\
16 Aprel 2024 - Çərşənbə axşamı

ATU-nun bir qrup rezidenti etiraz etdi - RƏSMİ CAVAB

ATU-nun bir qrup rezidenti etiraz etdi - RƏSMİ CAVAB
1583baxış

ATU-nun bir qrup rezidenti etiraz etdi - RƏSMİ CAVAB

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti (ATU) bu gün Səhiyyə Nazirliyinin binasının qarşısında toplaşan tələbələrlə bağlı məlumat verib.
 
Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin önündə bir qrup tələbənin səsləndirdiyi etirazlarla bağlı qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:
 
 
“Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir”.
 
Qeyd edək ki, nazirlik qarşısına toplaşan bir qrup tələbə rezidenturada təhsil almaq üçün illik ödədikləri 4 000 manatın ləğv olunmasını istəyirlər. Onlar bununla bağlı bildiriblər ki, rezidentura təhsilinə 2011-ci ildə başlanılıb və qəbul ancaq dövlət sifarişi əsasında aparılıb. Ötən il isə dəyişiklik edilərək, ödənişli əsaslarla qəbul həyata keçirilib. Buna baxmayaraq, bu il yenidən rezidentura təhsili almaq istəyənlərin qəbulu yalnız dövlət sifarişi əsasında aparılıb. Bu səbəbdən də tələbələr ödədikləri məbləğin ləğvini istəyirlər.
 
Əlavə edək ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.
 
Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır.
 
Həmçinin Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsilin dövlət sifarişi əsasında həyata keçirilməsi nəzərdə tutulub.