\
26 Aprel 2024 - Cümə

British Council və Böyük Britaniya Səfirliyi Birləşmiş Krallığın Məzun Mükafatları təqdim ediləcək

British Council və Böyük Britaniya Səfirliyi Birləşmiş Krallığın Məzun Mükafatları təqdim ediləcək
1567baxış

British Council və Böyük Britaniya Səfirliyi böyük məmnuniyyətlə "Study UK" məzun mükafatlarının Azərbaycandakı 2019-cu il üzrə on finalçısını elan edir.

Mediapress.az xəbər verir ki, on finalçımız iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri böyük nailiyyətlərin, eləcə də Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə verdikləri mühüm töhfələrin nəzərə alınması ilə dünyanın hər yerindən müraciət etmiş 1200-dən artıq müraciətçi arasından seçilib. Mükafatı qazanmış qaliblərdən üçü 13 dekabr tarixində Alov Qüllələri – "Hotel Fairmont Baku"da keçiriləcək mərasimdə elan ediləcək. British Council mükafatlandırma mərasimini rəsmi Facebook səhifəmizdə canlı yayımda da paylaşacaq. 

Bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Təqdim edildiyi beşinci ildə bu mükafatı əldə etmək üçün 100-dən çox ölkədən olan və Birləşmiş Krallığın 120-dan artıq ali təhsil müəssisəsini təmsil edən 1200-dən artıq Birləşmiş Krallıq məzununun ərizəsi daxil olub. Azərbaycanda 2019-2020-ci illəri üzrə "Study UK" Məzun Mükafatları British Council, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və BP Azərbaycan tərəfindən təqdim olunur. Fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderliklə seçilən məzunlara verilən Peşəkar Nailiyyət mükafatının finalçıları aşağıdakılardır:

• Elvin Balacanov - Lids Universitetinin məzunu,

• Tural Qulu - Şeffild Universitetinin məzunu,

• Orxan Kərimzadə - London İmperial Kollecinin məzunu.

İnnovasiyalar, həll yolları və ya biznes imkanları ilə bağlı aparıcı rol oynayan məzunlara təqdim edilən Sahibkarlıq Mükafatının finalçıları aşağıdakılardır:

• Tural Abbasov - London Metropolitan Universitetinin məzunu,

• Murad Muradov - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu,

• Cəfər Nəcəfov - Koventri Universitetinin məzunu.

Müsbət sosial dəyişikliklərin həyata keçirilməsinə müstəsna töhfəsini vermiş məzunları qiymətləndirən Sosial Təsir Mükafatının finalçıları aşağıdakılardır:

• Sövqət Azimova - Bristol Universitetinin məzunu,

• Zümrüd Cəlilova - Bristol Universitetinin məzunu,

• Nərmin Şahbazova - Birminhem Universitetinin məzunu,

• Sənan Yusifov - Qlazqo Universitetinin məzunu.

Bu ilin ilhamverici finalçıları haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə nəzər salın: https://www.britishcouncil.az/study-uk/alumni-awards-2020 Azərbaycanda mükafatın hər bir kateqoriyasının qalibləri seçdikləri peşəkar inkişaf imkanına xərcləmək üçün 3000 funt-sterlinq (6700 AZN) məbləğində mükafat və Birləşmiş Krallığa uçuş bilet əldə edəcək.

Könül Aypara