\
19 Mart 2024 - Çərşənbə axşamı

“Dünən bir daha fəxr etdim ki, mən azərbaycanlıyam!” - Emin Ağalarov

“Dünən bir daha fəxr etdim ki, mən azərbaycanlıyam!” - Emin Ağalarov
1825baxış

"Sonuncu “Azərbaycan” adlı mahnımın sözləri Leyla Əliyevaya, musiqisi isə Ruslan Ağababayevə məxsusdur"

Dünən Azərbaycanın xalq artisti Emin Ağalarovun təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinin parkında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert keçirilib. Konsertdə EMİNlə yanaşı bir çox yerli ulduzlar da iştirak ediblər. Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) öz məşhur mahnılarını səsləndiriblər. Sonda isə məhz Respublikamızın 101 illiyinə həsr edilmiş “Azərbaycan” mahnısı səsləndirilib. Bəs niyə 20 oktyabrda? 
 
Bu barədə Emin Ağalarov Moderator.az-a müsahibə verib:
 
- Emin, bir neçə gün gecikməyinizin özəl səbəbi varmı? 
 
- Mənim üçün Azərbaycan çox önəmlidir! Bura Vətənimdir. Biz ölkədən kənarda yaşasaq da, hər zaman vətənimizi düşünürük. Uşaqlığımızı, yaxınlarımızı, Azərbaycanda keçirdiyimiz o xoşbəxt günlərimizi anırıq. Heç bir anımızı unutmuruq. Hər şeydən öncə Vətəndir bizim üçün! Düzdür, 18 oktyabrda konsert proqramı ilə çıxış etməli idik. Sadəcə olaraq, MDB ölkərələrinə turumuz var idi və Sibirdə, Krasnoyarskda konserti başa vurmalı idik. Elə ordan birbaşa Bakıya gəldik. 
 
- Bəs dünya turu nə zaman gözlənilir? 
 
- Hələ ki, “Jara” festivalı ilə məşğulam. İşlər çoxdur, zaman az. Çatdırmaq mümkün olmur. Hər yerə gecikə-gecikə çatdırıram. Amma əsas çatdırıram. Sonuncu “Azərbaycan” adlı mahnımın sözləri Leyla Əliyevaya, musiqisi isə Ruslan Ağababayevə məxsusdur. Bu mahnını elə respublikamızın 101 illiyinə həsr etmişik. Azərbaycanın bir çox tanınmış simaları ilə birgə mahnını ifa etmişik. Məncə, zəhmətimiz hədər getməyib. Bu gün burda da ifa etməyimin bir başqa duyğusunu yaşadım. Fəxr etdim ki, mən azərbaycanlıyam! Bir daha bütün Azərbaycan xalqını Dövlət Müstəqillik Günü münasibətilə təbrik edirəm!
 
- Növbəti “Jara”da yeniliklər olacağı ilə bağlı açıqlamalar vermişdiniz... Hansı dünya starları festivala qatılacaq?
 
- Hazırda bununla bağlı çox mühüm addımlar atılmaqdadır. İşlər gedir. Danışıqlar aparılır. Türk starlarından da olacaq, xaricilərdən də. Amma düzünü deyim, hələ özümüz də bilmirik. Çünki konkret “ok” alınmayıb heç kimdən. 
 
Hazırladı: Könül Aypara