\
26 Aprel 2024 - Cümə

İran prezidenti Ermənistanda nələri müzakirə edib?

İran prezidenti Ermənistanda nələri müzakirə edib?
1407baxış
Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün İrəvana gələn Həsən Ruhani Ermənistan rəhbərliyi ilə görüşüb...
 
İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib. Həsən Ruhani Ermənistana oktyabrın 1-də İrəvanda keçirilən Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün gedib. Səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub.
 
İran liderini İrəvandakı “Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb. İran prezidenti İrəvanda erməni həmkarı Armen Sərkisyanla görüşüb. Ruhani və Sərkisyan ikitərəfli əlaqələr, eləcə də regional vəziyyəti müzakirə edib. Erməni mətbuatının yazdığına görə, Həsən Ruhani bildirib ki, Ermənistan və digər qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Tehranın xarici siyasətinin əsasını təşkil edir. İran prezidenti iki ölkənin enerji, nəqliyyat, turizm və sənaye sahəsində böyük əməkdaşlıq potensialının olduğunu qeyd edib. Eyni zamanda Ruhani İranın Avrasiya İqtisadi Şurasına qoşulmasının regionda iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcəyini ifadə edib.
 
Ermənistan prezidenti isə bildirib ki, İranla əlaqələrin inkişaf etdirilməsi ölkəsi üçün xüsusi önəm daşıyır. Sərkisyan İranla enerji, ekologiya və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək istədiklərini bildirib.
 
Eyni zamanda Həsən Ruhani baş nazir Paşinyanla görüşüb və bu görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə olunub.
 
Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında iştirak etmək üçün bir sıra dövlət və hökumət başçıları da İrəvana gəlib. Oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin İrəvana gəlib. Ondan əvvəl isə Qazaxıstan və Belarus prezidentləri də İrəvana gedib.
 
Avrasiya İqtisadi Şurasının toplantısı çərçivəsində İran və Rusiya prezidentləri arasında görüş gözlənilir. Bundan başqa, toplantıda iştirak edən Sinqapur və İran liderləri Avrasiya İqtisadi Şurası, İran və Sinqapur arasında azad ticarət zonasının yaradılması üçün danışıqlar aparacaqlar.
 
Qeyd edək ki, hər nə qədər İran tərəfi Ermənistanla əlaqələrini “qonşuluq münasibətləri” ilə izah etməyə çalışsa da, Tehran və İrəvan əlaqələri Bakıda narazılıqla qarşılanır. Rəsmi Bakı İranın Ermənistan üçün “nəfəslik” rolunu oynadığını düşünür. Bu səbəbdən də bir qayda olaraq Bakı açıq və ya üstüörtülü şəkildə İran-Ermənistan əlaqələrindən narazı olduğunu bildirir. Bu ilin fevralına Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri də bu qəbildən etiraz doğurmuşdu. Və bu etirazlar yalnız Azərbaycandan deyil, həm də İranın özündən olmuşdu. İrandakı həmvətənlərimiz erməni baş nazirin səfərinə etiraz etmiş, bunun nəticəsi olaraq Paşinyanın səfərindən sonra erməni icması üzərində nəzarət artmışdı.
 
Ancaq İranın Ermənistanla yaxınlaşması bir qayda olaraq Azərbaycanla münasibətlərin soyuması kimi yozulur. İndi isə İran-Azərbaycan münasibətlərində üzdə görünən ciddi soyuqluq yoxdur. Belə görünür ki, İran hakimiyyəti ABŞ embarqolarını dəlmək üçün qonşu ölkələr, o cümlədən Ermənistanla əlaqələrin inkişafına çalışır. Təbii ki, indi Tehranı daha çox narahat edən Ermənistanın Qərblə yaxınlaşması və İrana qarşı sanksiyalara dəstək verməsi ehtimalıdır. Bu səbəbdən də Tehran Azərbaycandan gələn etirazları gözə alaraq İrəvanla əlaqələrini ayaqda tutmağa çalışır.(musavat.com)