\
19 Aprel 2024 - Cümə

“Seçkilər fevralın 9-a təyin olunub, ondan əvvəl heç kim seçilə bilməz!” - Namizəd Tural Əliyev - FOTOLAR

“Seçkilər fevralın 9-a təyin olunub, ondan əvvəl heç kim seçilə bilməz!” - Namizəd Tural Əliyev - FOTOLAR
2811baxış

“Millət vəkili dövlət başçısı ilə xalq arasındakı vasitəçidir”

- Seçicilərinizə özünüzü necə təqdim edərdiniz?

- Əliyev Tural Heydər oğlu. 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşam. Valideynlərim 40 ildən çox Azərbaycan Dövlət Televiziyasında işləyiblər. Atam Əməkdar mədəniyyət işçisi - Heydər Zeynaloğlu Azərbaycan dövlət radiosunda 25 il “Xəbərlər” redaksiyasının Baş redaktoru olub, anam televiziyanın proqram şöbəsində işləyib.

Nizami rayonunda 210 saylı orta məktəbi bitirmişəm, ali təhsilliyəm. 2001-2002-ci illərdə DSX-nin Zaqatala sərhəd dəstəsində hərbi xidmətdə olmuşam. 2003-ci ildən etibarən Azərbaycan Dövlət televiziyasında işə başlamışam. Rus dilində “Xəbərlər”in aparıcısı olmuşam. Dövlət başçımızın 20-dən çox xarici və ölkədaxili səfərlərini işıqlandırmışam. “Space” TV-də və 107.7 AVTO FM-də çalışmışam. Radioda 3 sosial yönümlü layihələrin aparıcısı olmuşam. Hal-hazırda “CBC” TV-nin xüsusi layihələr departamentində də işləyirəm. Bir çox sənədli filmin müəllifi və aparıcısıyam. Ailəliyəm, iki övladım var.

- Platformanız nədən ibarətdir?

- Əsasən sosial yönümlü xarakter daşıyır. İlk növbədə təqaüdçülərin pensiyalarını hiss olunacaq dərəcədə artırmaq, uşaq pulunu bərpa etmək, gənclərimizin dövlət təhsil ocaqlarında ödənişsiz təhsil almaqlarına nail olmaq, kimsəsiz uşaqların 17-18 yaşından sonra taleyinə biganə qalmamaq, onlara hərtərəfli dəstək olmaq, səhiyyə sistemində mövcud olan ciddi problemləri dərhal həll etmək, illərdir kirayələrdə yaşayan vətəndaşlara güzəştli kredit şərtləri ilə evlə təmin etməkdir. Hazırda bununla bağlı təklif olunan “güzəştli kredit”şərtləri vəziyyətdən çıxış yolu deyil. Biz bütün sadaladığım problemləri həll etmək iqtidarındayıq. Buna bizim iqtisadi gücümü çatır. Ən problemli məsələlərdən biri uşaq pulunun bərpası ilə bağlıdır. Burada biz bir çox ölkələrin, o cümlədən Rusiya modelindən istifadə edə bilərik. Misal üçün, dövlət 18 yaşına qədər hər bir uşağın hesabına 100-150 manat pul yatırır, əl vurmamaq şərtilə. 18 yaşında isə hər bir gəncin hesabında ən azı 20-30 min pul vəsaiti olacaq. O bu vəsaitlə xaricdə təhsil də ala bilər, özünün kiçik biznesini də qurmaq imkanına sahib olacaq. O ki qaldı təqaüdçülərin məsələsinə. Təqaüd yaşını 60 yaşa endirmək lazımdır. Heç kəsə sirr deyil ki, insan ömrü qısalıb. Allah verən ömrü normal və ləyaqətli şəkildə başa vurmaq üçün pensiyalar 20-30 faiz yox, 2, hətta yeri gəlsə, 3 dəfə artırmaq lazımdır. Bundan başqa, bizim yaşlı nəsil ictimai nəqliyyatdan pulsuz istifadə etməlidir.

- Rəqibləriniz haqqında məlumatınız varmı? Kimi güclü hesab edirsiniz?

- Fürsətdən istifadə edib hər birinə uğurlar arzulayıram. Əsas 3 rəqibim var ki, mən onları həqiqətən də özümə rəqib görürəm: Günel Eyvazlı, Müşfiq Məmmədov və Hacı Salayev. Çox istəyərdim ki, onlardan biri ilə hansısa internet TV-də debatlara qoşulum. Görək Sumqayıt-Xızı camaatına nə vəd edirlər. Bizim dairədən olan namizədlərdən hələ eşitməmişəm, amma bir çox namizədlərin platmormalarında çox absurd təkliflərə şahid oluram. Məsələn: kimisi asfalt, kimisi bloklara dəmir qapı, kimisi qaz... Doğrudur, bu kimi problemlər bölgələrimizdə, elə şəhərimizin bir çox rayonlarında mövcuddur. Amma bunlar millət vəkilinin üzərinə düşən vəzifələr deyil. Millət vəkili dövlət başçısı ilə xalq arasındakı vasitəçidir. Yəni mövcud problemləri Milli Məclisdə qabardır və bu istiqamətdə təxirəsalınmaz addımların atılmasında yaxından iştrak edir.

- Seçicilərinizlə görüşlər keçirmisinizmi?

- Xeyr, hələ ki yox. Qarşıda bir həftə gərgin iş qrafikimiz var. Hal-hazırda digər namizədlər qoy öz işlərini aparsınlar. Düşünürəm ki, seçki marafonunda axırıncı görüşləri mən keçirdim. Vətəndaşlar bütün namizədləri dinləsin və son sözü, son nöqtəni bu məsələdə seçiçilərim qoysun.

- VI seçki kampaniyasında bir-birinə kələk gəlib, “badalaq” vuran rəqib namizədlər də var. Qarşınıza beləsi çıxıbmı ki, işlərinizə mane olmağa çalışsın?

- Xeyr. Bizim seçki dairəmizdə hamısı intellektual səviyyəli rəqiblərdir. Açıq mübarizə gedir. Sumqayıt və H.Zeynalabdin Tağıyev qəsəbəsində vəziyyət yaxşıdır. Amma Xızı rayonunda artıq bəzi məqamlar var ki, bir jurnalist kimi məni qane etmir. Bu, ilkin təəssüratlarımdır. Təsdiqlənsə, bununla bağlı cənab prezidentə məktub yazacağam. Hesabat xarakterli. Prezident dəfələrlə vurğulayıb ki, jurnalistlər mənim köməkçilərimdir. Mən də jurnalist kimi özümə borc bilirəm ki, neqativ halların qarşısını alım və bu barədə dövlətimizin başçısına məruzə edim.

- Demək ki, qarşılaşmısınız...

- Bəli, aşağı səviyyədə də olsa, qarşılaşmışam. Məsələn, bəzi adamlar vətəndaşlar arasında söz-söhbətlər yayırlar ki, artıq bu ərazidən seçilən var, digər namizədlər boş yerə özlərini yormasınlar. Amma biz hüquqi dövlətdə yaşayırıq. Və seçkilər də fevralın 9-a təyin olunub, ondan əvvəl heç kim seçilə bilməz! Kimdirsə özünü artıq hazırlayıb...

- Həmin 3 rəqibdən biridirmi?

- Bəli. Hesabatda yəqin ki, adını açıqlayacağam.

- Tural müəllim, seçicilər niyə sizə inanmalıdrlar?

- Mən xalqın içindən olan birisiyəm. Parlamentdə boş-boşuna oturmağa getmirəm, sadə vətəndaşın sosial problemlərini həll etməyə gedirəm.

- Vədlər çoxdur..

- Bəli. Amma gücün çatdığın şeyi vəd etməlisən. Yəni səlahiyyətlərin çərçivəsində. Təəsüflər olsun ki, bizim əksər namizədlərimiz deputanın səlahiyyətləri haqda zərrə qədər məlumatı yoxdur. Əgər seçici məktubla müraciət edirsə və qurumlar insanların problemlərini həll etmirsə, artıq mən bir millət vəkili kimi müdaxilə etməliyəm, onların hüquqlarını müdafiə etməliyəm. Hər hansı bir namizəd desə ki, mən asfalt çəkəcəyəm, bu, absurddur! Belə bir şey yoxdur. Bunlar onun səlahiyyətinə aid olan bir şey deyil. Bunun üçün kifayət qədər qurumlarımız var. Biz cənab prezidentə daha vacib məsələlərdə köməklik etməliyik. Bu gün Azərbaycanda bütün işləri Cənab Prezident və birinci-vitse prezident görür. Nazirliklər, komitələr səssiz kənardan izləyirlər. Təsəvvür edin, Azərbaycanda bir ay ərzində cənab prezident heç bir iş görməsin, heç bir sahəyə nəzarət etməsin, heç bir layihənin təşəbbüskarı olmasın, eləcə də birinci vitse prezident Mehriban xanım və Heydər Əliyev Fondu heç bir iş görməsin, iş nə yerə çatar! Adi ağacəkmə kampaniyası keçirilir hər kəs bu gözəl təşəbbüsə qoşulur. Bəs bu kampaniyaları gözləmədən icra başçıları ağac əkə bilməz? Çox çətin bir işdir? İnsan ona tapşırılan əraziyə, rəhbərlik etdiyi rayonuna sahib çıxmalıdır.

- Ötən illər ərzində özünüz hansısa bir millət vəkilinə vətəndaş kimi müraciət edib, xidmətindən yararlanmısınızmı?

- Heç bir müraciətim olmayıb. Mən millət vəkillərinin bir neçəsi ilə “jurnalist-millət vəkili” kimi münasibətim olub. Fürsətdən istifadə edib Eldar İbrahimova, Ziyad Səmədzadəyə, Ziyafət Əsgərova, Səməd Seyidova, Əli Hüseynliyə, Adil Əliyevə, Aydın Mirzəzadəyə öz təşəkkürümü bildirirəm. Azərbaycan Parlamentində iş görən millət vəkilləri barmaq sayılası qədərdir.

- Öz dairənizdən olan hansı namizədə səs verməyi planlaşdırmısınız?

- Mən Yasamal rayonunda qeydiyyatdayam. Hələ düşünürəm. Orda da kifayət qədər güclü namizədlər var. Bu çağırış namizədlərlə bol olan bir çağırışdır. Hər birindən xahişim odur ki, sağlam rəqabət aparsınlar.

- Ötən il parlamentdə də, elə güc strukturlarında da güclü dəyişikliklər baş verdi. Özünüz üçün nəsə bir nəticə çıxartdınızmı?

- Cənab prezidentin vurğuladığı kimi: “Qanun hər şeydən alidir!” Qeyri-qanuni iş görənlərə elə gəlir ki, cəzasız qalacaqlar. Amma yanılırlar. Yeni islahatlar bir daha göstərdi ki, cəzasız heç kəs qalmayacaq. Hələ ki vaxt var məmurlar, qurum rəhbərləri xalqın içinə tez-tez çıxsınlar, onların problemləri ilə yaxından tanış olub onları həll etsinlər. Xalqla nə qədər birlikdə olsalar, o qədər yaxşı olar.

- Bütün narazılığınız icra başçılarına tərəf yönəlir...

- Təbii ki, tənqidlərim hamıya şamil olunmur. İcra başçıları arasında işini mükəmməl icra edənlər də var. Mənim fikrim belədir. Əgər yerlərdə cüzi də olsa narazılıq varsa, buna birbaşa icra başçısı cavabdeh olmalıdır. Bu mənim subyektiv fikrimdir. Millət vəkilləri isə rayonda baş verən narazılığın səbəblərini araşdırıb, həllinə çalışmalıdır. İnsanları dövlətdən incik salan, hakimiyyətdən küsdürən məmurları tarixin arxivinə göndərməyin vaxtı çatıb.

- Sizə uğurlar!

- Təşəkkür edirəm. 

Hazırladı: Könül Aypara