\
29 Mart 2020 - Bazar günü

"Xarici ölkələrdə ən böyük problemim milli mətbəximiz üçün darıxmağımdır" - Səyyah Vüqar Quliyev - FOTOLAR

"Xarici ölkələrdə ən böyük problemim milli mətbəximiz üçün darıxmağımdır" - Səyyah Vüqar Quliyev - FOTOLAR
1339baxış

Onunla Facebook sosial şəbəkəsi üzərində tanış olmuşuq. Çox səmimi və mehriban insandır. İzləyicilərinin suallarını dolğun və eyni zamanda pozitiv şəkildə cavablandırır. Xoş auralı birisidir Vüqar.

Beləliklə, “Danişacaqlarım var” rubrikamızın budəfəki qonağı səyyah Vüqar Quliyevdir.

- Vüqar, adətən səyyahlarımız dünya turuna məhz Türkiyədən başlayır. Sən necə, ilk dəfə hansı ölkəyə səyahət etmisən?

- İlk dəfə Misirdən. Türkiyə məni o qədər çəkməyib. Orda oxuyub, işləyib, indi də İzmirdədir. Ona görə nədənsə elə də maraq kəsb etməyib mənim üçün. Artıq Türkiyə haqda yetəri qədər məlumatlıydım.  Belə deyək...

- Səyahət bir “xəstəlik”dirmi?ə

Bəli. Adam darıxır. Bir ay Bakıda qalanda artıq sıxılıram. Burda monotonluq var, gəzmək istəyirsən artıq.

- Sərnişin təyyarəsinin kabinasında olan barometrik yüksəklik təyyarənin növündən və həqiqi üçüş hündürlüyündən asılı olaraq dəniz səviyyəsi və 2100 metr arasında dəyişir.  Şəxsən bu, mənə çox pis təsir edir. Təyyarədə ikən o dünyaya gedib-qayıdıram. Belə problemin olmur?

Qətiyyən. Amma çox görmüəm, əsasən də təzyiq xəstəliyindən əziyyət çəkənlərdə. Özlərini pis hiss edirlər.

- Vüqar, dünyanın neçə ölkəsində olmusan?

Rəsmi 195 tanınmış ölkə var, 9 tanınmamış. Onların 74-də olmuşam, hər küncünü qarış-qarış gəzmişəm. Elə olub ki, bir ölkədə 3-4 dəfə olmuşam. Bəzilərindən yenə də zövq almışam. Bəzilərində isə sıxılmışam.

- Məsələn, hansı ölkədə sıxılmısan?

- Fransada. Paris heç də göründüyü və deyildiyi kimi nağıllar aləmi deyil. Bir neçə gəzməli yer var, vəssalam. Sonra?

- Hansı ölkədə mədəniyyət daha yüksək səviyyədədir?

- Tokioda. Yaponlar çox mədənidirlər, birindən söz soruşursan ki, məsələn, metro hardadır, sonadək turistə köməklik etməyə çalışırlar. Bir ailədə qonaq oldum, hörmətləri, mehribançılıqları yüksək səviyyədədir. Daha sonra koreyalılar. Sinqapurun əhalisi isə çox mehribandırlar. Ümumiyyətlə, Sinqapur ideal bir ölkədir hər cəhətdən.

- Hansı ölkənin mətbəxi “azərbaycansayağı” doyumludur?

- Səyahətə çıxanda ən böyük problemim yemək məsələsi olur. Həmişə əziyyət çəkmişəm. Azərbaycan yeməklərini əvəz edə biləcək bir ölkə görmədim hələ ki. Səmimi sözümdür. Bəlkə “damaq dadı” deyilən bir şey var. Bilmirəm. Amma heç bir ölkənin mətbəxində ləzzətli yemək görməmişəm hələ ki. Düzdür, azərbaycanlıların restoranlarında oluram, amma yeməyin dadı yenə də bizimki kimi olmur. Çox güman ki, ətdəndir. Ətlərinin dadı olmur.

- Növbəti səfərlərin haradır?

- Dekabrın 27-si Finlandiyaya gedirəm, sonra qısa səfərim Rusiyaya, martda Braziliya, Çili, Boliviya, Kolumbiya. Mayda Yunanıstan, Avropanın bir neçə ölkəsi. Yayda Afrikaya İnşallah. Planlarım belədir.

- Vüqar, sosial şəbəkələrdə aktivsən və dostlarının çoxu xanımlardır. Bunun bir özəl sirri varmı?

- Çünki qadınların çoxu səyahəti sevir. Maraqlıdır onlara mənim paylaşımlarım. Məlumat toplayırlar. Kişilərdə isə özümə qarşı paxıllıq, qısqanclıq hiss edirəm. Məsələn, xanımlar yazır ki, filan ölkəyə necə getmək olar və ya filan ölkəyə necə viza ala bilərəm? Oğlanı isə başqa sual maraqlandırır: “Bu qədər pulu hardan tapırsan?” Bu, etik sual deyil axı. Bunu başqa cür də demək olar. Elə bil tanımadığın birini yolda tutub soruşursan ki, sən nə qədər maaş alırsan? Avropa ölkələrində hətta “evlisənmi?” sualını vermək anormallıq hesab edilir.

- Evlisənmi, etik olmasa da... yeri gəlmişkən soruşdum...

- Xeyr, subayam.

- Xarici vətəndaşla evlənərsənmi?

- Xeyr, qətiyyən. Xarici qızların ruhu, dünyagörüşü tamamilə başqadır. Onların hamısı mənə yad təəssürat bağışlayır.

- Hollandiya... deyildiyi kimidir? Eynicinslilər açıq-aydın ailə qururlar, narkotik maddənin istifadəsi azaddır?

Düzdür. Avropanın bir çox ölkələrinin eynicinsli vətəndaşları gəlib orda ailə qururlar və seksual azadlığa geniş imkan verilib. Hər an qarşına eynicinsli insanlar çıxa bilər, hətta üzr istəyirəm, çılpaq da gəzə bilərlər. Heç bir qadağa yoxdur və bu çılpaqlığı normal qəbul edirlər. O ki qaldı narkotik maddəyə, mağazalarda satışdadır. Kim hansı növündən istəyirsə, alıb istifadə edə bilər. Sadəcə yaş həddi qoyulub. Vəssalam.

- Ən gözəl xanımlar deyirlər, Yunanıstandadır...

Deməzdim. Meksika! Dünyanın ən gözəl qızları Meksikadadır.

- Sosial şəbəkələrdə izləyirəm səni, qızların çoxu türklər demişkən, təklifdə bulunurlar ki, filan ölkəyə gedəndə məni də apar.

Hə, çoxdur. Amma mənim xeyriyyə cəmiyyətim yoxdur (gülür). Bəzən harasa gedəndə elan verirəm ki, mən gedirəm, qoşulmaq istəyən buyura bilər. Yəni əlbəttə ki, öz hesablarına. Mən tur təşkil etmirəm. Hara, necə gedək, hansı ölkəni seçək, oturaq bunları danışaq əvvəlcədən. Olub da. Bir neçə dəfə bax beləcə, Facebook səhifəmin izləyiciləri ilə səyahətə çıxmışam.

- Deyir, çox gəzən çox bilər. Səni izləyənlərə nə kimi məsləhətlərin var? Səyahət üçün ilk növbədə nə edilməlidir?

- İlk növbədə seçim etməlisən fəsilə görə. Hansı fəsili xoşlayırsansa, ona uyğun da ölkə seçə bilərsən, isti aylarda soyuq ölkələr və ya əksinə. Ya da ümumiyyətlə, heç fəsillə əlaqəli də olmaya bilər. İkincisi, münasib qiymətə bilet. Saytları izləmək lazımdır bunun üçün. Bəzən kampaniya vaxtı da almaq olar. Sonra həmin şəhərin tarixi yerlərini, gəzməli və görməli yerləri haqda plan tutmaq lazımdır. Yaxşı olardı ki, turla gedəsən. Çünki belə daha sərfəlidir. Bir də əgər turist niyyəti ilə gedilirsə, vacib deyil ki, bahalı otel, komfort istirahət. Çünki səhər tezdən çıxıb, gecə yatmaq üçün gələcəksinizsə, adi hostel də kifayət edər. Amma onu da deyim ki, inkişaf etməmiş ölkələrdə elə otellərdə qalmaq sərf edir. Hostelləri bərbad gündə olur. İnkişaf etmiş ölkələrin otelləri isə çox bahadır və hostelləri də təmiz və səliqəlidirsə, gecələmək üçün sərfəlidir. Ümumiyyətlə, bu haqda çox danışmaq olar. İzləyicilər youtube kanalımı izləsinlər. Artıq hər bir ölkə haqda geniş məlumat verəcəyəm.

Hazırladı: Könül Aypara