\
19 Aprel 2024 - Cümə

Vətən Müharibəsindən sonra iş tapmayan qazi - “Ən yaxşısı yenidən hərbiyə qayıtmaqdır!” - FOTOLAR

Vətən Müharibəsindən sonra iş tapmayan qazi - “Ən yaxşısı yenidən hərbiyə qayıtmaqdır!” - FOTOLAR
1873baxış

44 gün davam edən Vətən Müharibəsi BÖYÜK QƏLƏBƏMİZLƏ başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

 

... Sosial şəbəkələrdə “Araz” marketə iş üçün müraciət edən, lakin müraciətinə baxılmayan bir qazi ilə bağlı xəbər oxudum. Xeyli araşdırmadan sonra həmin qazi ilə əlaqə saxlamağa müvəffəq oldum. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində gedən Vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Kənan  Ələkbərzadə...

- Döyüşə getməmişdən əvvəl maşın ustası işləyirdim. Qarabağda gedən döyüşlərdə iştirak etmək, bu vətənim üçün nəsə etmək ən böyük arzum olduğundan İkinci Vətən Müharibəsi zamanı könüllü yazılanlardan biri də mən oldum. Oktyabrın 8-də bizi apardılar. Cəbrayıl-Füzuli istiqamətində gedən müharibənin iştirakçısı oldum. Yaralandım, ayağımda qəlpələr var hələ də. Müalicəm davam etdirilir sinirlərimə görə. 17 nəfər getdik, 16 nəfər şikəst halda qayıtdıq. Ancaq fəxr edirəm. Bu Vətən üçün doğulmuşuq!

- Kənan, sosial şəbəkə istifadəçiləri haqqında paylaşımlar etməkdədirlər. “Araz” marketə iş üçün müraciət etmisən, amma rədd cavabı almısan.

Müraciət etdim, bəli, dedilər ki, sənin hərbi biletində “17 D” yazılıb. Ona görə də biz sənə heç bir iş verə bilmərik

- Əvvəl hardasa işləmisən?

Sumqayıtdakı “Sun market”də.  Amma sonra da mühafizə işləmişəm. 

- Ağır döyüşlərdə göstərdiyin şücaətə görə hər hansı bir medalla təltif olunmusanmı?

Xeyr, hələ almamışam... Müraciət etmişəm amma. İnşallah ki, yadlarına düşərəm.

- Kənan, yenidən müharibəyə çağırış olsa, o cür əzab-əziyyətlərə qatılmaq istərdinmi?

- Mənə demişdilər ki, getmə, onsuz da qədir-qiymət verən yoxdur. Ancaq mən qədir-qiymət verilsin deyə, könüllü yazılmamışdım. Yenə də gedərəm! Niyə də yox? Təki Vətən səsləsin məni! Nə qədər ki, biz varıq, qoymarıq torpağımıın bir ovucu yenidən yadların əlinə keçsin. Sözün açığı, mən hərbçi olmaq üçün çabalayıram. Komandirim də məsləhət görmüşdü ki, qalım. Amma sözünə qulaq asmadığıma görə peşmanam. Hərbçi olmaq istəyirəm. Burda iş-güc axtarmağa ayırdığım vaxtı, Vətənin kişiyinə həsr edərəm. Bilərəm ki, azca da olsa, xeyirim dəydi. 

Belə... 

Vətən uğrunda canını, qanını ortaya qoyan əsgərlərimiz hər zaman dövlətlə yanaşı xalqın da himayəsində olmalı, xüsusi qayğı hiss etməlidirlər.  İstər şəhid və şəhid ailələrinə, istərsə də qazilərimizə hörmət və ehtiramla yanaşmaq, həssas münasibət göstərmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin unutmayaq, məhz tarix yazanların sayəsində dünyaya heç bir xəcaləti olmadan baxan açıq gözlü Azərbaycanıq! Biz birlikdə güclüyük axı! 

P.S. Məsələ ilə bağlı “Araz” marketlər şəbəkəsinin nümayəndəsi Billurə Əmirova ilə əlaqə saxladıq.

“Həmin vətəndaş insan resurslarına müraciət etmədiyinə görə yanlış anlaşılma olub və  düzgün məlumatlandırılmayb.  Şəxsin özü ilə əlaqə saxlanılıb, sabah namizədlə  müsahibə keçiriləcək və kriteriyalar uyğun gələrsə, müvafiq işlə bağlı dəstək olunacaq”, - deyə bildirdi.

Hazırladı: Könül Aypara