\
27 Aprel 2024 - Şənbə

Bakıda yaşayan erməni qadınının səmimi etirafları... - Eksklüziv müsahibə

Bakıda yaşayan erməni qadınının səmimi etirafları... - Eksklüziv müsahibə
2351baxış

Onunla sırf təsadüfən tanış oldum. İşimlə əlaqədar çox vaxt kompüter arxasında araşdırmalar aparıram. Belə axtarışların birində “Baku Armenians” facebook qrupuna daxil oldum. Bakıdan olan ermənilərin yazışmalarına göz gəzdirdim. İnsafən qeyd edim ki, yazılarda əsasən köhnə xatirələrdən bəhs olunurdu və demək olar ki, azərbaycanlıların əleyhinə heç nə yazılmırdı. Əlbəttə ki, bir neçə istisnalar xaricində. Ağbirçək bir xanımın profili diqqətimi cəlb etdi. O, yazışmalarda fəal iştirak etməsə də, intuisiyam mənə dedi ki, onunla tanış olmağa dəyər. Beləcə, 77 yaşlı Marqarita Konstantinlə (profil adı belə idi) tanış oldum.

İlk vaxtlar mənim yazışmalarıma ara-sıra cavab verirdi. Hiss olunurdu ki, nədənsə çəkinir. Bəlkə də yanılırdım, yazmağa vaxtı yox idi? Hər halda nadir hallarda mənə ismarış göndərirdi.

Zaman keçdikcə bir-birimizə qarşı etibarımız daha da artmağa başladı. Bir gün o, məni evlərinə qonaq çağırdı. Düzü, karıxıb qaldım. Hara gedəcəyimi ağlıma belə gətirmirdim. O, məndən telefon nömrəmi istədi. Maraq mənə güc gəldiyindən tərəddüd etmədən nömrəmi yazdım. Çox keçmədi ki, işin telefonuna zəng gəldi. Dəstəyi qaldırdıqda, nurani bir xanımın səsini eşitdim. Ləhcəsindən erməni olduğu qətiyyən anlaşılmırdı. Rusdilli olsa da, azərbaycanca bədii dildə və olduqca səlis danışırdı.

İstirahət günü onlara yollandım. Məni son dərəcə qonaqpərvərliklə, mehribanlıqla qarşıladılar. Ağbirçək nənə iki qızı, bir oğlu və onların ailə üzvləri ilə birlikdə şərəfimə süfrə açmışdılar. Gəlişimin məqsədini açıqlamadan göstərilən yerdə əyləşdim. Bir-bir tanış olmağa başladıq. Növbə nənəyə çatdıqda, özünü Maral (müəyyən səbəblərdən familiyasını yazmıram) kimi təqdim etdi. Çaşıb qaldım. Axı facebook-da  tanış olduğum qadının adı Marqarita Konstantin idi. Mənim təəccübləndiyimi görüb, bir qədər sonra məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, mərhum həyat yoldaşı azərbaycanlı olan Maral nənə qız vaxtı Marqarita Konstantinyan adını daşıyırmış. Ailə qurduqdan sonra təbii ki, soyadını dəyişib. Məlum hadisələrdən sonra isə adını dəyişdirib. İndi hamı onu Maral nənə kimi tanıyır. Hətta nəvələri də onun əvvəlki adını bilmirlər.

Maral nənə o qədər səmimi idi ki, hər şeyi olduğu kimi danışırdı. Hətta bir ara məclisin qurulma səbəbini də ağzından qaçırdı. Sən demə, həmin gün onun 77 yaşı tamam olurdu. 75 illik yubileyi təntənəli şəkildə qeyd olunduğu üçün o, builki ad gününü keçirmək istəmirdi. Sadəcə, mənim qonaq gələcəyimi eşidib, buna razılıq vermişdi. Xoşbəxtlikdən mən də əliboş gəlməmişdim. Nənəyə mənəvi dəyəri böyük olan bir hədiyyə gətirmişdim. O hədiyyə masanın ən görkəmli yerinə qoyulmuşdu.

Süfrə arxasında ilk dəfə gördüyüm insanlarla birgə əyləşsəm də, hamısı mənə doğma gəlirdi. Müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşları məni məhəbbətlə dövrəyə almışdılar. Bu hissləri sözlə ifadə etmək olduqca çətindir. Həmin ortam özündə Azərbaycan cəmiyyətinin zənginliyini, səmimiyyətini, qonaqpərvərliliyini ehtiva edirdi. Belə ki, Maral nənənin qızlarının ərləri azərbaycanlı, oğlunun arvadı yəhudi, bir nəvəsinin yoldaşı rus, üçününkü isə azərbaycanlı idi. Bununla belə, ayrı-seçkilik hiss olunmurdu, hər kəs vahid Azərbaycan ailəsində birləşmişdi. O ailədə ki, böyüyə hörmət, kiçiyə məhəbbət var. O ailədə ki, hamı öz hüquqlarının bitdiyi yeri, vəzifələrinin başladığı nöqtəni yaxşı bilir.  

Bu ahənglə danışmaq növbəsi mənə də çatdı. Daha doğrusu, bayaqdan bəri sual-cavab etsək də, bu dəfə nənənin xahişi ilə mən danışmalı oldum. Özüm haqda məlumat verməyə ehtiyac yox idi. Ona görə də birbaş gəlişimin məqsədini açıqladım. Maral nənəni yenidən təbrik etdikdən sonra bildirdim ki, onun haqqında yazı yazmaq istəyirəm. Mənim bu təklifim birmənalı qarşılanmasa da, yekun qərarı Maral nənə verdi. O, barəsində yazı yazılmasına bir şərtlə razı oldu ki, məqalədə köhnə şəklini dərc edim. Təbii ki, razılaşdım.

Məclisdən sonra onunla birlikdə ailə albomlarını vərəqləməyə başladıq. O, həzin səsi ilə mənə həyatını anladırdı. Hərdən kövrəlir, hərdənsə göz yaşlarını silərək gülümsəməyə çalışırdı:

“1941-cı ildə Bakı şəhərində anadan olmuşam. 1957-ci ildə 46 saylı məktəbi bitirdim. İki il instituta girə bilmədim. Amma ruhdan düşmədim. 1959-cu ildə universitetə daxil oldum. Rəhmətlik Vaqiflə institutda tanış oldum. Üç il dalımca düşdü. Axır ki, məhəbbətimi qazana bildi. 1962-ci ildə ailə qurduq. 1963-cü ildə ilk uşağımız – Davud dünyaya gəldi. Bir müddət “Zavaqzalnidə” qalsaq da, 1971-ci ildə Nərimanov metrosunun yanından ev aldıq. Artıq üç övladımız var idi. Vaqif “Leytenant Şmidt” zavodunda sex müdiri işləyirdi. Mən isə evdar qadın idim. Uşaqlarımızı böyüdürdüm. Rəhmətlik qayınanamla qayınatam da bizimlə qalırdılar. Ruhları şad olsun, yaxşı insanlar idi. Onları doğma valideynlərim qədər çox istəyirdim, onlar da məndən razılıq edirdilər.

1988-ci ildə məlum hadisələr başladı. Vəziyyət gərginləşdi. Vaqif də özünü narahat hiss edirdi. Gündə 5-6 dəfə evə zəng vurub hal-əhval tuturdu. Evdən eşiyə çıxmasam da, qonşuların qayğısını hiss edirdim. Mənə əvvəlkindən də doğma münasibət bəsləyirdilər. Hətta bildiyimə görə, gözdə-qulaqda olurdular ki, təxribatçılar biz tərəfə gəlməsinlər. Bəli, aranı qatanlar təxribatçılar idi. Əsl azərbaycanlılar isə insanpərvərlik göstərirdilər.

Bir gün Vaqif mənə təklif etdi ki, Rusiyaya köçək. Razı olmadım. Dedim ki, mənim vətənim Bakıdır. Həyat yoldaşım, uşaqlarım azərbaycanlıdırlarsa, mən də azərbaycanlıyam. Oğlum Davud da bir azərbaycanlı oğlu kimi 1991-ci ildə könüllü olaraq orduya yazıldı. Yaxşı yadımdadır, 1992-ci ilin yanvarında, mənim ad günümün səhəri cəbhəyə yollandı. Mən fəxr edirdim ki, yeganə oğlum vətən uğrunda döyüşür. 1993-cü ildə boğazından yaralanıb ordudan tərxis olundu. Bir müddət müalicə aldıqdan sonra sağaldı. Onu evləndirdik.”

Söhbətin bu yerində mən Maral nənəyə suallarla müraciət etdim:

- Oğlunuz şəhid olsaydı, təəssüf edərdinizmi?

- Qətiyyən peşman olmazdım. Oğul düşmən çəpəridir.

- Axı düşmən dediyiniz sizin öz millətinizdir?

- Mən 21 yaşına qədər pasportda erməni kimi yazılmışam, onda da qonşularımız azərbaycanlılar olub. 56 ildir ki, azərbaycanlıyam. Həm də yaşadığı dövlətə xəyanət edən nankor adamlar düşmənlərdir. Onlara başqa ad vermək olmaz. İnanın ki, Bakıda yaşayan ermənilərinin çoxu mənim kimi fikirləşir.

- Siz bunu haradan bilirsiniz?

- Ərləri azərbaycanlı olan bir neçə erməni rəfiqəm var ki, hamısı Burada qalıblar. Hətta bir vaxtlar İsrailə, Rusiyaya köçənlər də geri qayıdıblar. Onlar da Qarabağ müharibəsini törədənləri lənətləyirlər. Onlar bir yana, Bakıdan köçən başqa ermənilər də Azərbaycan haqda yüksək fikirdədirlər. İnternetdə tanış olduğumuz qrupda da bunu görə bilərsiniz. Bir neçə nəfəri çıxmaq şərti ilə hamısı Azərbaycan haqqında ağızdolusu danışır.

- İnternetdən söz düşmüşkən, azərbaycanlı olduğunuzu dediyiniz halda niyə erməni adı ilə ermənilərin qrupuna daxil olmusunuz?

- 31 il əvvəl itirdiyim bacımı tapmaq üçün. O, Xankəndinə gəlin köçmüşdü. Hadisələr vaxtı aramız kəsildi. Sonra eşitdim ki, ailəsi ilə birlikdə Amerikaya köçüb. Amma onunla əlaqə yarada bilmədim. O qrupa girməyimin bir səbəbi də odur ki, Bakı ermənilərinə həqiqətləri çatdırım. Qoy hamı bilsin ki, Azərbaycan inkişaf edib, uğurlar qazanıb. Çünki onun ən böyük sərvəti gözəl millətidir.

Maral nənə ilə xoş xatirələrini bölüşdük. Dünəndən bu günə uzanan tale yoluna birlikdə səyahət etdik. 77 yaşlı ağbirçəyin həyatına nəzər saldıqda, bir daha azərbaycanlı olduğumla fəxr etdim...

Natıq Qocaman