\
2 Iyun 2020 - Çərşənbə axşamı

"Missiyam ərzində layihələrə ürəyimi qoymuşam"" - Aİ-nın Azərbaycandakı yunanlı nümayəndəsi Mr.Denis Daniıllidis - FOTOLAR

"Missiyam ərzində layihələrə ürəyimi qoymuşam"" - Aİ-nın Azərbaycandakı yunanlı nümayəndəsi Mr.Denis Daniıllidis - FOTOLAR
5149baxış

"Azərbaycana yenə də gəlib-gedəcəyəm!

“Qalstuksuz görüş” rubrikamızın bugünkü qonağı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yunan əsilli nümayəndəsi Denis Daniıllidisdir.

Ziyalı olduğu qədər də sadə, mehriban, xoş ab-havalı, zarafatcıl diplomat...

 

“Özümü burda rahat hiss edirəm”

- Mr.Denis, neçə vaxtdır Azərbaycandasınız?

- Bundan əvvəlki təyinatım Aşxabadda idi. 3 ildən bir qədər artıq orda işləmişəm. Azərbaycandakı missiyam 2016-cı ilin sentyabrından başlayıb, avqust  ayında bitəcək. Ukrayna, Venesuella, Rusiya, Türkmənistan və nəhayət Azərbaycan. 

- Azərbaycanı özünüz seçdiniz, yoxsa təyinatdan xəbərsiz idiniz?

2011-2013 cü illər ərzində Brüsseldə Avropa İttifaqının Azərbaycan üzrə əlaqələrinin inkişafında iştirak etmişəm.  Bu region mənə doğmalaşmışdı,  özüm müraciət etdim ki, məni göndərsinlər.

- Bilmək istərdik, burda sizin marağınızı çəkən əsas nə olub? Daha doğrusu, Azərbaycan o biri ölkələrdən nə ilə fərqlənir?

Təhlükəsizlik, tolerantlıq, hava nəqliyyatı, iş üçün hər bir şərait var, rus, ingilis dilində rahat ünsiyyət qurmaq olur, problem yaşanmır. Yerli sakinlərlə də ünsiyyət çox rahatdır.  Səyahəti sevirəm. Burda diplomatik cəmiyyət də genişdir, rəngarəngdir. Dünyanın çox ölkələrinin nümayəndələri var burda.  Təbii ki, təbiəti mülayimdir. Burda istədiyimiz hər bir şeyi tapmaq olar. Özüm Yunanıstandanam, günəşli iqlimi sevirəm. Azərbaycanda da eyni təbiət mövcuddur. Özümü burda rahat hiss edirəm.

 

“Dadlı yeməkləriniz çox vaxt və incəlik tələb edir”

- Azərbaycan dilində danışmağı öyrənmisiniz?

- Tam yox. Türk dilindən anlayışım var. Sizin dil də türk dilinə yaxın olduğu üçün necə deyərlər, suyumu çuldan çıxara bilirəm. Yanımda danışılanda söhbətin nədən getdiyini tam başa düşürəm.

- Hansı yeməklərimizi sevirsiniz?

Məncə, mətbəx həmin ölkənin təbiətini tərənnüm edir. Azərbaycan qadını mətbəxdə çox vaxt keçirdiyindən düşünürəm ki, sizin yeməklər çox zəhmət tələb edir. Dadlı yeməkləriniz çox vaxt və incəlik tələb edir.  Qadınlarınız səliqəli, səbirlidirlər. Əmin edim ki, sizin yeməkləri Avropada bişirən olmaz. Mətbəxinizin əsasını əsasən ət təşkil edir. Bəzən heç ədviyyatlara belə ehtiyac qalmır. O qədər dadlı tərəvəzləriniz var ki. İndiyə kimi daddığım ən ləzzətli ət Azərbaycandadır.  Şəmkir və Zirə pomidorlarının ətri, dadı!!! Əladır.

- Özünüz də yemək hazırlamağı sevirsiniz... Bəs bizim yeməklərdən hansını xoşlayırsınız?

Düşünürəm ki, fisincanplav yalnız Azərbaycana məxsusdur. Mənim təsəvvürümdə “fisincanplov” Azərbaycanı tərənnüm edir. Özünəməxsus dadı var. Həm də çox zəhmət tələb edən yemək növüdür.  Və ləvəngi. Bu da çətin yeməkdir. Amma çox dadlıdır. Ən sevdiyim yeməkdir.  

 

“Kəndə belə gedəndə oranın ən yaraşıqlı binasını göstərib deyirlər ki, bura bizim şadlıq sarayımızdır”

- Ən-ənələrimiz haqda nə bilirsiniz?

- Novruz bayramı...  Çox bölgələr gəzdiyimə görə bir çox adət-ənələrinizdən xəbərdaram. Toylarınıza çox məsrəf sərf olunur. Hətta bir şeyi müşahidə etmişəm ki,  gəliri orta səviyyədə olan ailələr belə göstəriş xətrinə yüksək səviyyədə toy təşkil edir. Həddən artıq çox qonaqlı-qaralı olur. Hətta kiçik kəndə belə gedəndə oranın ən yaraşıqlı binasını göstərib deyirlər ki, bura bizim şadlıq sarayımızdır.

- Mr.Denis, Xorvatiyanın Azərbaycandakı səfiri yerli rəssamımız Günay Mehdizadə ilə ailə həyatı qurub...

Normal. Diplomat da insandır. Onun şəxsi həyatıdır. Xoşbəxt olsunlar. Niyə də yox?

- Subay olsaydınız, siz də azərbaycanlı xanımla ailə qurardınız?

Əlbəttə. Amma mən evliyəm (gülür).

 

“Bu işlər üçün dövlət büdcəsindən vəsait ayrılıb, bu da təqdirəlayiqdir”

- Azərbaycanlı dostlarınız varmı?

- Əlbəttə, çoxdur. Mütəxəssislər, mədəniyyət sahəsində şalışanlarla əlaqəm var, arxitekturlar, yazıçılar, musuqiçilər, jurnalistlər. Hamısı ilə dostam.  Məsələn, memar Elçin Əliyev hal-hazırda Balaxanıda bərpa işləri ilə məşğuldur. Memarlıq, tarix mənim həssas nöqtəmdir deyə, Balaxanıda görülən işlərin səviyyəsi mənim üçün çox önəmlidir. Orda çox gözəl, qədimi evlər var. İndi o tarixi abidələr sayıla biləcək məkanlarda Avropa standartlarına uyğun işlər gedir. Elçin Əliyevin rəhbərlik etdiyi heyətin böyük zəhməti var. Bu işlər üçün dövlət büdcəsindən vəsait ayrılıb, bu da təqdirəlayiqdir. Bu da əlbəttə ki, dövlətin tarixi memarlığa verdiyi yüksək dəyərin göstəricisidir. Məsələn, 200 illik tarixi olan hamam binası... ovdan...  Artıq işlər öz bəhrəsini verir. İstəyirəm ki, turistlər hər hansı bir ölkənin tanınmış tarixi məkanlarından əlavə, tanınmamış məkanlarını da görsünlər. 

 

“4 sezondur ki, birlikdə böyük işlər görmüşük”

- Azərbaycanda nə kimi işləriniz olub?

- Burda olduğum müddət ərzində bir neçə festival layihəsi həyata keçirmişik. İstər mədəniyyət, istər elm, istər diplomatik sahədə. Missiyam ərzində bu kimi layihələrə ürəyimi qoymuşam. Çünki hər bir işin əsasında insanlar arasında ünsiyyət durur. O ünsiyyəti möhkəmlndirməyə çalışıram ilk növbədə. 

Məsələn, Tolerantlıq festivalı , “Fantaziya” festialı -tarixi və memarlıq abidələrinə, mədəni irsə həsr olunub.Konsertlər, fotosərgi, mühazirələr, film nümayişlərinin keçirilməsi nəzərdə tutulub. Daha bir festivalımız isə gender bərabərliyinə həsr olunmuşdu. Həmçinin “ASAN Radio” ilə birlikdə “Avropa ASAN” layihəsini həyata keçirmişik. Artıq 4 sezondur ki, birlikdə böyük işlər görmüşük. Biz bu layihələrdə Avropa haqda hər cür informasiya verməklə yanaşı işlərimiz haqda da hesabatveririk. Çox uğurlu layihələrdir hər biri. Bu, bütov region üçün bir nümunədir. Bir çox ölkələr bu layihəyə bənzər nə isə etməyə can atırlar. Həmçinin “Sizin Avropa” saytı var. Orda da Azərbaycan dilində informasiyanı çatdırmağa çalışırıq. “ASAN könüllülər”lə də işbirliymiz olub, bir sıra layihələr həyata keçirmişik. Elə bu kimi işlərimizlə bağlı jurnalistlərlə sıx təmasda oluruq. Bütün işlər haqda ətraflı hesabat veririk vaxtlı-vaxtında. Şəkidə, Mingəçevirdə bir çox layihələr həyata keçirmişik, press-tur hazırlayıb, hesabat təqdim etmişik. İndi də texniki peşə təlimi istiqamətində bir neçə layihəmiz var.

 

"İndi həmin rejissor Bakıya gəlib, burada film çəkmək istəyir"

- Mr.Denis, tədbirlərə tanınmışlardan dəvət etdiklərinizdən olub?

Yes! (gülür) Tədbirlərə dəvət etdiyimiz tanınmışlar Azərbaycana aşiq olublar, məsələn, niderlandlı kinoressor Robert Rompault “Fantaziya festivalı” çərçivəsində Bakıya gələndə bura vuruldu. Sabunçuda olanda sakinlərin qonağı olduq. Ailə albomlarına baxdıq. Sakinlərə maraqlı gəlirdi ki, görəsən, bunlar burda nə axtarırlar?

İnsanlarınız çox səmimidirlər. “İmagine” festvalında Ekvadordan film nümayiş etdirmək üçün tanış rejissordan xahiş etdim, dostum da bir beynəlxalq kino festivalında münsif olaraq qatılıb. Orda bir ekvadorlu rejoissordan film istəmisdi Bakıda göstərmək üçün. Həmin adam da Bakının adını eşidəndə buranı tanıdı. Dostum da təəccüblənmişdi ki, sən Bakını tanıyırsan?İndi həmin rejissor Bakıya gəlib, burada film çəkmək istəyir.

 

“Qalstuk taxmağı sevmirəm”

- Rəqslərimizi də sevirsiniz, Mr.Denis...

- Hardan bilirsiniz?

- İctimai TV-də görmüşdüm sizi, gəşəng rəqs edirdiniz...

Bir az bilirəm (gülür) Hollandiyanın səfiri ilə proqramın qonağı idik, orda rəqs etdik ikimiz də.

- Övladınız varmı?

İki qızım var, biri Brüsseldə, o biri Londonda yaşayır. Həyat yoldaşım rusdur. Səyahət etməyi sevir.

- Rubrikamızın adından göründüyü kimi, “Qalstuksuz görüş”dəsiniz...

Əslində rəsmiyyəti sevmirəm və rahat geyimlərə üstünlük verirəm. Qalstuk taxmağı elə də sevmirəm. Məcbur protokol görüşlərində taxıram. İnsan həyatını ona rahat olan vəziyyətə görə seçməlidir. Hər bir halda – istər geyim, istər yemək, istər yaşam tərzi, istərsə də sənət... Mən öz peşəmi çox sevirəm. Hər kəsə də belə seçim etməyi məsləhət görürəm.

- Azərbaycanlı oxuculara demək istədiyiniz başqa nəsə varmı? 

- Mənim buradakı missiyam başa çatsa da, sizin ölkəni heç vaxt unutmayacağam. Gəlib-gedəcəyəm. Bura məni bağlayan sıx dostluq münasibətləri, doğmalıq var. Dünyamıza sülh arzulayıram! 

Hazırladı: Könül Aypara

Sevinc Süleymanova