\
19 Aprel 2024 - Cümə

Kissincer, Bjezinski ola bilməyən Bolton - Trampın qurban verdiyi müşavir - ŞƏRH

Kissincer, Bjezinski ola bilməyən Bolton - Trampın qurban verdiyi müşavir - ŞƏRH
1350baxış

Milli təhlükəsizlik məsələləri üzrə köməkçi ABŞ prezidentinin baş müşaviri sayılır. Bu vəzifə daha çox prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri adlanır. Müşavir ABŞ prezidentinin icraedici ofisinə daxildir. Fövqəladə hallar zamanı müşavir Ağ Evin Böhran otağında işləyir və dövlət başçısına vəziyyətlə bağlı son xəbərləri təqdim edir.

Bu post 1953-cü ildə prezident Duayt Eyzenhauer tərəfindən təsis edilib. İlk baş müşavir Robert Katler olub. Bu vəzifədə ən çox işləyən Henri Kissincer olub. O, ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun dövründə 1969-cu il yanvarın 20-dən 1975-ci il noyabrın 3-dək bu vəzifədə çalışıb. Maykl Flinn isə 2017-ci il yanvarın 20-dən həmin il fevralın 13-dək indiki prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmaqla ABŞ tarixində bu postda ən az müddətə işləmiş dövlət məmurudur.

Ümumiyyətlə, Ağ Evin indki sahibi hakimiyyətdə olduğu 2 il 9 ay ərzində Con Boltonla birlikdə üçüncü müşaviri dəyişib. Gerbert Makmaster bu vəzifədə 2017-ci il fevralın 20-dən 2018-ci il aprelin 9-na, Con Bolton isə 2018-ci il aprelin 9-dan 2019-cu il sentyabrın 10-dək bu postu tutublar. Baş müşavir vəzifəsi ABŞ-ın xarici siyasət kursunun həyat keçməsində də aparıcı rola malikdir. Əvvəllər bu vəzifədə Zbiqnev Bjezinski işləyib. Kissincer və Bjezinski keçmiş SSRİ-yə qarşı planları hazırlamış ən qatı antisovet olaraq ABŞ tarixində qalıblar. Ağ Evin həyata keçirəcəyi xarici siyasəti bu vəzifəni daşıyanın baxışları ilə də müəyyən etmək mümkündür.