\
19 Aprel 2024 - Cümə

Bakıda bu market qarğıdalıdan hazırlanan paket verir – Foto

Bakıda bu market qarğıdalıdan hazırlanan paket verir – Foto
1520baxış

“Araz” supermarketlər şəbəkəsi polietilen məmulatlardan istifadənin azaldılması tədbirləri çərçivəsində bu dəfə müştərilərə qarğıdalı və kartofdan hazırlanan bio-paketlər təklif edib.

Bu barədə Mediapress.az-a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova deyib. O bildirib ki, bio-paketlər 6 aydan sonra cürüməyə başlayır:

“Bu gündən etibarən müştərilərə polietilen paketlərlə alternativ olaraq, bio-paketlər təklif edirik. Bir müddət əvvəl parçadan hazırlanan eko-paketlər təklif etdik və bu layihə maraqla qarşılandığı üçün bu dəfə onun davamı olaraq, tamamilə bio olan paketlər təklif edirik. Görünüşünə görə polietilen paketlərə oxşayan bu paketlər yüz faiz təbiidir və qarğıdalıdan hazırlanıb. Təxminən 6 aydan sonra bio-paketlər cürüyərək torpağa qarışır. Bu bio-paketlərin qiyməti isə 10 qəpikdir”.

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qabların və polietilen məmulatların insan sağlamlığına zərərli olması ilə əlaqədar həyəcan siqnalı çalıb və onlardan istifadəni məhdudlaşdıran kampaniyaya başlayıb.