\
20 Aprel 2024 - Şənbə

“Futboldan səhnəyə keçəsi oldum...” - “Çukur”da rol alan azərbaycanlı Nihad - FOTOLAR

“Futboldan səhnəyə keçəsi oldum...” - “Çukur”da rol alan azərbaycanlı Nihad - FOTOLAR
9656baxış

Nihad Nəsrin Cavadzadəni tanımadığını söylədi

“Danışacaqlarım var” rubrikamızın bugünkü qonağı Türkiyənin məşhur seriallarında,  əsasən də “Çukur”da rol alan azərbaycanlı Nihad Ələsgərovdur.

- Nihad, türklərə o qədər çox bənzəyirsən ki, heç mən özüm də bilməzdim ki, bu rolun ifaçısı öz yerlimizdir – azərbaycanlımızdır...

- Hə, elə deyirlər. Əslən ağdamlıyam, 8 ildir Türkiyədə yaşayıram. Amma gəlib-gedirəm. Azərbaycansız qala bilmirəm

- Sırf yaradıcılıqla bağlı getmişdin Türkiyəyə?

Yox, sadəcə “Qarabağ” futbol komandasının kapitanı idim. 17 yaşında ikən “Beşiktaş”da oynamaq istədim, amma yaşım buna imkan vermədi.  Qayıtdım yenidən Azərbaycana, burda futbolda zədə aldım və beləliklə də futboldakı karyeram bitdi! Görürdüm ki, İstanbul məni çağırır. Sanki məni uğur gözləyirdi. O qədər can atırdım ki, işığa doğru. Bəli, hiss edirdim o işığı...

- Və...

Və yaxın dostlarım məni dəvət etdi Türkiyəyə...

- Beləcə, futboldan keçdin səhnəyə... bütün həyatın dəyişdi...

Uşaqlıqdan izləyirdim filmləri, diziləri. Düzü, o niyyətlə getməmişdim, heç ağlıma da gəlməzdi. Bəli, həyat tamamilə dəyişdi. Ailəm kimi olan dostlarımın restoranında Mahsun Kırmızıgül və digər tanınmış simalarla yaxından tanışlıq prosesi başlandı. Mematinin (Gürkan Uygun) dostu Mustafa Şaşla tanışlığım oldu. Şəkillərimi aldılar, çox keçməmiş təkliflər gəldi.

- Nihad, gəl etiraf edək ki, dediyin təkliflər əlbəttə ki, xarici görünüşə görə gəlib. Yəni şəkillərə baxıblar, sənin istedadından xəbərsiz olublar...

Bəli, elədir. Amma bu, orda problem olmur. Necə ki, səhnədən manikenləri görüb filmlərə dəvət edirlər. Çünki şirkət həmin adam üzərində işləyir.

- Araz Bulutla yaxın dostsan...

Qardaş kimiyik. Can-ciyərik. O, məni Zeynəb Kumralın yanına göndərdi, dərs almaq üçün. Beləcə, aktyorluq dərsləri almağa başladım. İlk işim “Türk işi dondurma” filmində çəkilmək olub. Amma serial kimi “Çukur”da  çəkilmişəm.

- Problem yaranmır? Ayrıseçkilik salmırlar ki?

Əksinə, Azərbaycana qarşı başqa bir hiss var orda, doğmalıq, qardaşlıq nümayiş etdirirlər.

- Bilirik ki, o mərtəbəyə kimi yüksəlmək çətin prosesdir. Sən bunu bacardın. İndi qalır qoruyub saxlamaq, eyni zamanda da növbəti mərtəbələri fəth etmək... Nə kimi planlar var?

26 yaşım var. Kənardan asan görünür, amma inanın Allaha, çox çətindir. Hər şey göründüyü kimi deyil. Çox ağır şərtlər altında işləməklə uğur qazanmaq olur. Mən də belə qazanmışam, necə deyərlər, dişimlə, dırnağımla. Bunu saxlamaq və siz dediyiniz kimi, daha yüksəkliklərə baş vurmaq üçün çapalayıram. 

- Bakıdakı prodakşınlardan təkliflər gəlməyib?

Tam olaraq yox, cüzi. Kənardan menecerimə nəsə deyiblər. Amma normal təklif alsam, razılaşaram. Hər iki dövlətə xeyir vermiş olaram. Nə xoş mənə. Mən Bakıya gələndə dostum Kamil Zeynallı ilə görüşdüm. Bilmirdim burda işlər nə vəziyyətdədir. O başa saldı hər şeyi. Dedi, yəni ordakı kimi deyil, məsləhət elə Türkiyədə qalıb yaratmaqdır. Amma paralel bir iş olsa, çox gözəl olar. Azərbaycanı çox özləyirəm. Yeməklərimizdən ötrü burnumun ucu göynəyir orda. Təsəvvür edirsiniz? Gəlib-gedən dost-tanışlardan xahiş edirəm ki, gələndə Azərbaycan mətbəxindən nəsə gətirin yeyim. Nənəm həmişə arxamca ağlayırdı ki, getmə. Amma ordakı uğurlarımdan sonra bura gəlirəm, nənəm deyir, qayıt geri (gülür...)

- Nəinki xarici görünüşün, hətta danışıq tərzin belə əsl türklərə bənzəyir...

Heç orda da inanmırlar ki, azərbaycanlıyam. Türk qrammatikasında dərs aldığım türklərin arasında belə birincilik qazanmışam. Orda aktyora ayaq barmağından tutmuş saçın ucuna kimi – hər şeyi öyrədəndən sonra səhnəyə yollayırlar.

- Nihad, serialın tamaşaçı yığması üçün daha nə edilir orda?

Mahnı! Əlbəttə ki, duyğu, ağrı, əsəb, gərginlik, sevgi, göz yaşı... bütün bunları yaradandan sonra tamaşaçıya çatdırmaq mahnının üzərinə düşür.

- Azərbaycanda hansı seriala baxmısan?

Vallah baxmamışam. Kamil göstərib, izləmişik bərabər. Amma çox səhv var... Fərq böyükdür.

- Evin var Türkiyədə?

Şəxsi yoxdur. Kirayədə qalıram.

- Bizimkilərdən kiminlə əlaqən var?

Məlahət Abbasova ilə. Çox təşəkkür edirəm ona! Mənə çox dəstək olur.

- Bəs Nəsrin Cavadzadə?

Onu tanımıram.

- Nəsrin Türkiyənin ən tanınmış azərbaycanlı aktrisasıdır. Sən də tanıyırsan...

Mənim tanışlığım yoxdur.

- Başa düşdüm. Yaxşı, subay oğlansan. Türk qızla evlənərsən, yoxsa ağdamlı?

(gülür...) Mənim çox pis xasiyyətim var. Çox qısqancam! Dəhşət! Aşırı dərəcədə. Əlbəttə ki, azərbaycanlı qızla evlənəcəyəm, nə olsun ki,özüm ağdamlıyam. Əsas azərbaycanlı xanım olsun. 

- Çox belə danışanlar olub ki, sonra xarici vətəndaşla belə ailə qurub.

- Qismət demirəm, qətiyyən deyirəm. O qədər qızla tanış olmuşam ki, sonradan qaçıblar məndən qısqanc xasiyyətimə görə.

- Adətən kimsə öndə gedəndə qohum-əqraba, dost-tanış onu bezdirir. Məsələn, filankəsə iş tap, filankəsə də yanında yer elə və s.

O qədər olub ki. Amma inandıra bilmirəm heç kimi ki, hər şey kənardan göründüyü qədər də asan deyil. Mən orda heç kiməm. Nə şirkətim var, nə evim var. Mən adi bir aktyoram. İnşallah ki, nəsə bir iş qursam, söz verirəm, bütün qohum-əqrabanı Türkiyəyə yerləşdirəcəyəm (gülür...)

Hazırladı: Könül Aypara