\
28 Fevral 2021 - Bazar günü

"Heç vaxt çılpaq səhnələrə çəkilməmişəm" - Məşhur "İudanın arvadı" serialının qəhrəmanı - Eksklüziv - VİDEO

"Heç vaxt çılpaq səhnələrə çəkilməmişəm" - Məşhur "İudanın arvadı" serialının qəhrəmanı - Eksklüziv - VİDEO
1219baxış
“Ulduzlar” rubrikasının bu dəfəki qonağı bir vaxtlar ANS TV-də yayımlanan “Luisa Fernanda”, SPACE TV-də yayımlanan “İyudanın arvadı”, “Mənim 3 bacım” və Sevginin gücü” adlı seriallarda rol alan venesuellalı tanınmış aktrisa-aparıcı Veronica Ortizdır.
 
- Veronica Ortiz, rol aldığınız “Luisa Fernanda”,” Mənim üç bacım” (3 hermanas), "İudanın arvadı” (La mujer de Judas) və “Sevginin gücü” ( Sabor a ti) serialları Azərbaycan telekanallarında da yayımlanıb. Azərbaycanda sizi tanıyan və sevənlər var. Bundan xəbərdarsız?
 
- İşlərimin bir qisminin sizin gözəl ölkənizə çatmasından çox sevincliyəm. Siz deyənə qədər xəbərim yox idi (gülür). Elə sizinlə söhbət əsnasında internetdə axtarış etdim, gördüm ki, bu seriallar Azərbaycanda izlənilib və bəyənilib. Amma ən çox “İudanın arvadı” səs-küy yaradıb.
 
- Bu serialardan hansı sizə daha yaxındır, daha ürəyinizcə olub?
 
- Hamısını bəyənirəm, amma xüsusilə “Sabor a ti” serialında Yaxayra obrazım karyeramda daha vacib rol alıb.
 
- Niyə? Səbəbi bizimlə bölüşərsiniz?
 
- Digər seriallarda daha çox mənfi obrazları canlandırmışam. Yaxayra Martínez isə yaxşı xarakterə məxsus idi. Mehriban və dostlarının dərdinə şərik olan bir obraz idi. Bu serial cəmiyyətimizdə çox sevildi. Hətta bir çox ölkələrdə təkrar-təkrar yayımlandı.
 
- Serialda Ana Karina Manco və Miguel de León kimi məşhurlar da yer alıb. Ana Karina Manco yaxın rəfiqəniz olub. Bu dostluq hazırda davam edir?
 
- Bəli, Ana mənim rəfiqəmdir. O, hazırda ABŞ-da yaşayır, mən isə İspaniyada. Ancaq buna baxmayaraq, həmişə ünsiyyət qururuq.
 
 
- “Luisa Fernanda” və “Mis 3 hermanas” teleseriallarında aktrisa Skarlet Ortiz ilə çəkilmisiniz. Bəs onunla dostluq əlaqələriniz davam edirmi?
 
- Skarlet ilə həyat yoldaşı Yul Bürkle vasitəsilə əlaqə saxlayıram. Dostluq münasibətimiz var. Onunla. hətta bir müddət RCTV televiziyasında bərabər işləmişik.
 
 
- "İudanın arvadı” (La mujer de Judas) serialı ölkəmizdə əməlli-başlı səs-küy yaratmışdı. Bu serial haqda istərdim maraqlı faktları bizimlə bölüşəsiniz.
 
- "İudanın arvadı” serialının birinci mövsümündə Altaqrasiya ilə həbsxananın kamerasını bölüşdürürdük. Növbəti qurbanın və qatilin kim olduğunu oturub gözləyirdik. Təsəvvür edin ki, ssenarist finala kimi hər şeyi sirr olaq saxladı. Qatilin kim olduğunu biz də ən sonda bildik. Hətta həmin hissəyə təkrar baxsanız, görəcəksiz, ordakılar necə təəccüblə baxır.
 
 
- Ruhunuza ən yaxın olan obraz hansıdır?
 
- Ən çox canilər. Halbuki real həyatda çox mehriban insanam... Canilər imkan verir ki, sən istədiyin şeyləri görəsən. Axı adi insan bunu heç vaxt etməz. Fikrimcə bu, əyləncəlidir. Yaxşı, mehriban insanlar isə bəzən ən çox ağlayan tərəf olur.
 
- Çəkiliş pavelionunda başınıza gələn ən maraqlı hadisə hansıdır?
 
- "El Paseo de la Gracia de Dios” serialının çəkilişi zamanı başıma maraqlı hadisə gəlib. Serialda hamilə obrazındaydım. Ancaq realda da oğlum Diyeqoya hamilə idim. Orta plandan kadrlar götürdülər və güya uşağı dünyaya gətirdim. Ertəsi gün isə həqiqətən də ana oldum. Çəkilişin finalını bitirə bilmədik, bir müddət gözləməli oldular. Xatırlamaq mənim üçün həyəcanlıdır. (gülür)....
 
 
- Kino, yoxsa teatrda rol almaq daha çətindir?
 
- Hər ikisini sevirəm, çünki fərqlidirlər. Düşünürəm, hər birinin öz çətinliyi var.
 
- Elə bir təklif olub ki, rədd etməli olmusunuz?
 
- Bəli. Heç vaxt çılpaq səhnələrə çəkilməmişəm.
 
- Bildiyim qədəri ilə, siz həm də radioaparıcısız... Bu sahədə həmkarıq (gülür)... Aktrisalıq, yoxsa aparıcılıq sizə daha doğmadır?
 
- Bəli-bəli, biz həmkarıq. Venesuelada televiziyada və radioda aparıcı olmuşam. Madriddə də radio proqram etmək fürsətinə sahib oldum. Ancaq pandemiya səbəbindən hələ ki fasilə vermişəm.
 
 
- 26 yaşlı Diyeqo adlı oğlunuz var. O, hansı sahədə çalışır? Aktyor olmaq istəsə, razılıq verərsiniz?
 
- Diyeqo kompüter mühəndisi və xarici dillər üzrə müəllimdir. O, alman, ingilis və İtalyan dillərini əla bilir. “Mənim üç bacım” (Mis 3 hermanas) serialında onunla birgə çəkilmişik. Orada da oğlum rolunda idi. İnanın ki, onunla birgə işləmək çox xoş və maraqlı idi. Aktyor olmaq istəsəydi, onu dəstəkləyərdim.
 
- Azərbaycan ölkəsi, paytaxt Bakı şəhəri haqqında məlumatınız vardı ?
 
- Əlbəttə. Fotolarda və videolarda görmüşəm. Bakı möhtəşəm şəhərdir. Qismıt olsa, qonağınız olaram. (gülür)... Amma sizin qonşu ölkələriniz Rusiya və Türkiyəyə səfərim olub. Ümid edirəm, tezliklə Bakıya da gələrəm və Anar bəy, sizinlə görüşüb söhbət etmək istərdim. (gülür). Azərbaycana salamlar!
 
 
Hazırladı: Anar İbrahimli