\
29 Mart 2024 - Cümə

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 783 layihə həyata keçiriləcək

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 783 layihə həyata keçiriləcək
1353baxış

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu il 783 infrastruktur və sosial layihə həyata keçiriləcək. 

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi nazirinin müvaini Salomon Pavliaşvili Qardabani rayonunda yerli sakinlərlə görüşündə bildirilib.

Layihələrin ümumi dəyəri 245 117 658 lari təşkil edir. Bunlardan ümumi dəyəri 50 959 216 lari olan 110 layihənin Qardabani rayonunda reallaşdırılacağı planlaşdırılıb.

Görüşdə yerli sakinlərə rayonda avtomobil yollarının inşası, yeni məktəblərin tikintisi, bərpa edilməsi, eyni zamanda digər infrastruktur və sosial layihələr barədə məlumat verilib.

Qardabani sakinləri həmçinin Gürcüstan hökumətinin təqaüdçülər, sosial təminatı olmayan və fiziki məhdud şəxslərin xroniki xəstəliklərin müalicəsi üçün 35 adda dərmanı 1 lariyə ala biləcəkləri ilə bağlı yeni təşəbbüsü barədə də məlumatlandırılıb.

Görüşdə parlament sədrinin müavini İlya Nakaşidze, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və yerli idarəetmə orqanlarının nümayəndələri də iştirak ediblər.