\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?" - Elza

"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?" - Elza
1778baxış
Son günlərin ən qalmaqallı mövzusu olan Sami Yusifin ifasında “Sığmazam”a bir bəstəkar-müğənni gözü ilə baxmaq, incələmək istədik Elza Seyidcahanla birlikdə. Onunla Moderator.az əməkdaşının söhbətini təqdim edirik:
 
“Az qalır ki, Sami Yusufun mahnısını dağın başında abidə edəsiniz...”
- Sənətkara sənətdən sual verərlər. O qədər təhlil olunası sənət əsərlərimiz var ki. Aprelin 28-də H.Əliyev adına Sarayda “Sənə bənzər” konsertim oldu. Sami Yusufun “Sığmazam”ını mənim “Nəsimi divanı” adlı kompozisiyamla müqayisə edin. Sami Yusufun o mahnısıni az qalır ki, dağın başında abidə edəsiniz. Əlbəttə, alqışalayiqdir. Nəsimi ilidir. O qədər heyət, musiqiçilər, sənət yoldaşlarım yığılıblar ora. Amma mən bir bəstəkar kimi deyirəm ki, orada harmoniya, politoniya, zəngin bir musiqi yoxdur. Sadəcə, bəsit də deməzdim, musiqidir xorla unison oxuyurlar. Faktura cəhətdən, musiqi forması cəhətdən böyük bir musiqi əsəri ona deyə bilmərəm bir bəstəkar kimi. Mən hələ 1998-2000-ci illərdə Nəsiminin sözlərinə kompozisiyalar yazmışam. Biri AzTV-nin arxivindədir. 2009-ci ildə Aktyorlar Evində Nəsiminin sözlərinə “Hesab içində” adı altında konsert həyata keçirdim. Bu il də Allah cənab prezidentimizə can sağlığı versin, Nəsimi ili elan etdi ki, gənclərimiz, məktəblilərimiz dahi şairimizi bir daha rəhmətlə xatırlasınlar, əsərlərini təkrarlasınlar. 
“Mən savadsız, oğurluq musiqilərlə sənətimi, nəhəng şairlərimi aşağılaya bilmərəm”
 
- Jurnalistlərdən gileylisiniz?
 
- Çox heyfsləndim ki, mən o konsertə necə əziyyət çəkdim. 300 m-lik libasla tamaşaçı qarşısına çıxdım, amma bəzi televiziya, sayt jurnalsitləri yazdılar ki, Elza Seyidcahan şou göstərdi. Düzdür, maraq da var idi, şou da var idi. Ancaq onu yazanlar ya savadsızdırlar, ya da ermənidən betər düşmənimizdir. Ermənilər musiqilərimizi eşidəndə ağlayırlar, dana bilmirlər ki, necə gözəl mahnıdır. Bir müddət keçəndən sonra musiqilərimizi özününküləşdirəcəklər. 
 
“Haram pullarla restoran tikdirirlər, sonra da mahnılarımızı zibilləyirlər”
 
- İndi musiqimizin vəziyyəti necədir? 
- İndi Azərbaycan musiqilərindən əsər-əlamət qalmayıb. Orada ancaq küçə, zibillikdə səslənən musiqilər qalıb. Hansı ki, həmin musiqiləri də restoran müdirləri reklam edir. Cürbəcür yollarla qazandıqları pullarla, bilmirsən halallıqla qazanıblar, ya haramlıqla, restoran tikiblər. Möhtəşəm saraylar, böyük-böyük çilçıraqlar taxıblar ora. Gəlirsən ki, bir tikə yemək yeyəsən, görürsən, atılmış, iylənmiş zibilləri sənə göstərirlər (müğənniləri nəzərdə tutur – K.A). Bilmirsən bu nə musiqisidir – hind ritmidir, ya özbək ritmidir, türkməndir, ya irandır. Bizim musiqidən başqa hər şey var, amma heç nə yoxdur. Elə bil ki, təmiz bir adama narkotika yeridirlər. Düşmən kimi... Bəhanələri də var ki xalq bu musiqini istəyir, xalq belə musiqi istəmir! Siz xalqı artıq manqurtlaşdırırsınız ki, xalq bu musiqiyə öyrəşsin. Necə ki, sizin restoranınızda kabab, aş, balıq, toyuq var, musiqi menyunuz da budur. Müştəriyə göstərirsiniz ki, budur, istəyirsən gəl, istəyirsən gəlmə. Restoran müdirləri qazandıqları haram pullarla istəyirlər ki, pullarını çıxartsınlar. Azərbaycan musiqisini bədbəxt, şikəst etməklə! Sizin nə ixtiyarınz var ki, buna?  
 
- Gəlin razılaşaq ki, yaşadığımız zəmanədə hər bir iş üçün reklama böyük ehtiyac var...
 
- Sənətin reklama ehtiyacı yoxdur. Mikayıl Müşfiq – bu boyda dahi şair! O, özünü reklam etmişdi ki, onun üçün 110 illik keçirildi? O, dahidir. Sənətdir, yazırsan, qoyursan, illər keçir cücərir. Mən yaxşı musiqiləri görmək istəyirəm.
 
- Məsələn...
 
- Məsələn, özüm! Tərifləmirəm özümü. Amma mənim işlərim, layihələrim həqiqətən də var. Mən yalnız dövlət səviyyəsində görülən işləri yaxşı kimi qəbul edirəm. 
 
- Sami Yusifin ortaya qoyduğu kompozisiya da dövlət səviyyəsindədir axı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilib. 
 
- Mən Sami Yusifi pisləmirəm ki. Amma ki, bizim jurnalistlərimiz onun işini çox paylaşdılar. Ancaq özümüzünkünü çox yaymadılar. Mənim Saraydakı konsertimə bilet qalmamışdı. Avtobuslara konsertlərinin afişalarını,  şəkillərini vuran “xod gedən ulduzlar” var ki, heç biletləri satılmır. Amma mənim afişam heç bir ay deyildi ki, asılmışdı, artıq bilet tapmaq mümkün deyildi. 
 
- Amma elə müğənnilər var ki, konsertində yerlərin çoxu boş qalır... 
 
- Ola bilər. Məsələn, mənim konsertimdə də yerlər boş qalmışdı. Çünki "Formula 1" günləri idi, yollar bağlı idi. Moskvadan gələn qonaqlarım gəlib çata bilməmişdilər. Əgər keyfiyyətsiz adamlar o yerləri dolduracaqlarsa, heç gəlməsələr yaxşıdır. Nərgiz Cəlilova, Bəstəkarlar İttifaqının katibi, musiqiçilər, şairlər, nəzəriyyəçilər, Arif Məlikov mənim konsertimdə varsa, heç o birilər gəlməsin. Yer dolu olsun, gəlim, mənim də başım şişsin gedim. Mənim konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb. Deyin görüm bundan böyük savab varmı? 
 
Könül Aypara