\
19 Mart 2024 - Çərşənbə axşamı

Düşmən ağır itkilər verir və döyüş meydanından qaçır

Düşmən ağır itkilər verir və döyüş meydanından qaçır
1818baxış

Müdafiə Nazirliyi ordumuzun dünən gün ərzində və bu gün səhər saatlarına qədər cəbhədə apardığı döyüş əməliyyatlarının gedişinə dair operativ məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.


Eyni zamanda məlum olub ki, bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.


5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.
İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub. Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub.