\
23 Aprel 2024 - Çərşənbə axşamı

Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO
1561baxış

Tbilisidə, Gənclər Sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstan Patriarxlığının nümayəndəsi, diplomatik korpusun təmsilçiləri, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbər şəxsləri, deputatlar, ziyalılar, iş adamları və gənclər iştirak ediblər.

Mərasim 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycnın Gürcüstandakı səfiri Dursun Həsənov 20 Yanvar hadisələrinə aparan yoldan danışıb. O deyib ki, Bakı və digər şəhərlərdə günahsız və əliyalın vətəndaşlara qarşı törədilən qətliam Azərbaycan tarixinə ən qanlı cinayət kimi düşüb.

Diplomatın sözlərinə görə, 20 Yanvar faciəsunin daim xatırlanması Azərbaycan xalqının qan yaddaşı borcudur. Səfir qeyd edib ki, Tbilisidə 1989-cu ilin aprelin 9-da eyni qanlı hadisələr törədilib:

“Azərbaycan və gürcü xalqları azadlığa gedən yolda oxşar talelər yaşayıblar. Hər iki xalq azadlıq sevgisini öz ürəklərində yaşadırdı və müstəqillik yolunda qurbanlar verib. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunda dönüş nöqtəsinə çevrilib, müstəqillik tarixinin bu səhifəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq”.

D.Həsənov 20 Yanvarla bağlı ədalətin bərqərar olunmasında nəhəng siyasətçi, ümummilli lider Heydər Əliyevin müstəsna rol oynadığını deyib:

“Heydər Əliyev faciədən sonra vətəndaş şücaəti nümayiş etdirərək ailə üzvləri birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi qətliama qəti etirazını ifadə etmişdi”.

Mərasim çərçivəsində 20 Yanvar faciəsi ilə bağlı videoçarx və fotoşəkillər təqdim olunub, Qanlı Yanvar hadisələrini əks etdirən fotolardan ibarət sərgi də nümayiş etdirilib.

Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan anım tədbirləri Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Kaspi, Qaraçöp, Telavi, Qardabani, Marneuli rayonlarında da keçirilib.