\
26 Aprel 2024 - Cümə

GIZ regional layihəsini uğurla davam etdirir - Koroğlu qalasını 3 günə 2700 insan ziyarət edib - FOTOLAR

GIZ regional layihəsini uğurla davam etdirir - Koroğlu qalasını 3 günə 2700 insan ziyarət edib - FOTOLAR
1364baxış

Gəncə-Qazax bölgəsi Azərbaycanın iqtisadi və turizm sahələrinin inkişaf etdirilməsində yüksək potensiala malik olan ərazilərindəndir. Bu səbəbdən “Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsi  2016-cı il ildə Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında bağlanmış müqaviləyə əsasən reallaşıb. Layihəyə 2017-ci ilin yanvar ayından  start verilib.

Layihənin şərtlərinə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti(GIZ) qeyd olunan layihənin icrasını 2 il müddətinə başa vurmalı idi. Həmçinin İqtisadiyyat Nazirliyi layihənin əsas tərafdaşı olmaqla, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizim Nazirlikləri də layihədə çıxışı, nazirliklərin regional idarələrinin, yerli icra hakimiyyəti və bələdiyyələrin, o cümlədən özəl sektor və yerli icmaların da planlaşdırma prosesində yaxından iştirakı nəzərdə tutulurdu.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) eksperti Gülnarə Məmmədovanın verdiyi məlumata görə, layihənin əsas məqsədi regional inkişafa dəstək verməklə yerli idarəetmə qurumlarının idarəetmə və planlaşdırma bacarıqlarının artırılmasıdır. Bundan başqa, kənd təsərrüfatı və turizm sektorlarında regional inkişaf üçün yerli və regional səviyyədə dəstək vermək, yerli və regional planlaşdırma metodologiya və proseslərin tədbiqi, kənd təsərrüfatı və turizmi əlaqələndirən pilot layihələrin icrasına , yerli, regional və milli səviyyədə olan maraqlı tərəflərin bilik və bacarıqların gücləndirilməsi, çoxpilləli planlaşdırma və qərarvermə proseslərində qadınların iştirakına dəstək olmaqdır.

Layihə öz icrası müddətində əsasən 6 nəticəni  əldə etməyi hədəfləyib.

 

  1. Gəncə-Qazax iqtisadi rayonunda k/t və turizmi birləşdirən sahələrin mövcud vəziyyətinin, ehtiyac və potensialının müəyyən edilməsi;
  2. Gəncə-Qazax iqtisadi rayonunda dövlət və özəl sektorları arasında əməkdaşlığın yerli və regional səviyyələrdə təşviq olunması;
  3. Gəncə-Qazax iqtisadi  rayonunda yerli icra hakimiyyəti  orqanlarının və bələdiyyələrin institusional bacarıqlarının gücləndirilməsi;
  4. K/t və turizm sektorlarını birləşdirən sahədə və yerli inkişaf planlarına əsasən YİH-nin tədbirlər planlarına (müvafiq olduğu təqdirdə) və regionların inkişafı planı üçün töhfələrin hazırlanması;
  5. K/t və turizm sektorlarını  birləşdirən sahənin inkişafı üçün pilot tədbirlərin müvafiq tərəflərin cəlb edilməsi ilə müəyyənləşdirilməsi və icra edilməsi;
  6. Çoxpilləli planlaşdırma prosesində dövlət qurumları və digər maraqlı tərəflərin arasında  əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi və genişləndirilməsi, həmçinin regional planlaşdırma prosesində maraqlı tərəflərin iştirakının artırılması;

Planlaşdırılan nəticələrin əldə edilməsi üçün, regional İnkişaf planlarının tərtibi ilə yanaşı layihə çərçivəsində bir sıra yerli qurumların nümayəndələrinin institusional bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar, təcrübə səfərləri təşkil etməkdi. Regional inkişaf planının icrasını təşviq etmək məqsədilə yerli əhali qrupları və özəl sektorun iştirakı ilə bir sıra kiçik pilot layihələr həyata keçirmək idi.

Kənd təsərrüfatı və turizm iqtisadiyyatın şaxələnməsində aparıcı sahələr olduğundan və Gəncə-Qazax iqtisadi rayonunun hər iki sahədə böyük potensiala malik olduğunu nəzərə alaraq, layihə bu sektorların regional səviyyədə planlaşdılrılmasını qarşısına vəzifəsi kimi qoyub. Bundan başqa yerli və xarici turistləri cəlb etmək üçün nəzərdə tutulan pilot tədbirlər də var:

  • Şərab turizminin inkişafına dəstək
  • Aqro-turizm onlayn platforması
  • Yabanı bitkilərin dayanıqlı istifadəsi
  • Göldə qayıqlarla gəzinti (Xoşbulaq)
  • Qərb Əfsanələri adlı turizm marşrutu
  • Digər pilot tədbirlər seminarlar zamanı, Yerli İnkişaf Planlarının və Rayon İnkişaf Planlarının hazırlanması zamanı aşkarlanmalı idi.
  • Əsas iş  regionun diaqnostikası və yerli iş planlarının hazırlanmasıdır
  • Rayonların  sosial- iqtisadi diaqnostikası prosesi layihənin əsas fəaliyyət istiqamətlərindəndir.

 “Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsinin icrası zamanı region üzrə hər rayonun  Gəncə, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz və digər ərazilərin Yerli İnkişaf Planlarının (YİP) hazırlanması nəzərdə tutulub.  Rayonların  diaqnostikasından sonra, bu proses həyata keçirilir. Artıq bu sahədə xeyli işlər görülüb. Rayon diaqnostikası üzrə İN-in regional komandası və RİH-in nümayəndələri təlimləndirilib və  rayonların diaqnostikası ekspertlərin iştirakı  ilə bərabər aparılıb . Bu məqsədlə müvafiq maraqlı tərəflərin müəyyənləşdirilməsi və onlarla görüşlərin, təlimlərlərin təşkili, YİP-nın vətəndaşlarlarla müzakirəsi, yerli inkişaf planlarının bələdiyyə şuraları tərəfindən qəbul edilməsi, YİP-larının təsdiqi üçün  protokolun Ədliyyə Nazirliyinə göndərilməsi həyata keçirilib.  Mərkəzi səviyyədə İN regionların və dövlət proqramların inkişafı şöbəsinin əməkdaşları üçün xüsusi proqram hazırlanıb.

Həmçinin turizm və kənd təsərrüfatı(KT) üzrə işçi qrupları üçün DTA verdiyi tövsiyyələrə əsaslanan təlim proqramı və təlim səfərləri həyata keçirilib. Eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələrinin əməkdaşları üçün bacarıqların artırılması təlimlərləri bəhrəsini verib.

Layihənin icrası yekunlaşır

Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsinin zaman baxımından çox hissəsi artıq geridə qalıb. Layihənin bitməsinə aylar qalır, amma artıq hədəflənən nəticələr əldə olunub. Layihə çərçivəsində nəzərdə tutulan inzibati rayonların diaqnostikası  yekunlaşıb, yerli inkişaf planları hazırlanıb, dövlət və özəl qurumlarının iştirakı ilə təlimləndirmə işləri isə davam edir.

Rayon inkişaf planı özündə kəndlərdəki sosial-iqtisadi məsələləri də əks etdirən bələdiyyələrin hazırladıqları yerli inkişaf planlarını da ehtiva edir. Məsələn, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının inkişaf planlarına ümumilikdə 18 bələdiyyənin yerli inkişaf planları inteqrasiya edilib.

Qeyd edək ki, bələdiyyələrin yerli inkişaf planları yerli qanunvericiliyə, beynəlxalq təcrübəyə əsaslanan və Ədliyyə Nazirliyi tərəfindən qəbul olunan GIZ-in metodikası əsasında hazırlanıb.

Nəticə etiabarı ilə , dövlət qurumları və təşkilatların iştirakı ilə keçirilən silsilə seminarlarda müxtəlif təhlil metodologiyaları əsasında sosial-iqtisadi çətinliklər müəyyən edilib, problemlərin həlli yolları, bunun üçün lazım olan resurslar, müvafiq qurumların rolu, məsuliyyətləri və əməkdaşlıq imkanları vahid plan formasına salınıb.

Hər bir şəhər və ya rayonun sosial -iqtisadi təhlilinin aparılması məqsədilə xüsusi tədqiqat qrupu formalaşıb. Qrupa GIZ-in, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Tədqiqatlar İnstitutunun, yerli icra hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları daxildir. Diaqnostik təhlillər üçün baza kimi milli səviyyədə statistika, rayon səviyyəsində statistika, nazirliklərin, beynəlxalq təşkilatların hesabatlarından istifadə edilib. Əldə olunan nəticələr 25-30-a yaxın qurumun iştirakı ilə müzakirə edildikdən sonra hesabata daxil edilir və təsdiq edilməsi üçün yerli icra hakimiyyətinə verilib.

Məlumat üçün bildirək ki, diaqnostik seminarlar hər bir rayonu ayrılıqda daha yaxşı öyrənməyə, onun real inkişaf istiqamətlərini araşdırmağa imkan yaradır. Seminarlarda geniş istifadə olunan GZİT (Güclü, Zəif, İmkan və Təhlükələr) təhlili əsasında aparılan diaqnostika zamanı mütəxəssislər hər bir rayonun inkişaf planın hazırlanmasında və həyata keçirilməsində güclü-zəif tərəflərini və mövcud imkanlarını-təhlükələrini araşdırıblar.

 Layihənin iştirakçılarından  olan Dövlət Aqrar İnkişaf Mərkəzinin Baş məsləhətçisi  Eldəniz İbrahimovun verdiyi məlumata görə, layihənin icrasında kənd təsərrüfatı sahələrinin, mövcud kənd təsərrüfatındakı vəziyyət qiymətləndirilib.  Layihənin ana məqsədlərindən biri problemləri aşkarlamaq olub.  Platformanın tərkib hissəsi kimi layihə çərçivəsində Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına  təlimlər keçirilib,  layihə çərçivəsində Mərkəz üçün hədəflərə uyğun məsələlərdən ibarət hesabatlar hazırlanıb, orada  kənd təsərrüfatı, marketinq, bazarın tədqiqi kimi məsələlər əksini tapıb.

Qeyd edək ki, şəhər və ya rayon inkişaf planının hazırlanması imkan verəcək ki, hökumət birbaşa hər bir rayonun, yerli idarə orqanlarının özündən gələn təklifləri dəyərləndirərək, prioritetləri seçə bilsin və büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə, birbaşa məqsədə yönəlməsinə, üstəlik hesabatlılığın yüksəlməsinə nail olsun.

Layihə bitməmiş uğurlar var...3 günə 2700 ziyarətçi

Sözügedən layihənin gedişatındakı son vəziyyət barədə Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin(GIZ) regional koordinatoru Fariz Qarayev məlumat verib. Ekspertin sözlərinə görə, layihəyə start veriləndə hədəf yerli inkişaf planlarının hazırlanması idi. Layihə müddətində  Gəncə- Qazax regionunu əhatə edən inzibati rayonlar üzrə tərəfdaşlar arsında seminarlar, təlimlər keçirdik. Əsas istiqamətlər bu təşəbbüslər üzərində işləmək, qiymətləndimək və pilot layihə şəkilində reallaşdırmaqdı. Əsas məqsəd hamının bir platformada çıxış etməsi, fəaliyyətinə nail olmaqdı. Dövət özəl əməkdaşlığı üzərində birgə iş aparmaq planlarımız özünü doğrultdu. Hər iki tərəfin inkişafı naminə mənafeylərini təmin etdik. Layihə çərçivəsində təkcə Gəncədə 370 nəfərin iştirakı ilə sorğu keçirilib. Dövlət və özəl tərəfin inkişafı naminə təkliflər dinlənilib. Hər iki tərəfdən gələn təşəbbüsləri qiymətləndirmişik. Yerli inkişaf və rayon inkişaf planlarının tək məqsədi turizm marşrutlarının, potensialının təbliğ- təşviqi, turizm resuslarının elektronlaşdırılmasına nail olmaqdı. Layihənin icrası dövründə bölgənin təbliği ölkənin hüdudlarından kənarda da aparılıb. Belə ki, Türkiyə Hava Yollarının nüfuzlu jurnalında iri həcmli Gəncə, Qazax, Daşkəsinin turizm potensialını əks etdirən məqalə  çap edilib. Təxminlərə görə, 4 milyondan çox turist bizim gəzməli-görməli bölgələrimizdən xəbər tutub.

Fariz Qarayev əlavə edib ki, layihənin icrası ilə bağlı ötən müddət ərzində istənilən və arzulanılan nəticələrə nail olunub. “ Layihə strukturunda da qeyd olunduğu kimi, əsas 6 nəticə üzrə irəliləyirik. Layihə demək olar ki, YİP –yerli inkişaf planlarının icrasını başa çatdırıb. Ümumilikdə, 33 yerli inkişaf planı hazırlamışıq. GIZ ekspertlərinin iştirakı və birbaşa fəaliyyəti ilə  hazırlanıb. Məlumat üçün deyim ki, bizim bu sahədə tətbiq etdiyimiz  metodologiya Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib, hətta 2014-cü ildə metodiki vəsait kimi bələdiyyələrə verilib. İndi YİP-nı  33 bələdiyyə üzrə nəzərdə tutmuşuq. Bu Tovuz, Ağstafa, Daşkəsən, Naftalan, Goranboy, Şəmkir, Samux kimi rayonları əhatə edir. Yerli İnkişaf planlarından başqa, həmçinin şəhər-rayon inkişaf planları hazırlanıb, seminaar və tədqiqiat işlərimiz yekunlaşıb. Artıq Gəncə də daxil olmaqla  6 şəhər-rayon  inkişaf planı hazırdır, ümumilikdə 9 şəhər-rayon inkişaf planları nəzərdə tutulub. Görülən işlərlə bağlı  hesabatlar üzərində də fəaliyyət də başa atıb. Tam bitəndən sonra müvafiq nazirliyə -İqtisadi İnkişaf Nazirliyinə, həmçinin  rayon icra hakimiyyətlərinə təqdim ediləcək. Bu hesabatların təsdiqindən sonra planların icrası ilə bağlı dəstək verəcəyik. Ardınca pilot layihələr nəzərdə tutulub ki, sırf yerli inkişaf, əsasən turizmin inkişafına dəstəyi ehtiva edir.

 Pilot layihələrimiz, tədbirlərimiz  kənd təsərrüfatı və turizm sahəsindədir. Bildiyimiz kimi, bu yaxında Gədəbəydə xarici və yerli turistlərin iştirakı ilə səs-soraq salan yaylaq festifalı keçirildi. Həmin ərazidə bizim layihə çərçivəsində də işlər görülüb. Belə ki, orada layihəyə əsasən 13 metrlik Taxta Körpünü bərpa etmişik, bu bərpa nəticəsində illərlə ziyarətçisi olmayan  qalaya insanlar axışdı. Təkcə 3 gün ərzində 2700 ziyarətçi Koroğlu qalasını ziyarət edib. Bu məqamı vacib turizm məhsulu kimi qiymətləndirirık.

 Bizim qarşıda olan planlarımıza görə,  xüsusən də Gədəbəy, Daşkəsən, Tovuz üzrə turizm marşrutlarını təşkil etmək, marşrutların işarənlənməsi, həmçinin onların beynəlxalq standartmalara uyğun, xarici bazara çıxarılacaq veb səhifəsi, platformasını hazırlamaqdır.  Artıq bu işə başlamışıq, sentyabr ayında bu platformanın təhvil verilməsi nəzərdə tutulur.”

“Biz bununla kifayətlənmirik. Belə ki, turizmlə yanaşı kənd təsərrüfatında ölkə üçün ilk olan məsləhət platforması yaradacağıq. Yeniliklərin tətbiqi, fermerlərə dəstək tədbirləri də nəzərdə tutmuşuq. İnnovativ metod olaraq kənd təsərrüfatının gəlir kalkulyatorunu tətbiq edəcəyik. Hər bir fermer bu sistem vasitəsiylə aqrotexniki qaydalar, hər hansı gəlir və xərclərlə bağlı məlumatları,  məhsullar haqqında məlumatlar əldə edəcəklə, öz məlumatlarını elektron bazaya daxil edə biləcəklər. Biz ölkə üzrə bu patforma üzrə məhsulların onlayn qaydada satışını da təşkil edəcəyik. Həmçinin fermerlər başqa xidmətlərini də satışa çıxara biləcək. Xırda fermerlər də bu yolla dəstək görəcək. Aqroturizmin də inkişaf etdirilməsi nəzərdə tutulur, misal üçün, məsul yığımına baxmaq istəyən turistlər var, atçılıq, başqa sahəyə maraq göstərənlərin istəyi təmin olunacaq.  Turizm sənayesi obyektlərini  bu platformaya yönəldəcəyik.”

“Daşkəsəndəki Xoşbulağa axın var, amma turistin əyləncəsi üçün şərait yoxdur. Özəl, dövlət qurumun iştirakı ilə həmin ərazidə gölə katerlərin buraxılması, gəzintinin təşkili nəzərdə tutulur. Bu plan həyata keçirilsə, bələdiyyə əldə etdiyi gəlir hesabına öz büdcəsini formalaşdırar.”

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi pilot planları təsdiqləyəndən sonra Gəncə-Qazax iqtisadi rayonuna daxil olan bütün inzibati şəhər və rayonlar üçün inkişaf planları və burada əksini tapan məsələlər 2019-2023-cü illər üzrə “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”na salınacaq.

Raminə Eyvazqızı