\
29 Mart 2024 - Cümə

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib - FOTOLAR

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib - FOTOLAR
1685baxış

Bu gün “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli- Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) layihəsinin açılış mərasimi baş tutub.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihə Gəncə, Qəbələ, Quba, Mingəçevir, Sumqayıt və Şəki iqtisadi zonlarını əhatə edəcək. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli regionlarda layihənin başlamasını səbrsizliklə gözləyən qadınların olduğunu və müraciət edənlərin aktivliyinin müşahidə edildiyini diqqətə çatdırıb:

“ASAN Könüllüləri olaraq daim vətəndaşlara yeni imkanlar yardılması üçün çalışırıq. “AİM-W” da növbəti imkanlardan biridir və inanırıq ki, layihə iştirakçı hər bir qadın üçün yararlı olacaq. Tezliklə, regionlarımıza səfər edəndə məhz qadın sahibkarların yaratdığı turizm fəaliyyətlərindən yararlanacağımızı düşünürəm”.

Açılış mərasimində iştirak edən "Coca-Cola" şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib ki, layihənin əsas üstünlüyü təlimlərdən sonra da qadınlara dəstək göstərilməsidir:

“Coca-Cola şirkəti fəaliyyət göstərdiyi 200-dən çox ölkədə cəmiyyətin sosial rifahı üçün müxtəlif təşəbbüslərə və layihələrə dəstək olur. Dəstəklədiyimiz önəmli prioritetlərdən biri isə qadınların inkişafıdır. ASAN könüllüləri ilə birgə tərəfdaşlığımız nəticəsində həyata keçirdiyimiz bu layihə region qadınlarının peşəkar inkişafı və onların turizm sahəsində sahibkarlıq fəaliyyətinə cəlb olunmasına xidmət edir. Azərbaycanın geniş turizm potensialını nəzərə alaraq qadınların məhz bu istiqamətdə yeni imkanlar əldə edəcəklərinə inanırıq. Bu layihə həm qadınların inkişafına, həm də regionlarımızda turizm sahəsinə töhfədir”.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova, Dövlət Turizm Agentliyinin sektor müdiri Hüseyn Həsənov, Beynəlxalq ekspert Işın Keskin Şahan da layihənin əhəmiyyətini və qadınların inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Layihə çərçivəsində ilk təlim 16-21 oktyabrda Mingəçevir “ASAN xidmət” mərkəzində baş tutacaq.

2017-ci ildən etibarən ASAN könüllüləri və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək layihəsi” icra edib. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qızlar turizm sahibkarlığı mövzsunda təlimlərə qoşulublar.

Mediapress.az