\
28 Mart 2024 - Cümə axşamı

"Vaxtilə kitab mağazaları bağlandı, yerinə telefon mağazaları, kompüter oyun mərkəzləri açıldı..." - Qulu Novruzov

"Vaxtilə kitab mağazaları bağlandı, yerinə telefon mağazaları, kompüter oyun mərkəzləri açıldı..." - Qulu Novruzov
1363baxış
Moderator.az-ın əməkdaşı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Gömrük Akademiyasının rəisi Qulu Novruzovla görüşüb və yaranmış fürsətdən istifadə edərək ondan bir sıra suallara cavab alıb. 
 
- Qulu müəllim, yeni tədris ilində gömrük sahəsində kadr hazırlığında nə kimi yenilikləriniz var?
- Gömrük Akademiyasının fəaliyyətinin bir hissəsi kadr hazırlığıdırsa, ikinci bir tərəfi gömrük əməkdaşlarının peşəkar hazırlığı ilə bağlıdır. Artıq akademiya fəaliyyətinin altıncı ilindədir. Bu il növbəti abituriyentlərimizi - tələbələrimizi qəbul elədik. Əvvəlki illərdən fərqli olaraq, bu il əlavə olaraq, üçüncü ixtisas üzrə tələbə qəbulu həyata keçirdik. İnformasiya təhlükəsizliyi ixtisası üzrə. Və iki ixtisas üzrə magistr qəbul etdik: gömrük işi və hüquqşünaslıq ixtisası üzrə.Tələbələrin sayının artması gömrük sahəsində kadr hazırlığı ilə bağlı olan o boşluğu doldurmaq idi. 
 
- Akademiyada gömrük xidmətində çalışanlara təlimlər də keçirilir. Bu barədə geniş məlumat verə bilərsinizmi?
 
- Bu, bizim ən mühüm missiyamızdır. Gömrük xidmətində çalışan minlərlə əməkdaşın peşəkarlıq səviyyəsinin artırılması, peşə bacarıqlarından da əlavə, onların insani keyfiyyətlərinin artırılması, davranışları, yeni görünüşünün obrazının formalaşdırılması ilə bağlı çoxsaylı təlimlər keçirilir. Bu, Gömrük Komitəsinin rəhbəri hörmətli Səfər Mehdiyevin akademiyanın qarşısında qoyduğu çox ciddi bir tapşırıqdır. Bu tapşırığı yerinə yetirmək üçün peşəkar, mükəmməl və Azərbaycan dövlətinə, dövlətçiliyinə, dəyərlərinə çox bağlı olan gömrükçülərin formalaşdırılması üçün qısamüddətli və coxsaylı təlimlər keçirilir. 
 
- Təbii ki, məzunlarınızın işlə təmin olunmasında problem olmaz.
 
- Gömrük Akademiyasından məzun olan və gömrük xidmətində işləmək istəyən bütün məzunlar Gömrük Komitəsi tərəfindən işlə təmin olunublar. Oğlanlar əsgərliyə getmişdilər, bir il əvvəl məzun olanlar hərbi xidmətlərini başa vurub qayıtdıqdan sonra işlə təmin olunublar. Bu il akademiyanı bitirən qızlarımızın hamısı gömrük xidməti orqanlarında uğurla çalışırlar.  
 
- Qulu müəllim, kitaba olan marağınızı illər öncədən bilirik. Hələ BDU-da müəllim işləyəndə tələbələrinizə - yəni bizlərə evdə ən önəmli əşyanın kitab olduğunu dönə-dönə aşılayırdınız. Hətta, “mümkün qədər pullarınızı kitablara xərcləyin. Saralacaq, solacaq səhifələri, yazılıb-pozulacaq, amma sizə bəhrəsi olacaq. Bunu unutmayın!” deyirdiniz... Kitab yarmarkasından xeyli alış-veriş etdiniz övladınızla birgə. Təəssüratlarınızı bilmək istərdik...
 
- Sizə verdiyim məsləhətləri övladlarıma da tətbiq edirəm. İnsanın gələcəyi, həyatı kitab üzərində qurulsa, böyük uğurlara sahib ola bilər. O ki, qaldı yarmarkaya, ürəyim açıldı. Baxın kütləyə. Gözəl deyilmi? 
 
- Amma bir müddət əvvəl bu cür ürəkaçan mənzərə yox idi...
 
- Biz bir nigarançılığın sonundayıq. Bəli, Azərbaycanda bir müddət var idi ki, kitab mağazaları kütləvi surətdə bağlandı, yerinə telefon mağazaları açıldı. Kompüter oyunları mərkəzləri açıldı və s. Ona görə də kitab yarmarkalarının keçirilməsini, bugünkü bu sərginin Azərbaycanda təşkil olunmasını bir kitab bayramı hesab edirəm. Ziyalılığın, tərəqqipərvər insanların, daha doğrusu, mütərrəqqiliyə meylli insanların bayramı hesab edirəm. Hər birimizin bayramı mübarək olsun. Açığını deyək, oxumada, müatliədə, içimizi acıdan bir reallıq vardır, getdikcə Avropaya bənzəməyə başlayırıq, gənclərimiz maksimalizm düşüncəyə sahibdirlər: “Amerikada da belədir, Avropada da belədir”. Çox təəssüflər olsun ki, kitab oxumaq məsələsində gənclərimiz “Avropada belədir, Amerikada belədir” düşüncəsinə tam hazır deyillər. Və mən inanıram ki, növbəti illər kitab bayramlarında daha sıx görüntü ilə qarşılaşacağıq.
 
Könül Aypara