\
25 Fevral 2020 - Çərşənbə axşamı

İqbal Ağazadədən növbəti hücum - 35 saylı dairədə qan töküləcək? - Elşad Məmmədli yazır... - FOTOLAR

İqbal Ağazadədən növbəti hücum - 35 saylı dairədə qan töküləcək? - Elşad Məmmədli yazır... - FOTOLAR
1248baxış

35 saylı Xətai üçüncü Seçki Dairəsində yarış və rəqabət mühiti getdikcə gərgin bir davaya çevrilməkdədir. Ümid Partiyasının lideri, deputatlığa namizəd hörmətli İqbal Ağazadə çılğın və qaydasız bir taktika ilə fərqlənməkdədir.

Onun bəzi addımları və yaradıcı potensialı çoxlarını heyrətləndirməkdədir. Özünə əsas rəqib, arzuladığı mandatına 1 saylı təhlükə hesab etdiyi Rauf Arifoğlunu ("Yeni Müsavat" Media Qrupunun təsisçisi) hədəf götürərək, tətbiq etdiyi texnologiyalar hikkəli mahiyyətilə, üstəlik, cəza xarakteri ilə fərqlənir. Onun atdığı addımları sıraya düzəndə, ortaya bir səhnə çıxır: Ağazadə yarışmır, dalaşır! Bu, onun üçün artıq seçki deyil, son dava kimi bir şeydir. Adam bütün varlığını və varidatını ortaya qoyub. Lakin mövcud mənzərə insanı üzür: özünü iqtidara alternativ kimi göstərən, dəfələrlə prezident olmaq üçün seçkilərə qatılan bir siyasi lider ən aşağı və vicdansız hesab olunan addımlara əl ata bilir. Görünən budur: bu oyunda onun üçün qırmızı xətt yoxdur. Ağazadə tarana gedir.
Kiçik xatırlatma: Rauf Arifoğlunun onunla eyni dairədən namizədliyi bəlli olan kimi, dərhal, anındaca bütün virtual imkanlarını "Yeni Müsavat"ın rəhbərinə qarşı yönəltdi.

Qəzetimiz və kollektivimizlə dost olan Ümid yetkililəri, Ağazadə tərəfdarları "bizim dairədən niyə deputat oldun" deyə, bir neçə dəqiqənin içindəcə, düşmənə çevrildilər. Proses indi də davam edir.
Daha sonra hər kəsi heyrətləndirən, Azərbaycan seçki tarixinə damğasını vuracaq bir avantüraya imza atıldı: İqbal Ağazadə Rauf Arifoğluna dublikat tapdı və onu saxta imzalarla qeydiyyatdan keçirtməyi bacardı.

Qusar rayonunda, Məlikov küçəsi, ev 7 ünvanında yaşayan, ağır xəstə olan Abbasov Rauf Çərkəz oğlu adlı bir Azərbaycan vətəndaşı tapılır və Bakıya, Xətai rayonuna gətirilir. Burada Ümid Partiyasının üzvlərindən biri onun səlahiyyətli nümayəndəsi olur və proses başlayır. “Yeni Müsavatın” təsisçisi Rauf Arifoğlunun rəsmi sənədlərdəki soyadının Abbasov olduğunu qeyd etsək, xəstə Qusar sakininin qəflətən Bakıda peyda olmasının səbəbini anlayarıq. Onun şansı gətiribmiş: İqbal Ağazadəyə seçki bülletenində ikinci Rauf Abbasov lazım idi. Qusarlı Raufun həyatında bəlkə də heç zaman olmadığı 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmasının səbəbini artıq bütün ölkə bilir.

İqbal Ağazadə ehtiyatsızlıq edərək, bir qrup jurnalistin qarşısında faktı etiraf edib: Rauf Abbasovu Qusardan mən tapıb gətirmişəm deyib. Bu etiraf çoxsaylı saytlarda manşet, sosial şəbəkələrdə müzakirə olundu. Lakin hörmətli İqbal Ağazadə bunların heç birini təkzib etmədi. Böyük bir skandal ölkə ictimaiyyətini və mediasını heyrətə düşürmüşdü: bir siyasi lider seçki fırıldağına əl atdığını rəsmən etiraf etmiş oldu, üstəlik, bunu qürurla jurnalistlər qarşısında açıqladı. Seçiciləri çaşdırmağa, Rauf Arifoğlunun səslərini hiylə yolu ilə bölməyə hesablanmış bu addım Qərb ölkələrində fəaliyyət göstərən hər hansı siyasi liderin karyerasını bitirərdi. Lakin Ağazadə bu əməlinə görə siyasətdən könüllü istefa vermədi, MSK və müvafiq qurumlar da onu cəzalandırmadı. Ən pisi, DSK-nın saxta imza səbəbindən Rauf Abbasovun namizədliyini qeydə almaqdan imtina etməsi qərarı MSK tərəfindən ləğv edildi. Nə baş verdiyini özü də anlamayan qusarlı Rauf Abbasov deputatlığa namizəd oldu. Və o zamandan həmin şəxsi görən olmayıb. Deputatlığa namizədin nə seçki platforması, nə hər hansı bir portreti, nə də normal bir fotosu var. Seçicilərlə görüş keçirmir, mətbuatdan gizlənir, Qusardakı evindən də yoxa çıxıb.

Dairədə görüşlərə birinci başlayan və seçki kampaniyasının startını böyük hesabla üstün tamamlayan Rauf Arifoğluna qarşı təxribatlar bununla bitmədi. "Yeni Müsavat" rəhbərinin demək olar ki, bütün görüşlərinə öyrədilmiş adamlar göndərilir, prosesi pozmağa çalışırlar. 18 yanvarda, DSK -nın seçicilərlə görüş üçün ayırdığı Sabir adına kitabxanada baş verənlər isə Ağazadə zəkasının növbəti yaradıcılığı idi.

"Sprinter" markalı mikroavtobusla görüş yerinə gətirilən 4-5 qadın heç bir əsas olmadan, hay-küy, daha sonra isə dava saldılar. Onlar əllərindən gələn hər şeyi etdilər ki, orada onlara kimlərsə əl qaldırsın. Lakin Arifoğlunun komandası səbrli çıxdı. Ümid Partiyasının üzvü olan qadınlar gəldikləri "Sprinter"lə də geri qaytarıldılar. Ölkə ictimaiyyəti və media növbəti mədəniyyət şoku yaşadı: İqbal Ağazadənin ortaya çıxan “keyfiyyətləri” hər kəsi çaşdırmışdı...
Daha sonra, R. Arifoğlunun Naximovdakı görüşündə də eyni təxribatlar yaşandı. Bir şey aydın oldu: Ağazadə gerçəkdən də özünü 35-in sahibi hiss edir və buraya iznsiz girənləri Qabadayı təfəkkürü ilə cəzalandırmağa çalışır. Görünən budur ki, o, keçmiş dostu Rauf Arifoğlunun bu dairədən namizəd olmasını və çox uğurlu, sistemli kampaniya aparmasını heç cür bağışlaya bilmir. Ağazadə təxribatçı və ümidçi qadınların skandalından sonra təkzibə oxşar bir mətn yaydı. Lakin sonda yeni bir təhdid də ortaya atdı. Sitat: "Mən də yazmağı bilirəm, həm də təkcə qələmlə yox..."

Bu, açıq -aydın etiraf, həm də şantaj idi. Tərcüməsi: "Rauf Arifoğlunun seçki qərargahını yazdırıram" , deməkdi.
Tamamilə mümkündür. Hamıya hörmətli İqbal bəyin "casus" stixiyası bəllidir. O, ləğv olunan MTN-in sabiq rəhbərliyi ilə özəl və yaxın əlaqələrə malik olub. Hətta bəzi iddialara görə, Eldar Mahmudov və digər dostlarının (Elçin Quliyev, İlqar Əliyev) ara-sıra xahişlərini də yerinə yetirib. Maşınında və ofisində olan bəzi müxalifətçi həmkarlarının söhbətlərini yazdıraraq, audioyazını xüsusi xidmət orqanına ötürüb. Bu iddianı təsdiq etdirmək çətindir, lakin bu barədə bir neçə hekayədən xəbərimiz var. Belə birisinin öz seçki rəqibinə, keçmiş dostuna artıq düşmən kimi baxdığını qəbul etsək, yuxarıdakı faktları da toplasaq, İqbal Ağazadənin bur mandat üçün hər şeyə gedəcəyini anlamaq mümkündür.

Bunu heç özü də gizlətmir. İqbal bəy hər yerdə və hər kəsə bəyan edir ki, bu prosesdə həbsə qədər gedər, hətta qan tökər.
Keçmiş rəqibi Araz Əlizadəyə qarşı göstərmədiyi bir davranışı niyə Rauf Arifoğluna qarşı göstərməsinin səbəbi aydındır. Ağazadə bilir ki, aranı qatmasa, xüsusi hiylələr düşünməsə və təxribatlara getməsə, ölkənin əsas siyasi texnoloqlarından sayılan Rauf Arifoğlunu təmiz, ədalətli yarışda məğlub edə bilməyəcək. O, artıq seçkini udmağı düşünmür; Ağazadə seçkini pozmağa oynayır. Bu xətt aydın görünür. Onun seçki qərargahından sızan məlumatlar da bu iddianı sübut edir.

Bizə bəlli olub ki, İqbal Ağazadə, qardaşı İlqar Ağazadə və onların gənc bir qohumu Rauf Arifoğlunun bugünkü (22 yanvar), alnmasa, sabahkı görüşləri üçün təxribat hazırlayıblar.
Gəncə prospektində keçirilməsi nəzərdə tutulan görüşdə, bu dəfə qadınlarla bərabər, bir neçə təxribatçı kişi də (yaşın fərqi yox) iştirak edəcəklər. Onlar R. Arifoğlunu ağır şəkildə təhqir edəcək, bunun qarşılığını verəcək tərəfdarlarla toqquşacaq, özlərinə yüngül xəsarət yetirib, şikayətçi olacaqlar...
Göründüyü kimi, hiylə və fırıldaqlarla zəngin olan metodlara ard -arda, yeniləri əlavə olunur. İqbal Ağazadə özünü aşan risklərə, qəti və barışmaz addımlara gedir. Onun hədəfi seçkini pozmaqdır: bilir ki, Rauf Arifoğlu onu qutuda qoyacaq, normal gedən seçkini udması mümkün deyil. Üstəlik, Eldar Mahmudovun klanının deşifrə olunmuş bir üzvünə artıq inzibati resurslar da isti baxmırlar...
2015-ci ildə, E. Mahmudov vurulandan sonra ard-arda yaşadığı iki məğlubiyyət ona dərs olub.

Elşad Məmmədli