\
25 Aprel 2024 - Cümə axşamı

“Avtobuslarla qanunsuz gecə daşımalarına göz yumulmayacaq” - - Rəsmi xəbərdarlıq

“Avtobuslarla qanunsuz gecə daşımalarına göz yumulmayacaq” - - Rəsmi xəbərdarlıq
1384baxış

Uzun fasilədən sonra oktyabrın 1-dən etibarən paytaxt avtovağzalından Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində Almaniyanın “MAN” şirkətinə məxsus iri tutumlu “Neoplan” avtobusları ilə ilk gecə reysləri xidmətə başlayıb.

 

“Qeyri-qanuni daşımalara loyal yanaşılırdı”
 

Moderator.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Modern.az-a bildirib ki, gecə reyslərinin bərpa olunması ilə əlaqədar hələ 7 ay əvvəl quruma müraciət daxil olub:


“Müraciətlərin sayı kifayət qədər çox idi. Yeni iş yerlərinin açılması ilə paytaxtdan regionlara, regionlardan paytaxta gələn sərnişinlər həddindən çoxdur. Bütün sərnişinlərin vaxt itkisini minimuma endirmək məqsədilə onların istəyi nəzərə alındı. Ən böyük problemlərdən biri də o idi ki, qanuni gecə reyslərinin ləğv olunması qeyri-qanuni daşımalara gətirib çıxarırdı. Aidiyyatı dövlət qurumları ilə birgə günorta bütün bunları tənzimləmək olurdu. Amma gecə qeyri-qanuni reyslərin fəaliyyətini izləmək bizə çətinlik yaradırdı. Nəzərə alsaq ki, qeyri-qanuni daşımalar müəyyən edilərkən belə, gecə vaxtı sərnişinləri avtobusdan düşürmək insafdan deyildi. Ona görə bəzi şeylərə loyal yanaşılırdı. Bu səbəbdən də gecə reyslərində qeyri-qanuni daşımaların qarşısını almaq üçün qanuni daşımalara üstünülük verildi”.

 

Qanunsuz gecə daşımalarının qarşısı necə alınacaq?



DANX rəsmisinin sözlərinə görə, qanuni gecə reysləri avtomatik olaraq qeyri-qanuni daşımaların qarşısını alacaq:


“Çünki gecə reyslərinə Almaniya istehsalı olan komfortlu, yüksək təhlükəsizlik sistemi ilə təmin olunmuş avtobuslar buraxılıb. Sürücülərin seçim yolu ilə müəyyən edilməsi, bir avtobusda iki sürücünün fəaliyyət göstərməsi və s. bütün bunlar qeyri-qanuni gecə daşımalarında fəaliyyət göstərən “Vito” markalı nəqliyyat vasitələrindən daha üstündür.

Üçüncü və əsas məsələ, bundan sonra qeyri-qanuni daşımalara göz yumulmayacaq. Əvvəl buna loyal yanaşılırdı. Çünki tələb təklifi üstələyirdi. Artıq bundan sonra Daxili İşlər Nazirliyilə birgə qeyri-qanuni resylərin qarşısının alınması üçün reydlər keçiriləcək. Lazımi bütün tədbirlər icra ediləcək ki, bu sahədə tam normal fəaliyyət tənzimlənsin”.

 

Yeni postlar yaradılır...
 

N.Allahyarovanın sözlərinə görə, bunun üçün xüsusi postlar yaradılacaq:

“Payız-qış mövsümündə, xüsusilə fevral ayınadək xüsusi postlar yaradılacaq. Burada DANX-ın həm də digər aidiyyatı nazirliyin müfəttişləri fəaliyyət göstərəcəklər. Onlar yollarda qeyri-qanuni sərnişin daşımalarında fəaliyyətə qarşı tədbirlər görəcəklər. Artıq qanuni gecə resyləri bərpa olunduğundan sərnişinlər də öz təhlükəsizliklərini düşünməlidirlər. Bunun üçün bizim üzərimizə də məsuliyyət düşdüyü üçün radikal addımlar atacağıq. Belə hallar aşkarlanarsa, sürücü elə yoldaca nəqliyyat vasitəsindən endiriləcək. Sərnişinlərə də tövsiyə edirik ki, gecə saatlarında yolda qalmamaq üçün qanuni reyslərin xidmətlərindən istifadə etsinlər”.

 

Eyni yolu daha aşağı tariflərlə gedin
 

O qeyd edib ki, qanuni reyslərdə gediş tarifləri qeyri-qanuni daşımalardakından daha aşağıdır:

“Tarif Şurası günorta reysləri üçün hansı qiyməti müəyyən edibsə, gecə reyslərində də o cürdür. Qeyri-qanuni gecə reyslərində gedişhaqları baha idi”.

 
Xatırladaq ki, 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.