\
29 Mart 2024 - Cümə

Dövlət Komitəsi Azərbaycanda məişət zorakılıqları ilə bağlı açıqlama yayıb

Dövlət Komitəsi Azərbaycanda məişət zorakılıqları ilə bağlı açıqlama yayıb
1459baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlərlə əlaqədar açıqlama yayıb.

"Mediapress.az" xəbər verir ki, açıqlamada deyilir:

"Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçısının müavini sədrlik edir. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon Qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir. Onların fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda 50-yə yaxın təlim keçirilib, seminarlar təşkil olunub, tövsiyələr verilib.

Komitənin 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il ərzində 300-ə yaxın müxtəlif mövzularda, o cümlədən, “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək”, “Erkən nikahlara yox deyək” və s. müxtəlif mövzularda təlimlər keçirilir. Təlimlərdə iştirakçılara ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları və s. barədə məlumat verilib, çap məhsulları paylanılıb, qısametrajlı filmlər göstərilib.

Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir. Komitə müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görülüb.

Komitə olaraq çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Bu məsələdə biz Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar keçiririk. Konkret olaraq qadın məşğulluğu sahəsində çox uğurlu layihələrimiz var. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı 8 rayonda Qadın Resurs Mərkəzləri yaradılıb.