\
20 Aprel 2024 - Şənbə

Lənkəranda 20 Yanvar faciəsinin 30-cu il dönümü qeyd olunub - FOTO

Lənkəranda 20 Yanvar faciəsinin 30-cu il dönümü qeyd olunub - FOTO
1613baxış

20 Yanvar faciəsinin 30-cu ildönümü Lənkəranda ehtiramla qeyd olunub.

Mediapress.az”ın Cənub Mərkəzi xəbər veri ki, səhər saatlarından başlayaraq idarə, müəssisə və təşkilatların əmək kollektivləri, minlərlə ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanı küçəsində yerləşən “Şəhidlər Xatirə abidə kompleksi”nə gəliblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai birliklərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, kütləvi informasiya vasitələrinin nümayəndələri ziyarətdə iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra icra başçısı T.Qaraşov və mərasim iştirakçıları abidə önünə gül-çiçək dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. İcra başçısı abidə önundə 20 Yanvar şəhid ailə üzvləri və əlilləri ilə görüşüb söhbət edib, qayğıları ilə maraqlanıb.

Tədbir iştirakçıları daha sonra Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin rəssamlıq kursunun, Uşaq Rəssamlıq Məktəbinin və Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin 20 Yanvara həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Sonra tədbir iştirakçıları Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin "Ağlama, qərənfil, ağlama" anım-tamaşasına baxıblar. Maraqla qarşılanan səhnə əsəri hər bir tamaşaçıda 20 Yanvarın Azərbaycan tarixində qanla yazılmış bir səhifə olduğuna, bu hadisələrin təkcə faciə deyil, həm də Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi və milli özünüdərkimizin oyanış günü olduğuna, məhz bu qəhrəmanlıqla işğal olunmuş torpaqlarımızın da tezliklə azad olunacağına dərin inam hissi yaradır.

Həmin gün saat 12:00-da Azərbaycanın hər yerində olduğu kimi, Lənkəran rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.