\
18 Aprel 2024 - Cümə axşamı

Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu ilə bağlı seminar-müşavirə keçirilib

Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu ilə bağlı seminar-müşavirə keçirilib
1693baxış

Bu gün Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

"Report" xəbər verir ki, tədbir Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Seminar-müşavirəni giriş sözü ilə açan MSK sədri Məzahir Pənahov seçkilərin işıqlandırılmasında medianın mühüm rol oynadığını qeyd edib. O bildirib ki, belə bir tədbir Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir:

“Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.

Daha sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O vurğulayıb ki, media seçkiləri obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır.

Digər çıxışçılar da seçkilər zamanı medianın rolu və əhəmiyyəti haqqında danışıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib.