\
24 Aprel 2024 - Çərşənbə

"Tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir" - İlham Əliyev

"Tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir" - İlham Əliyev
1558baxış
"Tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir".
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 3-də Soçi şəhərinə səfəri zamanı "Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın "Rossiya” və "Birinci” televiziya kanallarına müsahibəsi zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk prezident olmasıyla bağlı sualı cavablandırarkən deyib.
 
Prezident tələbəlik illərini yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəri kimi qiymətləndirib:
 
"Məndə bu dövr yaşayış yerimi dəyişərək Bakıdan Moskvaya köçməklə müşayiət olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə tez, hələ 6 yaşım tamam olmamış göndəriblər. Buna görə də mən orta təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm. 
 
Açıq deyəcəyəm, mənim heç pasportum da yox idi. Buna görə də mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, institutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var”.