\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

AFFA-nın baş katibi AVRO-2020 ilə bağlı Şamaxıdakı yay düşərgəsində könüllülərlə görüşüb

AFFA-nın baş katibi AVRO-2020 ilə bağlı Şamaxıdakı yay düşərgəsində könüllülərlə görüşüb
75baxış

AFFA-nın baş katibi və AVRO-2020-nin İşçi Qrupunun meneceri Elxan Məmmədov Avropa çempionatı ilə bağlı Şamaxı şəhərində təşkil olunan yay düşərgəsində könüllülərlə görüş keçirib.

Mediapress.az” xəbər verir ki, 2 saat davam edən görüşdə “İdarəetmə” mövzusunda təlim baş tutub və könüllülər arasında oyun təşkil edilib. Oyun zamanı könüllülərin idarəetmə qabiliyyətinin iş və şəxsi həyatda tətbiqi haqqında fikir mübadiləsi aparılıb.

Sentyabrın 11-dən Şamaxı şəhərində AVRO-2020-nin Bakı könüllülük proqramı çərçivəsində start götürən yay düşərgəsinə sabah yekun vurulacaq. 200 könüllünün qatıldığı düşərgədə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb. Düşərgə zamanı təlimlərin, seminarların, qonaqlarla görüşlərin keçirilməsi, eləcə də idman və intellektual yarışların təşkili nəzərdə tutulub.

Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçiliblər. Burada məhz AVRO-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan könüllülər iştirak hüququ qazanıblar.

Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır.