\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

"Hər birimiz üzümüzü bizi səsləyən Qarabağa çevirəcəyik..." - Zülfüqar Hüseynzadə

"Hər birimiz üzümüzü bizi səsləyən Qarabağa çevirəcəyik..." - Zülfüqar Hüseynzadə
199baxış
Bu gün "Park İnn" oteldə Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.
 
Təşkilatçılar Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin tədbirə qatılaraq çıxış etməsini istəsələr də, tədbirin formatı və çıxışçıların reqlamentə və müzakirə mövzusuna əməl etməmələri üzündən çıxış etmək mümkün olmayıb. 
 
Amma baş redaktor tədbir boyu telefonuna yazdığı çıxışını Moderator.az oxucularına təqdim etməyi zəruri hesab edir:
 
Hörmətli tədbir iştirakçıları!
 
Çıxışçılar bu gün 11 sentyabr hadisələrinin ildönümü olduğunu xatırlatmağı unutdular. Amma gəlin razılaşaq ki məhz o hadisələrdən sonra siyasi leksikonumuza daxil olan "beynəlxalq terrorizm" əslində hər hansı müstəqil ölkənin daxili işinə müdaxilənin tərkib hissəsidir. Yəni təkcə əldə silah deyil, təxribatçı fəaliyyətlə hər hansı regionda və ya ölkədə xaos yaratmaq əslində elə beynəlxalq terrorizmə nəfəs verməkdir. Bu baxımdan xarici müdaxilə deyərkən bu məqamları diqqətə almaqda fayda var.
 
Hesab edirəm ki, Azərbaycan adlı unikal çoğrafiyada və geostrateji məkanda yerləşən ölkəyə xarici müdaxilənin yolverilməzliyindən yox, bu müdaxilənin necə önlənməsindən danışmaq gərəkdir. 
Kimsəyə sirr deyil ki, ətrafımızdakı dövlətlərin heç biri səmimi olaraq Azərbaycanın inkişafında maraqlı deyil. Rusiya və İranın Azərbaycanla bağlı çoxəsrlik plan və niyyətlərini izah etməyə gərək yoxdur və bu qənaətdəyəm ki, bu iki dövlətin Azərbaycanla bağlı siyasətində əgər dünya dağılmasa yaxın 100 ildə də ciddi dəyişiklik gözləməyə dəyməz. Türkiyə bizim yeganə gerçək müttəfiqimiz olsa belə, imperiyanın varisi olan bu dövlətin də bəzi maraqları bizim üçün asanlıqla həzmedilən deyil. Digər qonşularımızın qısqanclığı isə sırf rəqabət xarakterlidir və bunu xarici müdaxilə faktoru kimi o qədər də ciddiyə almağa dəyməz. 
Başqa bir vacib məqam qonuşlarımız olmasa da Azərbaycanda çeşidli xoşxassəli və bədxassəli maraqları olan, Azərbaycanı daim qapazaltı dövlət statusunda saxlamaqla daha çox güzəştlər qoparmağa çalışan dövlətlərin mümkün müdaxilə imkanlarının heçə endirilməsi qayğılarıdır. Nəzərə almaq lazımndır ki, hətta bizim üçün cəlbedici görünən qoca qitənin bir çox ölkələri və uzaq Amerika da Azərbaycanın inkişafını və öz ayaqları üzərində dimdik dayanmasını istəmir. Burada da çoxsaylı səbəblər var və erməni lobbisinin xərçəng kimi dünyanın dörd bir yanına yayılaraq bir çox nəhəng ölkənin daxili və xarici siyasətində nəzərəçarpacaq gücə yiyələnməsi bu səbəblərin başında dayanır. 
 
İndi isə sual olunur ki, xarici müdaxiləni neytrallaşdırmaq üçün ilk növbədə dövlət və millət olaraq hansı addımları atırıq və ya atmalıyıq? Yaxud bu günədək Azərbaycan kimi ölkələr xarici müdaxiləni maksimum neytrallaşdırmaq üçün hansı uğurlu, yaxud uğursuz reseptlərdən istifadə ediblər?
 
Zənnimcə hər hansı ölkəyə xarici müdaxilənin uğursuzluğa düçar edilməsi üçün milli birliyin mövcudluğu və vətəndaşın dövlətin ali rəhbərliyindən məmnunluğu müstəsna əhəmiyyət kəsb edir. Bu məsələdə müxalif kəsimə, tənqidi mediaya və vətəndaş cəmiyyəti institutularına düşünüldüyü kimi o qədər də çox iş düşmür. Yəni bütövlükdə cəmiyyətin xarici müdaxilə qarşısında rezistentliyi, dirəniş göstərməsi üçün əsas ağırlıq hakimiyyətin üzərinə düşür və məhz ölkəni idarə edən qüvvələr məhz milli barışıq üçün nəinki təşəbbüskarlıq, hətta fədakarlıq göstərməyə borcludurlar. Hətta addımbaşı müxtəlif cinahlardan haqsız tənqidlə, təhqir və böhtanla üzləşsələr belə, hakim komanda millətin və dövlətin mənafeyi naminə bunlara göz yumaraq tənbehedici, qamçılayıcı deyil, islahedici mövqe sərgiləməlidirlər. Bu gün yaşananlar onu iddia etməyə əsas verir ki, bu sahədə görülməli olan xeyli işlər var və fürsəti fövtə verdiyimiz hər gün təkcə hakimiyyətin deyil, bütövlükdə millətin və dövlətin əleyhinə işləyir. Nəzərə almaq lazımdır ki, birbaşa xarici müdaxilədən fərqli olaraq obrazlı ifadə edilsə saman altdan su yeritməklə ölkələrdə xaos və itaətsizlik yaratmaq niyyəti güdən xarici güclər məhz hakimiyyətin çox vaxt həvəslə istifadə etdiyi terminlə deyildiyi kimi, sapı özümüzdən olan baltalardan istifadə etməklə öz çirkin niyyətlərinə yiyələnmək yolu tuturlar. Bu yola mina basdırmaq və iflasa uğratmaq üçün həmin insanların xarici güclərin əlinə qurbanlıq kimi düşmələrini maksimum əngəlləmək həyati önəm daşıyır. Hesab edirəm ki, bu istiqamətdə heç də hər şey itirilməyib və hakimiyyətin xoş niyyəti olsa qısa zamanda ölkədə milli barışığa nail olmaq və Azərbaycanı xaosa sürükləyərək daha çox pay qoparmaq niyyəti güdən xarici gücləri seytnota salmaq hələ də mümkündür.  Bir daha qeyd edirəm ki, bu günədək uğurla sınaqdan keçirilmiş reseptlər və ya tamamilə yeni münasibətlər sisteminə səbəb olacaq yeni yanaşmalarla məsələni kökündən həll etmək mümkündür və ümid edirəm ki, ümummilli mənafe naminə buna nail olunacaq və məmə deyəndən pəpə yeyənədək hər birimiz üzümüzü bizi səsləyən Qarabağa çevirəcəyik...