\
5 Avqust 2020 - Çərşənbə

Azərbaycanlı deputatlar Avronest PA-nın Tbilisi sessiyasında iştirak edirlər

Azərbaycanlı deputatlar Avronest PA-nın Tbilisi sessiyasında iştirak edirlər
1155baxış

Gürcüstanın paytaxtı Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII plenar sessiyası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıda Avropa parlamentariləri və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdən olan deputatlar iştirak edirlər.

Azərbaycanı tədbirdə Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov təmsil edirlər.

Milli Məclisin üzvləri toplantıda çıxışlarında TANAP layihəsinin bölgə və Avropa üçün əhəmiyyəti, Azərbaycanın "Şərq tərəfdaşlığı"na üzv tərəfdaş ölkələrlə ticari-iqtisadi münasibətləri və regionda mövcud münaqişələr barədə danışacaqlar. Onlar həmçinin Azərbaycan və Gürcüstanın işğal altında olan ərazilərində qanunsuz saxlanılan mülki vətəndaşlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və həkim Vaja Qaprindaşvilinin azadlığa buraxılmasını tələb edəcəklər.

Sessiya Avropa parlamentinin üzvü, Litvanın keçmiş baş naziri Andryus Kubilyus və Ukrayna Ali Radasının deputatı İvan Krulkonun sədrliyi altında keçirilir.

Tədbirdə enerji təhlükəsizliyi, “Şərq tərəfdaşlığı”nın gələcəyi, geosiyasi çağırışlar, həmçinin “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın müxtəlif aktual məsələləri müzakirə olunur.

Toplantının rəsmi açılış mərasiminə Gürcüstan prezidenti Salome Zurabişvili, parlament sədri Arçil Talakvadze və vitse-spiker Giorgi Volski də qatılıblar.

Avronest PA-nın Tbilisi sessiyasına dekabrın 10-da yekun vurulacaq. Plenar sessiyanın sonunda qətnamənin qəbul ediləcəyi gözlənilir. Sənəddə nümayəndə heyətlərinin siyasi, sosial, həmçinin iqtisadi inteqrasiya və enerji təhlükəsizliyi məsələləri üzrə ümumi mövqeləri əksini tapacaq.