\
15 Noyabr 2019 - Cümə

"Hətta utanmaz-utanmaz deyib ki, görəsən, Zirəddinə neçə milyon pul verib gətizdiriblər?"

"Hətta utanmaz-utanmaz deyib ki, görəsən, Zirəddinə neçə milyon pul verib gətizdiriblər?"
1132baxış
Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının növbəti qonağı Rusiyada yaşayan həmyerlimiz, kliniki psixoloq, ekstrasens, həmçinin Rusiya İctimai Palatasının üzvü Zirəddin Rzayevdir. 
 
- İki-üç gün əvvəl Bakıda olmusunuz. Gəlişinizin səbəbi nə idi? 
 
- Azərbaycana çox nadir hallarda gəlirəm. Şamaxıda yaşayan ən yaxın dostumun anası rəhmətə getmişdi. Rəhmətə gedən vaxtı dar günündə onun yanında ola bilmədim, amma qırx mərasiminə özümü çatdırdım. Həm də gəlmişkən, Bakıdakı dostlarımla, yaxınlarımla görüşmək istədim. Sizi inandırım Allaha, bir dostum var – güc strukturlarının birində işləyir, xahiş etdi ki, bir tanış var, müsahibə istəyir. Onun xahişini yerə salmadım, müsahibəni verdim jurnalistə. Sual verdi ki, Azərbaycanda zəlzələ, daşqın, sel gözlənilirmi? Dedim, bəli, gözlənilir. Bunu gizlətmirəm. Amma aradan bir qədər keçdi, gördüm doğmalarım, dostlarım Youtube-dan mənə linklər göndərməyə başladılar. Sən demə, dövlət əleyhinə çıxış edən bir şəxs (Emin Millini nəzərdə tutur – K.A.) mənim haqqımda çox aqressivcəsinə, sərt sözlər deyib. Guya məni ölkəmizin Birinci vitse prezidenti Bakıya gətizdirib. Çox gülməli bir ittihamdır! Hətta utanmaz-utanmaz deyib ki, görəsən, Zirəddinə neçə milyon pul verib gətizdiriblər? Bu Putinin adamıdır, ona işləyir. Putinə neçə milyard verdiniz ki, Zirəddin Bakıya gəldi... Balam, mənim Bakıya gəlməyim üçün mütləq mənada Mehriban Əliyeva Putinə pulmu ödəməlidir? Sizdə bu düşük dezinformasiya hardandır? Əgər sənin heç bir sübutun, dəlilin olmadan verdiyin informasiyanın mənbəyini göstərmədən dövlətə, dövlətçiliyə, dövlət xadimlərinə böhtan atırsansa, bu, bir daha onu göstərmirmi ki, sən yaşadığın ölkədə azadlıq, demokratiya var?! Heç kim səni incitmir, heç kim tutub həbs etmir, heç kim səni cəzalandırmır. Yəni adam deyəndə bir kökü, mənbəyi göstərər. Mən də kiminsə haqqında ağzıma gələni deyə bilərəm. Amma sübutum, dəlilim olmadan olarmı belə bir şeyi yaymaq? 
 
- Haqqınızda məlumatlar yayılmışdı ki, itbazsınız...
 
- Bəli. Yenicə Moskvaya çatmışdım gördüm yenə mənə linklər göndərilir. Heç təəccüblənmədim. Bundan öncə də məndən yazılmışdı ki, “Məşhur itbaz azərbaycanlı kimdir?!” Niyə mənə itbaz deyirlər? İtləri sevmək, heyvanlara qayğı göstərmək pisdirmi? İtləri sevmək əgər itbazlıqdırsa, qoy bu belə də olsun. Mən burda heç bir qüsur görmürəm. Amma belə kobud formada yazılan məqalələrin səbəbini bilmirəm. 
 
- Digər bir astroloq – Səbuhi Rəhimli də sizinlə bağlı müsahbiələr verib. Özü də tənqidi... Əvvəllər bildiyimə görə, münasibətləriniz olub. Nədən yarandı bu soyuqluq? 
 
- Mən onu Moskvaya qonaq dəvət etmişəm, biletini də almışdım. Evimə qonaq etmişəm. Yoldaşım onun qabağına yemək qoyub. Burdan gedəndə yenə Bakıya qayıtması üçün biletinə kimi almışam. Dost olmuşuq. Balasına hədiyyə alıb verdim ki, aparsın. Amma... bilmirəm, Vallah... Rəqabət də deyə bilmərəm münasibətlərin korlanmasına səbəb kimi... Səbəbini anlaya bilmirəm bunun. İnsandır da... İnsan çiy süd əmib. Məni artıq belə hallar təəccübləndirmir. Çünki ola bilsin ki, onu da kimsə ələ alıb, öyrədib, danışdırıb... Ola bilsin onun dediklərini kimsə təhrif edib. Bu da ola bilər. Amma heç xoşagələn hal deyil. Təkrarlamaq da mənə xoş gəlmir. 
 
- Səbuhi Rəhimli deyib ki, Zirəddin Rzayev Moskavadakı güc strukturlarına işləyir...
 
- Guya şəxsən vəsiqəmi də görüb... Bilirsiniz necədir? Ortaya belə bir sual çıxır: “Əgər sən mənim vəsiqəmi görmüsənsə, bu illər ərzində susmaqda məqsədin nə idi? Nədən susdun? Nədən mən Bakıya gələndə bunu dedin? Belə saf, təmiz adamsansa, həmin an məni ifşa edərdin. Zirəddin Bakıya gələn kimi başladılar pis-pis şeylər yazmağa, sən də qoşuldun onlara. Vəsiqəmi harda gördün? Demək evimə gəlib, oturub yeyib içməkdə məqsədin var idi. Bu, kişiliyə qeyrətə, vicdana sığası deyil! Mən Azərbaycana – doğma vətənimə gəlməklə axı nə yanlışlıq etdim? Neylədim? Nə iş gördüm ki, bunlar mənim üstümə gəldilər? Adamı döyəndə əvvəlcə səbəbini deyərlər, sonra vurarlar. Nə etdim ki, haqqımda belə aqressiv yazılar yazdınız? 
 
- Güc strukturlarına işlədiyiniz haqda iddialar hardan ortalığa atılıb, sizcə? 
 
- Güc strukturlarına işləmək Əl-Qahirəyə, Talibana işləmək demək deyil. Burda – Moskvada yüzlərlə bizim ziyalı azərbaycanlılarımız var. Mənim yaxın bir azərbaycanlı dostum var, iki ilə yaxındır ki, ona general rütbəsi verilib. Rusiyanın güc strukturlarında çalışır. Bizim Rusiyada olan azərbaycanlı ziyalılarla münasibətimiz, diaspora ilə münasibətimiz ali səviyyədədir. Biz burada Azərbaycanda və xaricdə yaşayan bəzi dırnaqarası azərbaycanlılardan fərqli olaraq, bir-birimizi çox dəstəkləyirik. Biz sizdən öz vətənimizə, milliyyətimizə, milli adət-ənənələrimizə daha sadiqiq. 
 
- Səbuhi Rəhimlini Facebook səhifənizdə “aktyor” adlandırmısınız...
 
- Bəli, o, İncəsənət Universitetinin aktyorluq fakultəsinin məzunudur. Azər Axşamla eyni qrupda təhsil alıb. Astroloq olmaq üçün isə mütləq mənada astrofizikanı, astronomiya elmini, riyaziyyatı, fizikanı bitirmək lazımdır ki, ən azından astrologiya ilə məşğul ola bilsin. Dəqiqədə bir gözümüzə soxur ki, astrologiya bir elmdir. Bəli, astrologiya bir elmdir! amma bu elmlə sənə məşğul olmaq hüququnu kim verib, ay Səbuhi Rəhimli? Haranı bitirmisən? Bir sənətin, sübutun varmı əlində? Mən Rusiyada yaşayıram. Mən Zirəddin Rzayevəm! Mən Rusiyanın İctimai Palatasının ictimai xadimiyəm. Adam yanlışlıq edəndə ona bir səhvini başa salarlar. Harda xəta elədim? İbrahim Tatlısəsin sözü olmasın, “ ben nerde yanlış yapdım?”Bunu mənə desinlər. Mən gəldim Bakıya, getdim Şamaxıya. Orda başladım meyvə ağaclarını çəkdim ki, ay camaat baxın, bizim Azərbaycanımızın ekoloji cəhətdən təmiz olan meyvələri var. Gör Allah bizə nələr veribdir. Bakıya gəlib hansı restorana girdimsə, Azərbaycana məxsus milli xörəklərimizi, təndir çörəyimizi, mətbəximizi çəkib paylaşmaq istəyirdim ki, qoy bütün dünyadan olan izləyicilərim görsün ki, Allah necə bizə nemətlər bəxş edibdir. Mən nə xəta elədim ki, hər tərəfdən mənə hücuma keçdiniz? 
 
- Bəlkə kiminləsə düşmənçiliyiniz var? Bəlkə rəqabət? Bəlkə paxıllıq? 
 
-  Nədirsə, bilmirəm...  Zirəddin Azərbaycandan kənarında ən azından MBD-də tanınmış astroloqdur, bir ziyalıdır, bir şəxsiyyətdir! Mənə atılan daş sizə dəyir. Mən Rusiya telekanallarında çıxıb Azərbaycanı pisləsəm, əziyyətini siz çəkəcəksiniz. Sizə zərərdir. Yaxşı olmazdımı ki, facebook və İnstaqram səhifələrimdə ölkəmin milli dəyərləri, mətbəxi, vətəndaşlarımın gülərüzlüyü, mehribançılığı haqqında paylaşımlar edərdim? Nəyə görə Səbuhidən və ya bir başqasından yazım? Bir müsahibəmə görə məni daş-qalaq etdilər. Axı mən də sizdən biri deyiləm? Mən yeganə azərbaycanlıyam ki, Rusiyada ictimai palatada çalışıram. Yəni sən Səbuhi utanmırsanmı? Bir aktyorsan, astroloq da deyilsən. Cavab verməyə də dəyməz e... Sadəcə nədən? Niyə belə millətik? Dilimiz, dinimiz, millətimiz birdir. Mən Bakıda olanda “Hilton”un üstünə çıxartdılar, ordan şəhərimizi çəkdim ki, sosial şəbəkələrdəki səhifələrimdə paylaşım. Qoy şəhərimizin gözəlliyini bütün dünya görsün. Bakımızın öz gözəlliyi, özünəməxsusluğu var. Amma indi gəlmişəm Moskvaya, şəkilləri, videoları paylaşa bilmirəm... Niyə belə edirsiniz? Mən Rusiyanın İctimai Palatasının işçi qüvvəsinin tərkibində ictimai xadiməm. Yəni mütəxəssilərdən biriyəm. Daimi olaraq internet təhlükəsizliyi üzrə müəyyən mövzularda çıxışlar edirəm, fikir mübadiləsi aparıram. Niyə mənə daş atırlar? 
 
Hazırladı: Könül Aypara