\
11 Iyul 2020 - Şənbə

“Yalanlara söykənən platformam yoxdur” - Nəsimi Paşayev

“Yalanlara söykənən platformam yoxdur” - Nəsimi Paşayev
1893baxış

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevin müsahibəsi:

 

-Nəsimi müəllim, xoş gördük. Əvvəla, Sizi tanıyardıq. Nəsimi Paşayev kimdir?

 

- Mən - Paşayev Nəsimi Məzahir oğlu 1975-ci ilə Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam. İlk təhsilimi də həmin kənddə - SSRİ-nin ən məşhur məktəblərindən olan Xaldan kənd orta məktəbində almışam. 1992-ci ildə orta məktəbini bitirdikdən sonra ilk dəfə keçirilən test imtahanları nəticəsində Türkiyənin Ankara Universitetinə qəbul olunmuşam. Orda radio-televiziya və kino ixtisasını bitirmişəm, təhsilimi başa vurduqdan sonra ölkəyə qayıdıb hərbi xidmətimi keçmişəm, ondan sonra Bakıda bir sıra KİV-lərdə çalışmışam. 2004-cü ildən etibarən isə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərirəm. Əvvəlcə “Bakıelektrikşəbəkə”də, 2014-cü ildən etibarən isə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışmışam. 2018-ci ildən etibarən isə “Huner Group”un Piar və marketinq departamentinin direktoru olaraq fəaliyyət göstərirəm. Eyni zamanda özüm müstəqil olaraq piar işləri ilə məşğul oluram. Gənclərə, bu işə həvəsi olan insanlara piar təlimləri keçirəm.

 

- Nəsimi müəllim, Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyinizi irəli sürmək fikri necə yarandı və nə üçün deputat olmaq istəyirsiniz?

 

- Bilirsiniz ki, 2019-cu ilin sonlarında parlament özünü buraxdı və ölkə Prezidenti yeni parlament seçkilərinin keçirilməsinə dair sərəncam imzaladı. Təxminən 15-ə ilə yaxın mən də müxtəlif qurumlarda işləmişəm. Ölkədə aparılan islahatlar məndə belə düşüncə yaratdı ki, artıq zamandır, millət vəkilliyi uğrunda mübarizəyə mən də qoşulum. Əvvəllər belə bir fikrim olmayıb. Sadəcə bu dəfə özümü buna hazır gördüm. Ölkədə aparılan yeniləşmə, gəncləşmə, cənab Prezidentin bu istiqamətdə verdiyi açıqlamalar məndə bir həvəs yaratdı ki, mən də özümü bu istiqamətdə sınayım. Digər tərəfdən, 1992-ci ildə biz orta məktəbi bitirəndə ölkədə həm də müharibə şəraiti idi, əli silah tutan hər kəs cəbhə bölgəsinə gedirdi. Bizim yaşımız artıq əl verirdi ki, cəbhə bölgəsinə gedək, savaşaq. Amma o vaxt belə bir qərar verildi, Türkiyə Respublikasına tələbə qəbulu elan olundu. Belə fikir var idi ki, bizə əli silah tutan oğullarla yanaşı, əli qələm tutan, bilikli, savadlı insanlar da lazımdır. Biz Türkiyəyə ona görə oxumağa getdik ki, yüksək təhsil alıb yenicə müstəqilliyini qazanan Azərbaycana geri dönək və ölkəyə xidmət edək. Bu illər ərzində Azərbaycan dövlətindən ayrılan vəsaitlə Türkiyədə oxumuşam, kifayət qədər mənə vəsait xərclənib. Və mən öz borcumu vermək üçün Azərbaycana qayıtmışam. Hərbi xidmətimi başa vurduqdan sonra da çalışmağa başlamışam. Və mən özümdə bir borc hesab edirəm ki, millət vəkili olaraq da Vətənə, millətə öz xidmətlərimi göstərim. Millət vəkili seçildiyim təqdirdə də bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam.    

 

- Nə üçün namizədliyinizi yaşadığınız Bakı şəhərindən deyil, 49 saylı Yevlax- Mingəçevir dairəsindən verdiniz?

 

- Çünki mən Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam, ilk təhsilimi burda almışam, oralar mənim üçün daha doğmadır. Bütün qohum-əqrabalarım, uşaqlıq dostlarım orda yaşayır. Təkcə Xaldan kəndi deyil, qonşu kəndlər, eyni zamanda Mingəçevir şəhəri mənə çox doğmadı. Uşaqlığım və gəncliyim həmin bölgədə keçib. Düşündüm ki, mən insanlarımıza faydalı olmaq istəyirəmsə,  birinci növbədə öz yaşadığım yerdən başlamalıyam. Təbii ki, biz Azərbaycanımızın gözəl gələcəyi üçün çalışırıq. Amma təbii ki, ortada bir reallıq var. Bakı şəhərindən daha çətin seçiləcəyimi düşündüm. Yevlax-Mingəçevir dairəsindən bu prosesinin mənim üçün daha rahat olacağını düşündüyüm üçün namizədliyimi bu dairədən verdim. Belə bir sloqanım var: “Bu dəfə özümüzdən biri olsun”. Mən özümü onlardan biri hesab edirəm. Ona görə belə qərara gəldim ki, namizədliyimi həmin dairədən verim.

 

- Azərbaycanda aparılan islahatları necə qiymətləndirirsiniz?

 

- Çox təəssüf ki, Azərbaycanda islahat deyəndə insanların ağlına ilk növbədə kadr islahatları gəlir. Amma islahat ümumilikdə götürəndə geniş məfhumdur. Azərbaycanda uzun illərdir islahat aparılır. İstər sosial, istərsə də iqtisadi islahatları biz neçə illərdir görürük. Azərbaycanda iqtisadi islahatlar nəticəsində regionlarda yeni iş yerləri, istehsal müəssisələri, texnoloji parklar açılıb. Sosial islahatlar çərçivəsində pensiya təyinatının, əlillik təyinatının elektronlaşması, “bir pəncərə” sisteminin tətbiqi həyata keçirilib. Xidmət sektorunda “ASAN xidmət”in yaradılması artıq böyük bir islahat demək idi. İnsanlar “ASAN xidmət”dən çox razıdırlar. “DOST xidməti” də islahatların çox gözəl bir nümunəsidir. Bunlarla paralel kadr islahatları da aparılır və biz son vaxtlar bunun şahidi oluruq. İslahatlar mərhələsi nəhayət parlamentə də gəlib çatdı. Xüsusilə yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə təmsil olunan nümayəndələri cənab Prezidentə müraciət etdilər ki, bizi sizin apardığınız islahatlarla tam ayaqlaşa bilmirik, gəncləşmə, dinamikləşmə lazımdır, ona görə xahiş edirik ki, parlamenti buraxasınız. Cənab Prezidentin sərəncamı ilə parlament buraxıldı və yeni seçkilərin təyin olunması ilə əlaqədar sərəncam verildi. Bu yaxınlarda Davosda cənab Prezidentin KİV-lərə belə bir açıqlaması var idi: “Keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra islahatların növbəti dalğası başlayacaq”.

 

- Bu seçkilərin əvvəlki seçkilərdən fərqini nədə görürsünüz?

 

Mən keçmişə baxmağı o qədər də xoşlamıram . Amma müəyyən dərslər götürmək mənasında keçmişə baxmaq mütləq lazımdır. Keçmişini bilməyən gələcəyini bilməz. Əvvəlki parlament seçkilərində şəxsən mən o qədər də ümidli deyildim. Amma indi istər Prezident, istərsə də MSK rəhbərliyi açıq şəkildə şəffaf seçki keçiriləcəyinə əminlik ifadə edirlər. Əvvəlki seçkilərdə bir çox neqativ hallarla qarşılaşmışıq. Hətta bəzi dairələrdə, məntəqələrdə seçkinin nəticələri ləğv olunub. Bu dəfə isə proseslər tamam fərqlidir. Ən azından təbliğat-təşviqat mərhələsində biz bunun şahidi oluruq. Əvvəlki müdaxilələr yoxdur, bu da insanlarda ümid yaradır. Buna görə də tam əminlikdə deyə bilirik ki, bu parlament seçkilərində xalqın iradəsi öz əksini tapacaq.

 

- Seçki prosesində MSK-nın, aşağı seçki komissiyalarının, yerli icra hakimiyyəti qurumlarının fəaliyyəti sizi qane edirmi?

 

- Açığı, qane eləyir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyası başlayıb. Bu müddət ərzində rəsmi şəxslər tərəfindən hər hansı maneə ilə rastlaşmamışam. Etiraf edim ki, aşağı səviyyədə özfəaliyyətlər var. İnsanların özlərini kiməsə göstərmələrindən və ya kimdənsə qorxmalarından dolayı bəzi xırda nüanslar var. Təbii ki, biz bunu ciddi qanun pozuntusu və ya süni maneə kimi hesab eləmirik. Misal çəkə bilərəm, hər hansı məktəbin direktoru biz görüşə getdiyimiz zaman müəllimlərə bizim görüşümüzə getməməyi tövsiyə edib. Böyük ehtimal, bu da əvvəldən qalma alışqanlıqdandır. Sonra ona hansısa söz deyiləcəyindən, qorxudan bu yola baş vurur. Təbii ki, onunla görüşlərdə də açıq şəkildə bildiririk ki, ölkə başçısı səviyyəsində seçkilərə hər hansı müdaxilənin edilməməsi tapşırığı verilib, hər bir şəxs seçkidə sərbəst iştirak etmək hüququna malikdir, bu hüquq onlara Konstitusiya ilə verilib.  İnsanlar müstəqil şəkildə gedib istədikləri namizədə səs verə bilərlər.

 

- Nəsimi müəllim, təbliğat-təşviqat işləri davam etdirilir. Siz də öz seçicilərinizlə görüşürsünüz. İnsanların seçki ilə bağlı qənaətləri necədir?

 

- Açığı, insanlar əvvəlkinə nisbətən bir az ümidlidir. Dövlət başçısının və rəhbər şəxslərin verdiyi açıqlamalar ruh yüksəkliyi yaradıb. Əvvəlki seçkilərdə insanların ümidi, seçki aktivliyi çox az idi. Xüsusilə mənim seçki dairəmdə kəndlər üstünlük təşkil eləyir. Bu kəndlərdə seçkiyə maraq çox deyil. İnsanlarda inamsızlıq var. Çalışıram onların seçkiyə inamını maksimum qaldırım. Seçicilərlə görüşdə ilk növbədə bunu xahiş edirəm: “Kimə səs verməyinizdən asılı olmayaraq fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüququnuzdan istifadə eləyin. 15-20 dəqiqənizi ayırıb seçki məntəqəsinə gedin, öz seçdiyiniz namizədə səs verin. Pərdənin arxasında sizi heç kim görmür. Heç kimdən qorxmağa dəyməz. Bu seçkilər tamamilə müstəqil və şəffaf keçiriləcək”. Təbii ki, yerlərdə seçicilərlə bu görüşlər və xüsusilə cənab Prezidentin bu istiqamətdə çıxışlarından sonra bir ruh yüksəkliyi yaranıb. Eyni zamanda mən yerli camaatdan, yəni onlardan biri olduğum üçün insanlar Nəsimi Paşayev üçün seçkilərə getməyə hazır olduqlarını, bu dəfə daha çox aktivlik nümayiş etdirəcəklərini bildirirlər.

 

- Nəsimi müəllim, seçki platformanızda nələr var, seçicilərinizə nə vəd edirsiniz?

 

- Əslində çox maraqlıdır. Mənim seçki platformamda başqa namizədlər kimi vədlər yoxdur. Mən seçicilərimə ancaq səmimiyyət, dürüstlük vəd edirəm. Mən öz funksiyamı, səlahiyyətimi çox gözəl dərk eləyirəm və insanlara yalandan heç bir vəd vermirəm. Yalanlara söykənən platformam yoxdur. İnsanlara demirəm ki, mən sizə yol çəkəcəm, mən sizə iş yeri açacam, sizə hansısa güzəştlər etdirəcəm. Artıq insanlar buna inanmır. Mən insanlara sadəcə bir şey vəd eləyirəm. Var gücümlə bizim bölgənin seçicilərinin hüquqlarını tam qoruyacağıma söz verirəm, onların hər birinin dərdləri, qayğıları ilə maraqlanacaq, həmişə onların yanında, onlar üçün əlçatan olacağam. Dövlət büdcəsindən kifayət qədər investisiya ayrılır, insanların çox sadə problemləri var. Bəzi yerlərdə qaz, bəzi yerlərdə su problemi var. Dövlət büdcəsindən bu sahələrə kifayət qədər vəsait ayrılır. Eyni zamanda hər ay Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. Seçicilərimə söz verirəm ki, bu vəsaitlərin yerlərdə məqsədinə uyğun xərclənməsinə nəzarət edəcəyəm. Ölkə Prezidenti dəfələrlə yerli məmurlara insanları incitməməyi tapşırır. Cənab prezidentin bir fikri də var ki, “mən bu seçkilərdən sonra elə millət vəkili görmək istəyirəm ki, xalqla bizim aramızda körpü olsun”. Mən məhz həmin çağırışla həmin millət vəkili olmaq istəyirəm. Mən şəxsən seçicilərimi əmin edirəm ki, məmurlar onların haqlarını tapdalaya, onlar üçün ayrılan vəsaitlərə yan gözlə baxa bilməyəcəklər. Mənim insanlara vədlərim bundan ibarətdir.