozulma halı yaranıb, nəticədə o, quruda və ya havada olduğunu anlamayaraq, birbaşa okeana çaxılıb.

Oğul Con Kennedi dövlət xadimi, çempion, pop-idol olmasa da, ABŞ-da onun ölümü ilə bağlı matəm elan edilib. Çünki o, “Amerka oğlu”ydu. Oğul Con Kennedinin matəm mərasimində əmisi Ted Kennedi deyib: “Atası kimi onda da hər cür istedad və vergi vardı, uzunömürlülükdən başqa”.

Bəli, bu məşum aviaqəza olmasaydı, o, böyük ehtimalla ABŞ-ın prezidenti olacaqdı. Çünki Amerikanın sevimlisiydi, həm də atasının parlaq xatirəsi onun siyasət meydanındakı yaşıl işığıydı. O zaman Aö Evin oval kabineti yəqin ki, Buş (oğul), Obama və Tramp kimi adamlara qismət olmayacaqdı

Konkret.az