\
28 Mart 2024 - Cümə axşamı

İlk qabiliyyət imtahanı verən tələbələr artıq məzun olublar

İlk qabiliyyət imtahanı verən tələbələr artıq məzun olublar
1413baxış
Mətbuat Şurasının sədr müavini, media üzrə beynəlxalq ekspert Müşfiq Ələsgərli İkisahil.TV-yə müsahibəsində qabiliyyət imtahanlarının gənc jurnalistlərin daha peşəkar olmasında mühüm rolundan danışdı. Qeyd etdi ki, Azərbaycan KİV-ləri bu günə qədər böyük inkişaf yolu keçib. Artıq Azərbaycanda kifayət qədər peşəkar media təmsilçiləri və qurumları var. Bütün dünyada medianın tipi dəyişir. Bu gün əvvəllər olduğu kimi klassik media təsnifatından danışa bilmirik. Yəni, əvvəllər ancaq qəzetlər, jurnallar, radio və televiziyalar var idi. Bu gün isə KİV-lər artıq multikommunikasiya variantına keçirlər. Məsələn, təmsil etdiyiniz “İki sahil” qəzeti illərlə qəzet variantında çıxmasına baxmayaraq, bu gün onun elektron versiyası və internet televiziyası var. Gələcəkdə bildiyimə görə, mobil tətbiqlər də həyata keçirəcəksiniz. Bu, artıq multikommunikasiyadır. Zamanın tələbinə uyğunlaşmaqdır. Bunun üçün də artıq tələbə uyğun da addımlar atılır. İndiki jurnalistlər bu tələblərə cavab verməlidirlər.

Müşfiq Ələsgərli bildirdi ki, jurnalistika yaradıcı sahədir, aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi, burada da yaradıcı şəxslərdən xüsusi qabiliyyət tələb olunur. Jurnalistika ixtisası üçün qabiliyyət imtahanının tələb edilməsinin bir səbəbi də jurnalistin peşə qabiliyyətinin hansı səviyyədə olduğunu müəyyən etməkdir. Jurnalist yaradıcı şəxs olduğundan onun qabiliyyəti, hadisələr haqda düzgün mülahizələri böyük önəm kəsb edir. Hər zaman işə götürənlər bildirirdilər ki, jurnalistika ixtisası üzrə yüksək bal toplanıla bilər, lakin yazmaq, danışmaq, fikrini səlist ifadə etmək qabiliyyəti yoxdursa necə işə götürmək olar? Artıq neçə ildir ki, bu kimi narahatlıqlara son qoyulub. Təsadüfü şəxslərin jurnalistika fakültəsinə düşməməsi üçün qabiliyyət imtahanları keçirilir. Deyərdim ki, uğurlu nəticələr də alınır. Qabiliyyət tələb olunan bir sahədə fəaliyyət göstərmək istəyən insan üçün qabiliyyət imtahanlarının verilməsi vacib şərtdir. İndiki halda qabiliyyət imtahanlarının tətbiqi düzgündür və Mətbuat Şurası uzun müddət bu məsələ ilə bağlı təşəbbüslərlə çıxış etməkdə tamamilə haqlı olub. Hər zaman qabiliyyət imtahanına ciddi şəkildə zərurət olub. Əvvəlki qəbul prosesində narazılıq var idi. Şagirdlər başqa ixtisaslara qəbul ola bilmədikləri üçün jurnalistikaya gəlirdilər. Belə şəxslərin əksəriyyəti də jurnalistikaya daxil olandan sonra bu sahədə çalışmırdı, hansı ki, onların çalışmasına ciddi ehtiyac var idi. Müəllimlərdən, tədris aparan şəxslərdən narazılıqlar gəlirdi ki, tələbələrdə həvəssizlik, ruhsuzluq var. Ona görə də bu prosesin qarşısını almaq üçün qabiliyyət imtahanının tətbiq olunması ideyası ortaya çıxdı. Əsas məqsəd şagirdlərin bu sahəyə marağının yaradılması idi. Maraqla yanaşı, həm də jurnalist kimi bacarığı olan insanların cəlb olunması üçün qabiliyyət imtahanları keçirilirdi. Jurnalistika olduqca spesifik bir sahədir. Bəzən olur ki, abituriyent yüksək bal toplayır, amma onun xüsusi bir bacarığı, danışmaq və yazmaq qabiliyyəti olmur. Bu baxımdan da bütün narazılıqlar nəzərə alınaraq imtahanlar tətbiq olundu. Düzdür, imtahanlar tətbiq olunduğu 1-2 il ərzində müəyyən çətinliklər yaşandı. Çətinliklər isə bu idi ki, jurnalistikaya qəbul olunanların sayı azaldı və bəzi universitetlərdə jurnalistika fakültəsi təxirə salındı. Amma nəticə odur ki, az sayda və kifayət qədər keyfiyyətli jurnalistlər yetişdi. Bu gün isə jurnalistika fakültəsinə ancaq savadı, bacarığı olan adamlar gəlir.

Mətbuat Şurasının sədr müavini vurğuladı ki, tam olaraq iddia edə bilmərik ki, jurnalistika fakültəsində oxuyanların hamısı gələcəkdə mütləq şəkildə jurnalist olacaqlar: “Yəqin ki, onların da içində jurnalistikanı seçməyən və başqa ixtisaslarda fəaliyyət göstərənlər də olacaq. Amma jurnalistikanı seçəcəkləri halda ilkin qabiliyyət imtahanı verdiklərinə və bu sahədə bacarıqlarının olduğuna görə keyfiyyətli jurnalist kimi fəaliyyət göstərə biləcəklər. Onu da vurğulayım ki, artıq ilk qabiliyyət imtahanı verən tələbələr məzun olublar. Hesab edirəm ki, zaman keçdikcə hər kəs qabiliyyət imtahanlarının nə qədər yüksək nəticələr verəcəyini görəcək”.