\
28 Fevral 2021 - Bazar günü

“Yetəri qədər ölkəmizi səviyyəli və professional şəkildə təqdim edə bilmişəm” - Rəssam Lalə Ağayeva - FOTOLAR

“Yetəri qədər ölkəmizi səviyyəli və professional şəkildə təqdim edə bilmişəm” - Rəssam Lalə Ağayeva - FOTOLAR
1058baxış

Gəlin razılaşaq ki, yaradıcı insanlar hər zaman fərqləniblər. Onların öz dünyaları var: sakit, işıqlı, rəngarəng, duyğusal, hissiyyatlı... Onlar həm də gözəl müşahidəçilərdir: ətrafda baş verənləri gözəl müşahidə edirlər. Yeni ideya üçün mənbə tapmaq bu cür insanlara görə çətin deyil. Hər hansı xırda bir detaldan şah əsər yaratmaq qabiliyyətinə malikdirlər. Sözləri, istedadları ilə tarix yaza bilərlər. Onlar üçün günün nizamı mövcud deyil.

“Qalstuksuz görüş” rubrikamızın ilk xanım qonağı ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş, Azərbaycanın Rəssamlar İttifaqının üzvü, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosisiyasını üzvü, Aktivist Rəssamlar Assosiasiyasının üzvü, rəssam Lalə Ağayevadır.

“ATAM MƏNƏ ÖRNƏK OLUB”

- Deyirlər, hər kəs öz adını sanki xarakterizə edir. Eynən sizin kimi: nəcib, gözəl, incə, yüksək ab-hava bəxş edən lalə gülü kimisiniz. Adınızı kim qoyub sizə?

- Atam. Lalə gülünü çox sevirdi...

- Nəzarət Ağayev...  Bildiyimiz qədərilə, tanınmış memar, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sektor müdiri işləyib.  Azərbaycan incəsənəti üçün çox işlər görüb. Allah rəhmət eləsin. Siz bir övlad kimi hazırda onun yolunu davam etdirirsiniz. Çətin deyil ki?

Hər bir iş çətindir, əlbəttə ki. Mənə örnək olub atam. İki ali təhsilli olsam da, demək olar ki, həyatda müəllimim atam olub. İndi ayaqlarım üstündə dik dayanmağımın səbəbkarı da o olub. 5 yaşımdan onun tikinti işlərinin tamaçaşısı idim. Hər bir sənət əsərini izləmişəm

- O yaşlarda qız uşaqları əsasən gəlinciklərə meyilli olurlar...

Elədir. Anam həmişə deyinərdi ki, xalxın qızları rəqsə gedir, rəsm çəkir, bu qız isə atası ilə inşaatçıların arasındadır. Bu necə olacaq? Atam isə deyirdi ki, vaxt gələcək, biləcəksiniz ki, mən bunu niyə edirəm.

- Bəs özünüzə necə, maraqlı idimi güclü cinsin nümayəndələrinin işləri ilə maraqlanmaq?

İlk vaxtlar yox, amma sonralar marağım artmağa başladı. Memarlıq mənim içimə hopurdu. Sıfırdan – adi torpaqdan nələr yaratmaq... Evlər, binalar...

- Amma rəssamlığa daha çox üstünlük verdiniz...

Düzdür, Pedaqoji Universitetin mühəndis pedaqoji, bədii qrafika fakultəsini bitirdim. Amma heç də peşman deyiləm. Ölkəmizi dünyada təmsil etməkdən zövq alıram. Dünyanın bir çox muzey və qalereyalarında mənim əsərlərimdən ibarət sərgilər olub.

 

"ATAMA ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN “DÖVLƏT MÜŞAVİRİ” ADI VERİLİB"

- Eyni zamanda da tikinti şirkətinin sahibəsisiniz.

- Atam xərçəng xəstəliyinə tutuldu, 8 il əziyyət çəkdi. İki il öncə onu itirdik... Ailədə bir bacı, bir qardaşıq. Qardaşım xaricdə yaşadığı üçün atamın işlərinin başıma mən keçməli oldum. İnşaat sektoru elə bir sahədir ki, nəzarətsiz qalmamalıdır. Atamın gördüyü böyük layihələr qalmışdı, davam etdirilməli idi.  Amma müalicəsi üçün İstanbula aparmalı olduq. Qardaşım onunla oldu, mən isə işlərini görürdüm. Atam geri dönəndə isə dedi ki bilirəm, bu elə bir xəstəlikdir ki, yaxamdan əl çəkməyəcək. Ona görə də məni şirkətinin rəhbəri qoydu. Ona söz vermişdim ki, sən məni necə görmək istəyirsənsə, sənə layiq olacağam.

- Atanıza çox bağlı olmusunuz, deyəsən...

Elədir. Çox maraqlı insan idi. Onun çalışanlarının hər biri öz işinin peşəkarı idilər: memarlar, dizaynerlər.. Çox mükəmməl işlər görüb atam. Hətta ona Ulu Öndər Heydər Əliyev tərəfindən “Dövlət müşaviri” adı verilib. Mən belə bir insanın yolunu davam etmək üçün əlimdən gələni etdim və davam edirəm. Həm oxudum, həm təcrübə topladım, həm öz şirkətimi qurandan sonra ayağa qalxa bildim. Qardaşım da mənə dəstək oldu. Şirkəti açan kimi mənə böyük bir təklif gəldi. “Ziraat Bank”ların Azərbaycandakı baş ofisinin bütün memarlıq işlərini görmək. O zaman türk bir xanımla şərik idim. Onunla birlikdə işlərə başladıq. Sonralar təkliflərin sayı-hesabı olmadı. Vizit kartım hər kəsin xoşuna gəlmişdi.  Azərbaycanda özəy olanda, müştərilərin inamını qazanmaq mümkündür. 

 

"İNDİ “XARI BÜLBÜLÜ” O QƏDƏR UCUZLAŞDIRIBLAR Kİ..."

- Niyə kənarda qalmağı tərciyə edirsiniz?

Bu sualı çox adam verib mənə. 2015-ci ildə rəsm işlərimdən ibarət “Xarı Bülbül” kolleksiyasını yaratdım. İstanbulda onları parçalar üzərinə print elətdirdim. Bütün parçaları, rəngləri özüm seçdim. “Xarı Bülbül” bilirsiniz ki, 10 növdə olub, onları qoruyub saxlamaq mümkün olmayıb. Səbəb də torpaqlarımızın işğal altında olması olub. Mən “Xarı Bülbül”ün iki növündən istifadə etdim. Hətta mənim tanınmış “Çelebi” mebel mağazasının dəstəyi ilə sərgim oldum. Sonra libaslarımızı “Baku Fashion Week”də təqdim etdik. Onda heç insanların çoxu bilmirdi ki, “Xarı Bülbül” nədir. İndi “Xarı Bülbülü” o qədər ucuzlaşdırıblar ki... Axı bunun tarixini bilməlisiniz, Hamınız niyə eyni, şablon iş görürsünüz? Oturun bir fikirləşin, əziyyət çəkin, yenilik gətirin. Hansısa motivdə işləyin. Onları görəndən sonra fikirləşirəm ki, şükür Allaha ki, mən etdiyimi etmişəm vaxtında. Yetəri qədərilə də tanınmışam lazımi təbəqələr üçün. Yetəri qədər ölkəmizi səviyyəli və professional şəkildə təqdim edə bilmişəm. Bunu tələbələrimə də demişəm, çalışın pul qazanmaq üçün öz reputasiyanızı və ölkəmizin adını ucuzlaşdırmayın! Bu, düzgün deyil. Çünki biz – memarlar, rəssamlar, bəstəkarlar, heykəltəraşlar, bir sözlə, incəsənət adamları ölkəmizi gözəl və düzgün işimizlə təqdim etməliyik dünyaya. Hər şey bizdən asılıdır. Bizim geyimimiz belə xarici ölkədə Azərbaycanı tanıdır. Xaricilərdə maraq oyatmalıyıq. Yoxsa plagiatlıq, eyni şeylər heç kimə maraqlı deyil.

 

ƏN QİYMƏTLİ ƏSƏRLƏRİ – “XARI BÜLBÜL” VƏ "ADƏM VƏ HƏVVA”

- Lalə xanım, əsərləriniz xarici ölkələrin muzeylərində satışa çıxarılıb. Hətta məndə olan informasiyaya görə, “Forbes” jurnalının “Milyarderlər”  siyahısında bir neçə nəfər var ki, sizin əsərlərinizin vurğunudur. Evində saxlayır. Bu məlumat həqiqətdirmi? 

- Nə eşimisinizsə, doğrudur.

- Əsərlərinizin ən bahalısı hansıdır və neçəyə sata bilmisiniz?

Mən sadəcə qalereyada qiymət qoyuram. Milyonlara əsər satmamışam. Qalereyanın qoyduğu qiymətdir, mən ürəyim istədiyim qiyməti qoya bilmərəm. Sənin əsərin neçəyədirsə, onlar o qiymətə də satışa çıxarırlar. O qalereyalarla anlaşırıq ki, satışa gedə bilsin.  Amma mənim gəlirim tikinti şirkətlərimdəndir. Tikintidən qazandığımı qoyuram yaradıcılığma ki, ölkəmiz üçün nəsə edim. Dünyada düzgün şəkildə təmsil edim. Heç vaxt statuslarımdan yararlanmağa çalışmamışam, kimdənsə dəstək ummamışam. Mənim qaldığım otel belə səviyyəmdə olmalıdır. Heç bir qurumu qınamıram. Mən bunu ölkəm, ailəm və tələbələrim üçün edirəm. Məndən sonra bütün bunlar gözəl xatırlansın deyə edirəm. Tarixə düşsün deyə edirəm. Belə fikirləşib, bu yolla da gedirəm.

- Siz həm də bildiyim qədərilə dizaynersiiz. Gözəl geyimləriniz var.

Buna bir hobbi deyək. İstedadımın daha bir qolu...   

- Lalə xanım, jurnalistə əziyyət vermədiyinizin fərqindəsinizmi? Rəssamlıq və arxitektorluq, dizaynerlikdən də əlavə, həm də nitq qabiliyyətiniz var. O qədər səlis danışırsınız ki, cümlələriniz, fikirləriniz muncuq kimi düzülür...

Çox sağ olun. Əgər qarşımdakı insandan müsbət aura alıramsa, onunla münasibətimizi davam etdirməyi xoşlayıram, yox, əgər ilk baxışdan o adamdan xoşum gəlmədisə, bilsəm ki, xeyrim olacaq, yenə də uzaq gəzib-dolaşıram. Bu xüsusiyyətimdən xoşum gəlir.

 

“ƏN ÇOX SEVDİYİM ƏSƏRİM MİLYARDER TƏRƏFİNDƏN ALINIB”

- Ən çox sevdiyiniz əsəriniz hansıdır?

- Türkiyədə iş adamı tərəfindən alınıb – Quranın birinci ayəsi var: “ Gecə və gündüz”. O əsərimi həmin adam Facebook səhifəmdə görüb bəyənib almaq istədiyini bildirmişdi. Ondan əlavə, daha iki əsərimi də aldı. Amma həddindən artıq böyük məhəbbətlə evimdə hər zamanlar tamaşa etdiyim bir işim var idi. Hansı ki, 2017-ci ildə Azərbaycanı “Luvr Muzeyi”ndə təmsil etdi: “Adəm və Həvva”. Onu da əlavə edim ki, o əsərim dünyanın 5-ci milyarderi tərəfindən alınıb. Həmin şəxs “Xarı Bülbül” əsərimin də sahibidir.

- Bir əsəri yaratmaq üçün nə qədər zamanınız gedir?

Elə ola bilər ki, bir əsəri mən gecədən səhərə qədər işləyib bitirim. Amma elə əsərim də olub ki, qadın obrazıdır, çiynində quş, quşun dimdiyində albalı var. O albalının budağını mən bir ilə də çəkə bilərəm. Elə bir prosedurdur ki, mən elə hisslərlə işləyirəm ki, bir günə də bitə bilər, illərimi də ala bilər. O artıq ruhdan və həmin o anlar keçirdiyim hisslərdən asılıdır.

- Lalə xanım, rəssamlar var ki, əsəbləşəndə iş başına keçir, deyir, mən onda rahatlıq tapıram. Amma sənətkar da var ki, xoş əhval-ruhiyyədə işə başlayır. Sizdə necədir?

Düz deyirsiniz. Amma hər rəssamın öz dünyası var. Məsələn, mən hansısa bir fəlsəfi kitabı oxuyum, orda elə bir cümlə görə bilərəm ki, ondan 10 əsər ərsəyə gətirə bilərəm. Çox qeyri-adi hallardır. Sizinlə söhbət zamanı pəncərəyə baxıb hansısa bir obrazı beynimdə yarada bilərəm. Evə gedib eskizini çəkərəm, sonra da kətana çevirə bilərəm. Ona görə də hər kəslə görüşmürəm, Hər insan mənə gözəllik bəxş edə bilməz, bunu bilirəm, hər insan mənə sevgi göstərə bilməz. Buna məcbur da deyiləm. Ona görə də özüm seçirəm: kimlərlə mənə xoş olacaq, kimlər mənə xoş təssürat yaradacaq, ondan sonra da fəaliyyətimizə davam edə bilirik

- Emalatxananız varmı?

Xeyr, çox təəssüflər olsun ki. Hətta tələbələrimi belə evimdə hazırlamışam. Müraciət də etməmişəm dövlətə. Amma ofislərimiz var. Emalatxanam olacaq, amma indi yox, hardasa 5-10 ildən sonra. Hansı ki, mən artıq kənara çəkilmək istəyəcəm. Ancaq gecə-gündüz əsər yaratmaq üçün.  İndi əsər çəkmək dəbi gələndə evimin bir küncü var, ora çəkilirəm.

- Lalə gülü al qırmızı rəngdədir. Özünüz hansı rəngi sevirsiniz?

Ağ! Ağ paklıqdır mənim üçün. Evim, maşınım nəyim varsa, hamısı ağdır. Ağ rəng həyat deməkdir. Ağdan bütün rəngləri yaratmaq əldə etmək olar.   

- Hardasa oxumuşdum ki, rəssamlarda ekstrasenslik qabiliyyəti mövcuddur. Varmı sizdə də belə qüvvə?

Bəlİ, var. Hiss edirəm. Hətta elə olub ki, dəfələrlə insanları təəccübləndirmişəm. Elə biliblər çox insanlarla ünsiyyətdə olmağımdan irəli əlir. Amma qətiyyən belə deyil. Çoxu məni özündənrazı kimi bilir. Amma əslində belə deyil. Ola bilər ki, bəzən belə etmişəm, istəməmişəm ki, qarşımdakı məni aciz bilsin. 

- Həyatda hər şeyə nail olmusunuz. Hər bir qadının qibtə edə biləcəyi bir xanımsınız. Bəs özünüz özünüzü xoşbəxt hiss edirsinizmi?

... Xeyr...

- Çoxları tənhalıqdan qorxur... Amma bunu yaradıcı insanlara şamil etmək olmaz. Əksinə, onlar tənhalığa çəkilməyə daha çox üstünlük verirlər. Onlar üçün bu, ətraf mühitin aqressiyasından, cəmiyyətdə baş alıb gedən formallıqdan gizlənmək üçün əla vasitədir. Tənha qalan zaman onların ilham pərilərini heç kim qova bilməz. Buna görə də tənhalıqdan həzz alırlar... Tənhasınızmı?

İki övladım var. Onlar mənim bütün təkliyimi əlimdən alırlar. Allah bütün evlərə övlad nəsib eləsin. AUlu Tanrı balalarımızı, gələcəyimizi sağlam şəkildə yetişdirməyimizə yardımçı olsun. Allah Azərbaycanımızı qorusun. Şükür ki, artıq xalqımızın problemi də Cənab Prezidentimiz İlham Əliyev tərəfindən, Müzəffər Ordumuz tərəfindən həlli yolunu tapdı. Allah cəmi şəhidlərimizə rəhmət eləin. 

 

SON SÖZ ƏVƏZİ:

Həyat bildiyimiz kimi, ağ-qara zolaqlardan ibarətdir. Bütün dahi ixraçılar və rəssamlar, ümumiyyətlə, yaradıcı insanlar nə zamansa şübhələrə düşür və səhvlərə yol verirlər. Digər insanlar belə uğursuzluqlarla qarşılaşdıqları zaman yarı yoldan hər şeyi tərk edirlərsə, yaradıcı insanlar əsla dayanmır və yola davam edirlər. Sözsüz ki, inadkarlıq yalnız qeyri-standart düşünən insanlara xas olan əlamət deyil, lakin bu, onlar üçün vacibdir...  

Hazırladı: Könül Aypara