\
8 Aprel 2020 - Çərşənbə

"Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi işini yerinə yetirmir!" - Psixoloq Fərqanə Mehmanqızı

"Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi işini yerinə yetirmir!" - Psixoloq Fərqanə Mehmanqızı
6822baxış

"Uşaq hüquqları haqda hansı məktəb ləvazimatında açıqlamalar var?"

Ötən həftə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın faciəvi qətlinin gərginliyindəyik hələ də. Doğrudur, qatil tapılıb və xalq olaraq onun ən ağır cəzaya layiq görülməsini istəyirik. Amma törətdiyi ağır cinayətin əvəzində ölüm hökmü belə ona azdır.

Ümumiyyətlə, bu cür halların baş vermə və qarşısının alınması üçün nə kimi tədbirlərin görülməsi haqda psixoloq rəyi çox önəmlidir. Məhz elə buna görə də“Danışacaqlarım var” rubrikamızın bugünki qonağı “Vienna Kids Akademy” psixologiya mərkəzinin rəhbəri Fərqanə Mehmanqızıdır.

“Məsuliyyətsizliyin dərəcəsinin nəticəsində baş verib bu faciə!”

- Fərqanə xanım, söhbətə nədən başlayacağımı bilirsiniz...

- Ümumiyyətlə, hər hansı bir hadisə baş verəndə dərhal günahkar axtarılır. Amma bəzi şeylər var ki, günahkarlar pərdə arxasında qalır. Gəlin baxaq: 10 yaşlı Nərmin şəxsiyyət vəsiqəsindən başqa kimin müdafiəsində olub? Əgər dövlət azyaşlıları (istər qız, istər oğlan) öz müdafiəsinə alırsa, niyə lazımi qurumların xəbəri yoxdur ki, iki aya yaxındır bir uşaq itib?! Niyə valideyn şikayət edir, amma bir ovuc yerdə itən övladı tapılmır? Bu, o deməkdir ki, səlahiyyətli şəxslər öz işini görə bilmir. Eləcə də valideynlər. Valideyn valideynlik edə bilməyib, məsuliyyəti götürə bilməyib, uşağı nəzarətsiz göndərib harasa və qurumlar da bu nəzarətsizliyin qarşısında nəzarətsiz qalıb. Ta ki sosial şəbəkələr, saytlar, TV-lər bu məsələni şişirtdi, bundan sonra Xoşqədəm xanım gəlib uşağın meyitini tapdı. Niyə o tapmalıdır? Danışanda bəyənmirik onu. Bəs Tovuz rayon polisi, icra hakimiyyəti, kənd bələdiyyəsi, Uşaq müdafiə Komitəsi hara baxır? Niyə bir-birilərinə xəbər vermyiblər? Onların işləri məgər bir-birindən asılı deyil? Belə çıxır ki, gərək gedib polisin qabağında saçını-başını yolasan, səs-küy salasan, aqressiyanı göstərəsən ki, öz işini görsün? Bəlkə o uşaq yiyəsiz idi? Belə çıxır ki, iki ay yox, on iki ay saxlayacaqdılar? Valideynlər, kənd camaatı qapı-qapı düşməli idi! Məsuliyyətsizliyin dərəcəsinin nəticəsində baş verib bu faciə! İnsanın evində övladı itib. Heç kim bir araya gəlməyib. Eləcə deyirlər ki, adamın ağlına gəlməzdi. Başa düşmürəm, ağıla niyə gəlməzdi ki? Sən övladını axtar! Ananı qoyaq bir qırağa, polis üçün ağıla gəlmədi deyilən bir şey yoxdur, polis üçün hamı şübhəli şəxsdir! Gərək hər şeyi prezident nəzarətə götürsün? İş-gücünü atıb, kənd-kənd cinayətkar tapmalıdır? Bəs siz nə üçün o vəzifələrdəsiniz?

- Nərminin ölümü içimizi didib-parçalayır. Hamımız valideynik və hamının evində övladı var. Bu faciənin necə baş verdiyini təsəvvür etdikcə tüklər biz-biz olur. Əgər o uşaq sağ qalsaydı, psixoloji problemləri hansı vəziyyətdə olacaqdı və onu yenidən normal vəziyyətə qaytarmaq mümkün ola bilərdimi?

Saytlar birini yazırsa, inanın ki, beşini yazmır. Bu cür təcavüz olunan uşaqlar çoxdur.  El gözü, el qınağı deyibən ört-basdır edilir. Əgər Nərmin sağ qalsaydı, onun psixologiyası darmadağın olacaqdı. Ya intihar edəcəkdi, ya da o uşaq cəmiyyətin düşməni olacaqdı. Ona edilənə görə hamını günahkar biləcəkdi.

- Xatırlayırsınızsa, bundan öncə Elina söhbəti olmuşdu...  Hamı bir-birinə dəydi, asdıq-kəsdik... bir müddətlik. Aradan çox vaxt keçməyib, amma artıq o xoşagəlməz hadisə unudulmaq üzrədir... Nərmin hadisəsi də o cür olacaqmı?

Onsuz da kütlə psixologiyası belədir. Bir himə bənddir. Bir hadisə baş verən kimi şişirdirlər, şablon sözlər, pafoslar... Bizi bu yolda bu pafoslar xilas etməyəcək. Mən Viyannada olanda metroda şort geyinən qızla bağlı zəng gəldi mənə ki, fikir bildirim. Mən onda da dedim, indi də deyirəm, bizim pafoz sevgimiz var, milli dəyərlərimizi, mentalitetimizi pafoslaşdırıblar. Şorta danışan oğlan, başa düşdük, qeyrətin qəbul etmədi, ok, anladıq və qəbul etdik. Bəs yaxşı, Nərminin məsələsində harda idiniz? Niyə yığılıb kəndə gedən tapılmadı aranızda? Burda çıxardınız  ağız-burnunu dağıdardınız! Deyərdim, bəli, nə şort geyinən qızı qəbul edə bilmir, nə də 10 yaşlı körpənin təcavüzünü!

- Demək istəyirsiniz ki, son bir həftə ərzində hər kəs bilirdi ki, kənddə 10 yaşlı uşaq itib, amma heç kimin tükü belə tərpənmədi, qruplaşmadı ki, gedək sinəmizi qabağa verib könüllü kimi axtarışa başlayaq, eləmi?

Bəli! Bir kişi, bir qadın, bir vicdanlı insan, Azərbaycanın etik dəyərlərinə sahib olan bir adam sinəsini qabağa vermədi. Kimsə namusuna sığışdırmadı ki, burda uşaq itib, yığım camaatı gedib axtarış edək. Namus sözü təkcə “yataq”dan ibarət deyil!

“Təcavüzlə mübarizədə insanların psixologiyasına təısir edə biləcək addımlar atılmalıdır!”

- Təcavüzün qarşısını almaq üçün ölkəmizdə nə kimi işlər görülür və ya görülə bilər?

- Hər zaman, hər yerdə təcavüzə məruz qalma halları var və olacaq da. Amma qarşısını almaq üçün nələr edirik? Söhbət budur. Bu dəqiqə QHT-lərin layihələri bundan ibarətdir: “Təcavüzlə bağlı maarifləndirmə”. Bunlar nə danışırlar?! Guya mən bilmirəm  ki, təcavüz etsəm, məni ağır cəza gözləyir? İnsanların psixologiyasına təsir edə biləcək addımlar atılmalıdır! Məktəb vaxtından maarifləndirilməlidir. Məsələn, mənim qızımın 13 yaşı var, hardan bilsin ki, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin qaynar xətti neçədir? Bəlkə mən bu uşağa işgəncə verirəm, bəlkə döyürəm, əzab verirəm? Hansı kitabda, hansı dəftərdə, məktəblərin dəhlizindəki lövhələrdə bu barədə nəsə yazılıb? Uşaq hüquqları haqda hansı məktəb ləvazimatında açıqlamalar var? Himn kimi hansı dəftər, gündəlikdə məlumat var? Yoxdur!

- Məktəblərdə psixoloqlar fəaliyyət göstərir axı... Əgər buna fəaliyyət demək mümkündürsə... Bəlkə onun səlahiyyətindədir bütün bunlar?

Orta statistik göstəriciyə görə, hər məktəbdə 2000-3000 şagird təhsil alır. Bir nəfər bu qədər uşağa xidmət edə bilməz. Psixoloqlara otaq verilmir. Rayonlarda məktəbin kitabxanalarında bir stul qoyulur ki, psixoloq gəlib otursun. Hansı keyfiyyət ola bilər? Sonra da psixoloqdan tələb edirlər ki, niyə filankəs özünü atdı? Gərək verilə ki, tələb oluna. Rəsm, ingilis dili, riyaziyyat...  psixologiya niyə fənn kimi qəbul edilmir? Mən uşağımın psixologiyasını kimdən soruşmalıyam?

- Hansı dövr uşaqların psixologiyası üçün təhlükəlidir?

Yeniyetməlik dövrü. Bu zaman uşaqların psixologiyasının partlayış dövrüdür. Cəmiyyət olaraq komitə yeniyetmələr üçün nə edir? Hə?! Gənclər və İdman nazirliyi var, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi var, QHT-lər var və s. Bu qədər büdcədən vəsait ayrılır. Nəticə hanı? QHT-lər məktəblərdə keyfiyyətsiz maarifləndirmə layihələri həyata keçirməkdən başqa heç nə bilmir. Bu mənim uşağıma lazım deyil! Uşaqların psixologiyalarına təsir etmək lazımdır. Layihəni düzüb-qoşurlar, hərə öz qazancını qoyur cibinə,  çıxıb gedirlər. Elə olmaz! Uçuruma gedirik. Bu gün yeniyetmələrin əlində qalıb valideynlər. Valideynlərdə də günah var, cəmiyyətdə də. Amma biz valideyn günahkardır deyib, çəkilməli deyilik. Qanunlar nə üçündür?  Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi nə üçündür? Valideyn özü uşağa hüququnu tanıtdırmayanda, bu komitələr öz vəzifə borclarını yerinə yetirməyə məcburdurlar! 

“Nikah zamanı psixoloqun rəyinə ehtiyac var”

- Nikah zamanı psixoloqun rəyinə ehtiyac varmı?

- Əlbəttə! Amma bu, nəzərdə tutulmayıb. Ona görə çox keçməmiş cütlük boşanır. Çox önəmlidir. Heç nəyə nəzarət yoxdur!

- Fərqanə xanım, belə başa düşdüm ki, psixoloqları yalnız bu kimi faciəvi hadisələr çıxandan-çıxana narahat edirlər...

- Bəli, təəssüf... Gözümə bilirsiniz nə durub? Ali məktəblərə qəbulla bağlı cavablar çıxır ha, bax o zaman düşünürəm ki, görəsən, neçə abituriyent intihar edəcək, neçəsinə yardım edəcəyik? Mən artıq utanıram intiharla bağlı müsahibələr, açıqlamalar verməkdən. Elə təəssürat yaranır ki, sanki əzbərləmişəm və tutuquşu kimi təkrarlayıram. Amma məsələ başqadır. Məsələ ondadır ki, hadisələr təkrarlanır. 

- Ümumiyyətlə, əvvəlki illərə nisbətən, getdikcə psixologiya elminə artıq tələbat çoxalır...  

Sovet vaxtında hökumətə lazım idi ki, cəmiyyəti sürü şəklndə idarə etsin. Çünki xalqlar çox idi, dini etiqadlar ayrı-ayrı idi, millət çox idi. Və bunu yalnız sürü psixologiyası qismində idarə etməkdən başqa çarə yox idi. Və sovet ittifaqı dağılandan sonra o çaxnaşma, o devrimdən sonra artıq biz də anladıq ki, bizə nə lazımdır. Beləcə, psixologiyanın inkişafı üçün tədris proqramları üzərində işlərə başlanıldı. Mən o psixologiya elmini seçəndə mənə gülürdülər. Hamı deyirdi ki, işsiz qalacaqsan.  Amma mən bu gün psixologiya elmindən əldə etdiyim maddi gəlirimlə dolanıram. Eyni zamanda da insanları müalicə edirəm. Çox təəssüf  ki, bu gün psixoloqlar arasında rəqabət yoxdur. Yaxşı olardı ki, Təhsil Nazirliyi QHT-lərlə bağlı bu qədər elanlar verir, ondansa ödənişsiz bir elan verərdi ki, psixoloqlar, mövzu gətirin. Bizləri məktəblərə göndərsinlər, seminarlarda iştirak edək. Qoyun işləyək dövlət üçün! Axı o bizi oxudub. Borcumuzu vətənə necə qaytaraq? Ancaq özüm üçün cörəkpulu qazanım, vəssalam? İmkan verin, biz cəmiyyət üçün nəsə edək. Eyni zamanda da psixoloqlar arasında rəqabət olacaq və bu rəqabət də inkişaf deməkdir. Qazanan dövlətimiz, cəmiyyətimiz olaaq.   

“Namus, qeyrəti atıblar qadının üzərinə, bu dəyərləri sıradan çıxarmağa çalışırlar”

-  Son vaxtlar psixoloqlara müraciət edənlər hansı yaş təbəqəsidir?

- Bu yaş təbəqəsi dalğa kimi gəlir. Qəbul vaxtı abituriyentlər, hərbi xidmətə çağırış zamanı əsgərliyə gedənlər, ən əsas 9-13 yaş arası uşaqlar gətirilir. Və onu da deyim ki, uşaqlarda psixoloji durum bəzən normal olur, onu yanımıza gətirənlərin durumu anormal olur.

- Xarici ölkələrdə bu cür durumlar tamamilə başqa tərzdə idarə edilir...

Xarici ölkələrin ailə dəyərləri məsələsi mənim üçün heç vaxt yüksək göstərici olmayıb. Düşünürəm ki, mənim öz mentalitet dəyərlərim var. Mentaliteti olmayan millət millət deyil. Prinsipi, şəxsiyyəti olmayan bir insan heç nədirsə, mənəvi dəyərləri, adətləri olmayan xalq da heç nədir. Bizim milli dəyərlərimiz çox güclüdür. Baxın, İpəkyoluna gəlib-keçən yüzlərlə xalq olub, amma biz əsrlərdir milli mənəvi dəyərlərimizi qoruyub saxlaya bilmişik. Amma namus, qeyrət anlayışını ancaq qadına yükləyən “əxlaqsızlar” bu dəyərlərimizi məhv etməyə çalışırlar. Mən indi açıqlayım: milli mənəvi dəyərlərimiz heç də qadınların üstündə olmayıb. Keçmişimizə boylanın. Natavan, Nəbinin Həcəri, Nigar, padşahlarımızın xanımları və s. Bir məsəl danışım, Topal Teymur xanımını yanında gətirib insanlara belə təqdim edib: “Mən Xanam, bu isə mənim Xanım“. “Xanım” sözü də məhz burdan yaranıb. Fikir verin, xanın xanı. Özünün baş tacı edib həyat yoldaşını, özünün xanı elan edib. Xanıma verilən dəyərə baxın! Bir bəy də öz xanımını belə təqdim edib, “mən bəyəm, bu da mənim bəyim”. Bizdə xanım başının örpəyini açmaqla iki ölkənin bir-birinə olan qanını dayandıra bilib. İndi də bəzi nüanslarda bu davam edir. Qadın gələndə kişilər ayağa qalxır, üzlərini çevirir, göz gözə gəlməməyə çalışırlar. Budur bizim tarixlərimizdən süzülüb gələn milli dəyərlərimiz! Xanıma olan hörmət! Lakin indi bəzi əxlaqsızlar  - hansı ki, namus, qeyrəti atıblar qadının üzərinə, bu dəyərləri sıradan çıxarmağa çalışırlar. Namus – şərəfsizlik, oğurluq, satqınlıq, rüşvətxorluq, alçaqlıq, arxadan zərbə vurmaq, dost-tanışa badalaq gəlmə.... bütün bunlar namussuzluq, qeyrətsilik sayılır. Amma yox, çoxları bu yükü daşıya bilmir axı, bu adın altından çıxmaq üçün nə ediblər? Namus-qeyrəti yalnız qadını ləkələməkdə görürlər. Çünki belə daha rahatdır, çünki belə olanda yükü olmur, adı çıxmır... Artıq oğruya, qadına şiddət edənə, rüşvətxora namussuz deyilmir. Bu söz atılıb zərif məxluqun üstünə. Köməksizdir axı... Niyə kişi bu qədər zəifdir ki, hər şeyi atır qadının üstünə? Qadın atanın da, qardaşın da, övladlarının da, ərinin də, bütün nəsil-kökünün də namusunu daşımalıdır? Niyə?! Bu qədərmi zəifsiniz, bu qədər cılızsınızmı ki, sizin yükünüzü qadın daşımalıdır? Niyə adını özün daşımırsan, qadın sənin adını daşımalıdır? Bəs sən nə üçünsən? Düzdür, bunu kişilərimiz qəbul etməyəcək, amma bir az dərindən düşünmək lazımdır. Əslində, dediklərim namus-qeyrət sözünü süniləşdirənlərə aiddir. Amma əsl Azərbacan kişisi nümunədir! Heç bir qadın ərinə görə namusunu saxlamır. Çünki o kişinin genetikasını damarlarında daşımır. Ata necədirsə, qızı da, oğlu da o cürdür. Mən Viyanada, Kiyevdə, Türkiyədə kurslarda olanda elə təlimlər keçəndə mən xalqımı daha çox sevib, milli dəyərlərimizə daha çox hörmət etməyə başladım. Biz möcüzəyik.

- Bu gün insanların psixologiyasına ən çox nə təsir edə bilir?

İnternet! Biri var əlimizə bir kitab alırıq və bilirik ki, bu kriminal mövzudandır, eyni ssenari üzrə oxuyacağıq. Və ya sevgidən bəhs edilib. Amma sosial şəbəkələrdə mövzu müxtəlif səpgidə olur. Eyni anda müxtəlif yöndə məlumatlar alırıq: sevinc, kədər, yas... Bütün bunlar bizdə qıcıq yaradır. Aqressivləşirik. Bu insanda iradə zəifliyi də əmələ gətirir. Hərə özü oturub düşünsün, 2-3 saatlıq internetdən uzaqlaşın. Görün necə əsəbi olursunuz. Çünki artıq ruh azadlığınız yoxdur, asılılıq var... Budur problem. Ana övladına çipsi vermir ki, ziyandır, amma telefonu verir uşağına ki, sussun. Budur problem! Budur dərdimiz...

Hazırladı: Könül Aypara