\
19 Mart 2024 - Çərşənbə axşamı

“Bu adam görün nə qədər şərəfsiz, ləyaqətsizdir ki... " - Xalq artistindən əməkdar artistə şok ittiham

“Bu adam görün nə qədər şərəfsiz, ləyaqətsizdir ki... " - Xalq artistindən əməkdar artistə şok ittiham
1713baxış

QALMAQAL

 

Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının növbəti qonağı Mingəçevir Dövlət Dram Teatrının aktirisası, ”Qızıl Dərviş”mükafatçısı, Azərbaycan Respublikasının xalq artisti Ella Yaqubovadır. 
 
- Ella xanım, bu yaxınlarda əvvəllər Mingəçevir Dövlət Dram Teatrında çalışan Xəzər müəllimdən (söhbət sözügedən teatrın baş rejissoru Xəzər Gəncəlidən gedir) müsahibə almışdıq. İşdən çıxmasına səbəb kimi sizin adınızı çəkmişdi. Çox güman ki, müsahibəni oxumusunuz. 
- “Müəllim” sözü peyğəmbər sözü ilə yanaşı qoyulur. Mən Xəzərə heç vaxt bu əməllərinə görə “müəllim” sözünü işlətməyəcəm. Siz işlədirsinizsə, özünüz bilərsiniz. Amma o, buna layiq deyil. 
 
- Aranızda nə kimi probleminiz olub?
 
- Onun kollektivimizlə problemi olub, mənim onunla yox. 
 
- Bəs nəyə görə işdən çıxarılmasında məhz sizi günahlandırıb? 
 
- Əlbəttə, indi elə deyəcək. O, bir gün içkili halda işə gəldi və içəri keçən kimi baş mühəndisi yumruqlayıb, təpikləməyə başladı. Gözünü şikəst elədi. Təcili yardım çağırdıq. Bütün bu görüntülər teatrın təhlükəsizlik kameralarına da düşüb. 
 
- Polisə şikayət edildimi?
 
- Xeyr, biz qoymadıq ki, teatrımızın adına ləkə gətirilməsin. Xüsusilə də mən! Mən mühəndisin əlindən telefonu aldım ki, polisə şikayət etməsin. Təcili yardımın işçilərinə də yalandan dedik ki, sürüşüb yıxılıb deyə, zədələnib. 
 
- Həmin gün sərxoş idi?
 
- Nə vaxt ayıq olub ki? Sərxoş halda məşqləri aparıb. 
 
- Niyə məhz sizdən gileylənib?
 
- Çünki məndən xahiş edirdilər ki, onunla danışım, yaşlı nəslin nümayəndəsi kimi. Məsləhət verim, düzgün yol göstərim ki, ayıbdır, iş yerinə sərxoş gəlmək olmaz. Burda gəlin var, qız var, ailəlilər var.  O, rus dilində dörd hərfdən ibarət olan, utanıram da o ifadəni dilimə gətirməyə, o sözü bərkdən dilinə gətirən adamdır. Ailəli bir qadınla sevgi münasibəti yaratdı. Əgər o, 3 nəvəsinin qədrini bilirdisə, niyə o ailəli qadının üç balasının qədrini bilmədi? Az qalmışdı onu rüsvay eləsin, biz qarşısını aldıq. O qadının ailəsi dağıla bilərdi. Niyə bu kimi əməllərini yadına salmır? Mən burda işlədiyim müddətdə ona ancaq kömək etmişəm.  
 
- Bəs direktor bir ölçü götürmürdü?
 
- Kimə qarşı ölçü götürsün? Baş rejissor idi, yaşlı-başlı adam idi, özü özünün qarşısında hesabat verməli idi ki, mən bura işləməyə gəlmişəm, yoxsa əyyaşlıqla məşğul olmağa? Sizə müsahibə verəndə deyib ki, Ella xanım quduzlaşıb! Mənim ünvanıma deyib o sözü? Quduzlaşan Xəzər Gəncəlidir ki, Mədəniyyət Nazirliyinin əməkdaşlarını, Mingəçevir Teatrının direktorunu, Ella xanımı qapa-qapa gəlir! Mən heç “it” ifadəsinə qıyıb ona demirəm! Çünki it daha sədaqətli olur, ona çörək verən adama, onu sığallayan sahibinə cavab olaraq sədaqətini göstərir. Ancaq bu adam görün nə qədər şərəfsiz, ləyaqətsizdir ki, burda işləyə-işləyə ona çörək verənə, ona hörmət, etimad göstərən adama – direktorumuza, mənim ünvanıma xoşagəlməz sözlər işlədir! Utanmır?! Biz onun ailəsinə oğluna, atasına, hörmət edirdik. Ömür-gün yoldaşını itirəndə yanında olduq. Budur bizə qoyduğu hörmət? Mən həmin adamam ki, 70 illiyimdə çıxıb şənimə şeir söylədi: “Bir dənədir Ella”. Nə oldu? Onda “çiçi” idim, indi “pıxı”  oldum? Mənim 73 yaşım var, 55 ildir səhnədəyəm. Utanmır mənim ağbirçəkliyimə, bir Azərbaycan qadını olduğuma görə mənə hörmət qoymadan ünvanıma təhqiredici sözləri deyib? Onun dediklərini necə yazmısınızsa, mənim sözlərimi də yazın! 
 
- Narahat olmayın, hər şeyi yazacağıq...
 
- Mən narahat deyiləm, qızım, qoy o Xəzər Gəncəli narahat olsun. Bu qədər ona etdiyimiz yaxşılıqları heç etdi. Əyyaşlığının, sərxoşluğunun üstündən keçdik.  Bir ağbirçək kimi dedim ki, ona, “bu qadından əl çək, onun ailəsi dağıla bilər”. Qayıtdı üzümə ki, mən onu sevirəm! Qoy ailəsi də bilsin!
 
- Hansı qadındır elə? Teatrda işləyir?
 
- İndi işləmir. O vaxtı işləyirdi, bəli. Amma adını heç vaxt demərəm! 
 
- Xəzər Gəncəlinin 11 əsəri qoyulub teatra...
 
- Hansı yaradıcılıqdan danışır o? Otururdu internetin qabağında, yığırdı gətirirdi səhnəyə. Onun gözündən gəlsin, burnundan piltə-piltə tökülsün mənim ona etdiyim hörmətlər, verdiyim məsləhətlər. Yalan ayaq tutar, yeriməz! Bəsdir bizə atdığı iftiralar! Mən hara lazım olsa, müraciət edərəm. Bu işin axırı yaxşı qurtarmaz. Mənim onunla münasibətim pis idisə, niyə durub arvadının yasına gedirdim? Axı sən Xəzər Gəncəli Novruz Gəncəlinin oğlusan! Tez-tez deyirdim ki, eləmə teatrda belə şeylər, özünü gözdən, hörmətdən salırsan. Özünü abırlı apar, bura rayon yeridir. Burda gənclər var, qız-gəlinlər var. Mənim zəhləm gedir qarğış tökən adamlardan. Amma Allah onun cəzasını, bəlasını versin ki, mənim adıma, ünvanıma xoşagəlməz sözlər deyib. Allaha tapşırıram onu! Mənim ona nə pisliyim keçib? Tamaşa hazırlamışam, rəqs qurmuşam. Gənc aktyorlara kömək etmişəm ki, Xəzər Gəncəli təkdir, qoy yardım edim, tamaşamız yaxşı getsin. Hansı pislikləri etmişəm? Biz göz yummalı idik onun hərəkətlərinə? Onu bağışlamalı idik ki, gəlib burda xanımlara eşq elan etsin? Bəs onda harda qaldı bizim qeyrətimiz, namusumuz, milli koloritimiz?
 
- Sizdən başqa orda qeyrət çəkən yox idi?
 
- Var idi! Hamı deyirdi. Mən truppa müdiri ilə çıxdım onun otağına ki, ona başa salam, etmə, eləmə belə şeyləri. Kollektivdə olmaz belə şeylər, sabah ailəsi eşidər. Dedi ki, heç kim qarışmasın işimə, mən onu sevirəm! Gah direktora, gah da mədəniyyət nazirliyinin əməkdaşlarına sataşır. 
 
- Son sözünüz nədir Xəzər müəllimlə bağlı?
 
- Bu teatrdan əl çəksin! “Müəllim” sözünü də işlətməyin onun üçün. Hardan oldu müəllim? Onun atasına və oğluna dərin hörmətim var. Atası ilə bir yerdə işləmişik Gəncə Teatrında, onun əsərlərini oynamışam. Adam bir kökünə sığınar da. Kökünə hörmət qoyar. Utansın, xəcalət çəksin! Kino lenti kimi gözlərinin önündə canlandırsın mənim ona etdiyim hörmətləri. Məşqlər zamanı mən ona nə qədər kömək edirdim. 
 
- Özünü yaxşı aparmırdısa, niyə kömək edirdiniz?
 
- Bura əyalət teatrıdır, biz işimizin getməsi üçün çalışırdıq. İnsan insana nə üçün lazımdır? Pisə də, yaxşıya da kömək etməlisən.  Səhv yoldadırsa, onu düz yola çəkməlisən. Bunu məqsəd qoymuşduq qarşımıza. Gördük ki, yox, bu gün-gündən geriləyir. Nazirlik, ölkə rəhbəri ona hörmət qoydu. Cəmi 3 il işlədi burda. Ona etimad göstərildi, əməkdar artist adı verildi. 
 
- Əgər işində qüsur var idisə, ona fəxri ad verilməzdi...
 
- Burda əslində başqa adamlar alasıydı o adı. Yenə deyirəm, nazirlik sağ olsun, etimad göstərdi, bəlkə ad alandan sonra sanbalı oldu, yığışdı deyə... Mən “it”ə hörmətsizlik edib danışmıram, it öz sahibinə, ona çörək verənə hörmət edir. Bunu elə belə də yazın! Ancaq bu adam it qədər də olmadı. Mənim ünvanıma dediyi sözlərə görə ayıb olsun ona! Xəcalət çəksin. Biz çörək kəsmişik, amma o, çörəyi tapdaladı. 
 
Hazırladı: Könül Aypara